AZ

Ermənistanın Azərbaycana vurduğu 100 milyardlarla ziyan dünya tribunalarına çıxarıldı...


Zaur İbrahimli: “Bu təcrübələr həm BMT müstəvisində müvafiq qərar qəbul edilməsini, mexanizmlər yaradılmasını nəzərdə tutur, həm də ikitərəfli qaydada ölkələr bu barədə razılığa gələ bilərlər”

“Hazırda Ermənistan tərəfindən Azərbaycana kompensasiya ödənilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının müzakirə mövzusu deyil”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.

Eyni zamanda o, Azərbaycan tərəfinin ölkəmizə dəymiş ziyanın müvafiq qiymətləndirməsini həyata keçirdiyini açıqlayıb: “Burada söhbət bir dövlətin məsuliyyətindən gedir. Ermənistan 30 il ərzində beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı güc tətbiq edib, Azərbaycanın ərazilərini işğala məruz qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edib. İşğal dövründə Ermənistan Azərbaycanın şəhər və kəndlərini tamamilə dağıdıb. Ərazilərimiz işğaldan azad edildikdən sonra bizim tərəfimizdən dəymiş ziyanın BMT-nin metodologiyası əsasında kompleks qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirməyə əsasən, ölkəmizə dəymiş zərər ümumilikdə 150 milyard dollara yaxın həcmdə təşkil edir”.

Bu vəsaitin qaytarılması ilə bağlı məsələlər necə həll olunacaq?

Hələ ki, sülh müqaviləsi ilə bağlı danışıqlar gedir. Ermənistanın bizə vurduğu ziyanın ödənilməsi mexanizmi necə olacaq?

“Ermənistan heç bir halda bu məsuliyyətdən yayına bilməz”

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın təcavüzkar və işğalçı müharibəsi, Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində Azərbaycana külli miqdarda ziyan vuruldu. “BMT-nin metodologiyası əsasında aparılan araşdırmalar nəticəsində bu zərərin həcmi 150 milyard dollar təşkil edir. Beynəlxalq təcrübədə təcavüzkar müharibələr və hərbi əməliyyatlar zamanı vurulmuş ziyana görə kompensasiya ödənilməsi ənənəsi (təcrübəsi) var. Ən yaxın təcrübə 1990-cı ildə Küveytə hərbi müdaxiləyə görə İraqın ödədiyi kompensasiyadır. 1991-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə bu mexanizm yaradılıb və sonuncu ödəniş İraq tərəfindən 2022-ci ildə həyata keçirilib. Ümumilikdə İraqın Küveytin hüquqi və fiziki şəxslərinə, o cümlədən, beynəlxalq təşkilatlara 52, 2 milyard dollar kompensasiya ödəməsi baradə qərar qəbul olunub. Daha bir təcrübəni də qeyd edə bilərik. Bu, İndoneziya ilə Yaponiya arasında imzalanmış sülh müqaviləsi və reparasiya haqqında sazişdir. Bu sazişə görə Yaponiya İkinci Dünya müharibəsində İndoneziyaya qarşı apardığı hərbi əməliyyatlara və vurduğu ziyana görə kompensasiya ödəmişdi. Daha geniş miqyasda isə biz Birinci və İkinci Dünya müharibəsindən sonra Almaniya və müttəfiqlərinin qalib ölkələrə ödədiyi kompensasiyanı qeyd edə bilərik. Bununla bağlı əvvəl Versal müqaviləsində xüsusi mexanizm yaradıldı, eyni zamanda İkinci Dünya müharibəsindən sonra da Almaniyanın müttəfiq ölkələrə vurduğu ziyana görə kompensasiya, reparasiya ödənilməsi ilə bağlı razılaşmalar əldə olunub. Sonuncu dəfə Almaniya 2010-cu ildə bu təzminatları ödəyib. Almaniya birləşəndən sonra bu təzminatların ödənilməsi məsələsi yenidən gündəliyə gətirildi. Almaniya bununla əlaqədar kredit götürməyə məcbur oldu və 2010-cu ildə də bu ödənişi həyata keçirdi.

