_(1)_(1).jpg)
"Fransa və Azərbaycan-Ermənistan normallaşmasında vasitəçilik iddialarından heç vaxt əl çəkməyib. Son illərdə Fransa bu məsələdə müəyyən mənada öz uğursuzluğunu anlayaraq arxa planda görünməyə başlasa da, bu, sadəcə illüziya idi. Fransa Milli Assambleyasının son günlərdə qəbul etdiyi qətnamə bir daha sübut etdi ki, Fransa vasitəçilik adı altında Azərbaycan-Ermənistan normallaşma prosesində birtərəfli və qərəzli müdaxilə siyasətindən əl çəkməyib və bölgəyə təsir göstərmək cəhdlərini davam etdirir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Fürsət düşdükcə bu planlarını həyata keçirməyə çalışır. Xüsusilə də Assambleyanın son qətnaməsində Azərbaycana qarşı nümayiş etdirilən açıq qərəz bunu bir daha təsdiqləyir. Həmin sənəddə Fransa mediasında Azərbaycana qarşı tez-tez təkrarlanan və təhrif olunmuş tezislərin yenidən səsləndirilməsi göstərir ki, bu sənəd əslində Fransa Prezidenti Emmanuel Makronun administrasiyasının birbaşa iştirakı ilə hazırlanıb. Qətnamə Fransanın son 30 ildə Azərbaycana qarşı apardığı açıq və gizli fəaliyyətlərin, daxili işlərə müdaxilə və Ermənistanı birtərəfli qaydada dəstəkləmək siyasətinin bariz ifadəsidir.
Qətnamənin əsas məqamlarından biri də separatizmin açıq şəkildə dəstəklənməsidir. Bu, Ermənistanın guya "sülh siyasəti" adı altında bölgədə yeni qarşıdurmalara zəmin yaratmaq siyasətinə dolayı dəstək verməkdən başqa bir şey deyil. Ermənistan hazırkı mərhələdə sülh prosesində heç bir təşəbbüskarlıq göstərmədiyi halda, Fransa Milli Assambleyasının Ermənistanın guya sülh prosesindəki rolunu təqdir etməsi olduqca düşündürücüdür.
Bundan əlavə, "qondarma Dağlıq Qarabağ" mövzusunun yenidən qabardılması Fransanın köhnə niyyətlərindən və planlarından əl çəkmədiyini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Fransa nəinki Azərbaycan-Ermənistan normallaşmasında iştirak haqqını itirib, həm də ümumilikdə bölgədəki proseslərə obyektiv müdaxilə etmək imkanını tamamilə itirmişdir. Artıq heç kim illüziyalara qapılmamalıdır: Fransa bu bölgədə aparılan danışıqlara müsbət və konstruktiv töhfə verə biləcək bir tərəf deyil. Çünki onun siyasəti Ermənistanın birtərəfli dəstəklənməsi üzərində qurulub.
Qəbul edilən qətnamənin adı da bunu açıq şəkildə göstərir: "Ermənistanın sülh prosesində dəstəklənməsi və mövqelərinin gücləndirilməsi üçün ümumavropa səviyyəsində bəyanatın hazırlanması". Belə bir ad altında təqdim olunan sənədin özü Fransa dövlətinin Azərbaycan-Ermənistan normallaşmasında neytral vasitəçi statusuna bir dəfəlik və tamamilə əlvida dediyini sübut edir.
Fransanın bu prosesə yenidən daxil edilməsinə cəhd göstərilməsi isə Ermənistanın sülh prosesindən uzaqlaşmaq niyyətindən xəbər verir. Əgər Fransa həqiqətən tərəfsiz vasitəçilik missiyası həyata keçirsəydi, Ermənistanın destruktiv mövqeyini başa düşüb, bu siyasətə qarşı çıxardı. Lakin Ermənistan, Fransanın bu bölgəyə qeyri-obyektiv yanaşmalarla müdaxilə etdiyini açıq şəkildə bildiyi halda, onu yenidən bu prosesə qaytarmağa çalışırsa, demək ki, onun məqsədi sülhə deyil, gərginliyin davam etməsinə xidmət edir.
Bu səbəbdən də Fransanın vasitəçilik səyləri perspektivsiz və mənasız cəhdlərdir."
İbrahim Məmmədli