AZ

Voyçex Şesnı: “Hansi Flikin futbolu mənlik deyil”

“Barselona”nın 35 yaşlı polyak qapıçısı Voyçex Şesnı 60 yaşlı alman mütəxəssis Hans-Diter Flikin futbolu haqda qənaətini açıqlayıb.

Arena.az “Sky Sport Germany” dərgisinin “Foot Truck” “YouTybe” kanalına istinadı əsasında məlumat verir ki, Şesnı Hansi Flikin aşıladığı hücum futbolunun ona müvafiq olmadığını bildirib:

“Bu, mənim futbolum deyil. Ötən mövsüm “Barselona”nın etdiyi – əladır. Bu, azarkeşlər üçün çox yaxşı görünür. Amma bu, mənim futbolum deyil, hətta uğur belə, mənim üstünlük verdiyim üsluba baxışımı dəyişmir.

Komanda oyunda təhlükəni bəzən hiss edə bilər və 90 dəqiqə ərzində həmişə eyni üslubda oynamaya bilərdi. Amma artıq, dediyim kimi, bu, ciddi tənqid üçün hədəf olmamalıdır. Bu, ancaq mənim fikrimdir. Mən qapıçıyam. Əgər biz 4:0 hesabı ilə öndəyiksə, oyunçular isə hər şeyi unudaraq hesabı 5:0-a çatdırmağa fədakarcasına aludə olurlarsa, o halda bu, mənə xoş gəlmir. Qapıçı da “quru” oyun oynamaq istəyir. Amma uşaqlar həmişə qol vurmaq, şənlənmək eşqindədirlər. Mənə, bir qapıçı kimi bu, ağır gəlir”, deyə Şesnı qənaətini açıqlayıb.

Xatırladaq ki, Voyçex Şesnı 2024-cü ilin oktyabr ayında “Barselona”ya qoşulub. Ötən ilin yayında futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlmişdi. Tərəflər arasında müddəti 2027-ci ilin oyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var.

Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə “Arsenal”ın akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib. 2017-ci ilin iyulunda isə “Yuventus” Şesnını 18,4 milyon avro məbləğ müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb. Polyak qapıçı Turin təmsilçisindən 2024-cü ilin yayında ayrıldıqdan sonra karyerasını bitirməyə qərar vermişdi.

Şesnı ötən mövsüm “Barselona” üçün bütün yarışlarda 30 dəfə qapıda dayanıb, 36 qol buraxıb, 14 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Voyçex Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.

Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə), İtaliya Super Kuboku (2 dəfə) və “Barselona” ilə İspaniya La Liqası çempionluğu, İspaniya Kral Kuboku və İspaniya Super Kuboku var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak qapıçı Voyçex Şesnının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
74
1
arena.az

10Mənbələr