Bu təcrübələr var. Bu təcrübələr həm BMT müstəvisində müvafiq qərar qəbul edilməsini və mexanizmlər yaradılmasını nəzərdə tutur, həm də ikitərəfli qaydada ölkələr bu barədə razılığa gələ bilərlər. İndiki mərhələdə sülh danışıqları formatında rəsmi Bakı və rəsmi İrəvan beynəlxalq məhkəmələrə müraciət etməmək barədə razılıq əldə ediblər. Bu, Azərbaycanın regionda davamlı sülh, dinc birgəyaşayış prinsiplərinin bərqərar olunması işinə çox əhəmiyyətli bir töhfəsidir. Hesab edirəm ki, Ermənistan Azərbaycanın sülh naminə bu jestini layiqincə qiymətləndirmir və hər halda ola bilsin ki, Ermənistan cəmiyyəti özünə bu barədə hesabat vermir. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladılar, onun maddi sərvətlərini talan etdilər, eyni zamanda Azərbaycanın bütün mülki infrastrukturuna böyük ziyan vurdular. Ümumilikdə 900-dən çox yaşayış məntəqəsi tamamilə tar-mar edildi. Bu çox böyük bir ziyandır, uzun illər Azərbaycanın daha sürətli inkişafına çox ciddi əngəl oldu. Bir qayda olaraq, qalib ölkələr reparasiya ödənilməsi şərti irəli sürürlər. Lakin qeyd etdiyimiz kimi, Azərbaycan sülh və əminamanlığı daha prioritet elan edib və bu, həmçinin Azərbaycanın xoş niyyətinin və sülh üçün səylərinin bariz nümunəsi sayıla bilər”.

Z.İbrahimli təəssüflə qeyd etdi ki, Ermənistanda Azərbaycanın doğrudan da analoqu olmayan bu jesti, sülh naminə bu qədər əhəmiyyətli addım atması kifayət qədər dəyərləndirilmir.

Ekspert hesab edir ki, əgər Ermənistan sülh öhdəliklərindən yayınmaqda davam edərsə və Azərbaycana qarşı ərazi iddialarının konstitusiyasından çıxarılması ilə əlaqədar konstitusiya referendumuna getməzsə, bu məsələ gündəliyə gələcək: “Azərbaycan həm BMT müstəvisində məsələni qaldıracaq, o cümlədən müvafiq beynəlxalq mexanimzlərin işə düşməsi üçün səy göstərəcək. Düşünürəm ki, Azərbaycan üçün bu, o qədər çətin olmayacaq. Çünki dəymiş ziyan göz qarşısındadır, aşkardır, bu, akreditasiya olunmuş nüfuzlu beynəlxalq şirkətlər cəlb olunmaqla BMT metodologiyası ilə qiymətləndirilib. Düşünürəm ki, Azərbaycan üçün Ermənistanın kompensasiya ödəməsinə nail olmaq o qədər də çətin olmaz. Əlbəttə, bu müəyyən qədər vaxt aparacaq, kifayət qədər zaman və enerji tələb edir, lakin o qədər açıq-aşkar sübutlar, dəlillər var ki, bunu gözardı etmək mümkün deyil.

Azərbaycan, hələ ki, kompensasiya ödənilməsi məsələsini qaldırmamaqla sülh danışıqları üçün əlverişli mühit yaratmağa çalışır, etimadlı münasibətlər qurulmasına can atır. Azərbaycanın bu mövqeyi onunla şərtlənir ki, həm erməni cəmiyyətinə ciddi bir mesaj verir, həm də dünya birliyinə bəyan edir ki, Azərbaycan üçün ən vacib olan sülhdür. Azərbaycan mühüm olaraq hesab edir ki, dinc qonşuluq siyasəti, dayanıqlı sülh hər şeydən önəmlidir. Bu, Azərbaycanın sülh əldə olunmasında iradəsini göstərir.

Azərbaycanın dəymiş ziyanla bağlı qiymətləndirmə aparması və dəymiş ziyanın BMT metodologiyasına uyğun hesablanması, sənədləşdirilməsi həm də bir xəbərdarlıq, preventiv tədbir mahiyyətindədir. Azərbaycan bir daha göstərir ki, bu istiqamətdə fəal işləyir və beynəlxalq standartlara, mövcud praktikaya, əldə olunmuş təcrübəyə əsasən dəymiş ziyan hesablanıb, nəzərə alınıb və istənilən vaxt bu məsələ qaldırıla bilər və Ermənistan heç bir halda bu məsuliyyətdən yayına bilməz. Ermənistan bu məsələdə cavabdehdir. Heç bir halda İrəvan bu məsələni gözardı edə bilməz. Lakin bir daha Azərbaycan hesab edir ki, sülh, dayanıqlı əminamanlıq, dinc qonşuluq prinsiplərinin bərqərar olması üçün kompensasiya tələb olunmaması da kömək edəcəksə, Azərbaycan bu addımı da atmağa hazırdır”.

İradə SARIYEVA

Seçilən
4
baki-xeber.com

1Mənbələr