AZ

Sözün gələcəyi Şahanə Müşfiq yazır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şahanə MÜŞFİQ

Gələcəyin ədəbiyyatı necə olacaq? Bəlkə də, bu sualın cavabı hələ doğulmamış bir cümlədə gizlidir. Hələ yazılmamış bir hekayənin ilk nöqtəsində, vərəqlənməmiş bir kitabın son abzasındadır... Gələcəyin ədəbiyyatı bəlkə də bunların heç biri deyil, amma şübhəsiz ki, özündə hamısının izlərini daşıyacaq.

Ədəbiyyat əsrlər boyu insanın həm qürurunu, həm də zəifliyini sözlə danışdırmaq cəhdi olub. Qaya divarına cızılmış ilk nişandan tutmuş, minarədən oxunan ilk səsə, qələmin sonsuz bir təzimlə kağıza həkk etdiyi o ilk kəlməyə qədər - bütün yol insanın içindən qopan sükutla başlayıb. Amma o sükut çoxdan pozulub. İndi hamı danışır. Hamı yazır. Hər kəsin bir fikri, bir hekayəsi, bir yarası, demək istədiyi bir sözü var. Hər kəs onu "bölüşmək" istəyir. Bu yaxşıdırmı? Ola bilər. Amma bəs o sözün içi necə, doludurmu?

Əvvəllər yazmaq qəlbini, özünü dinləmək idi. Yazıçı gündəliklərini başqasına oxutmayan bir adam idi. Yazı utanılacaq qədər şəxsi, etiraf qədər səmimi bir cəhd idi. İndi isə yazmaq paylaşmaq, görünmək, təsdiqlənmək deməkdir. Söz bəzən təkcə ifadə yox, performansa çevrilir. Oxucu təkcə oxuyub anlayan yox, həm də bəyənən olur. Daha doğrusu, çox zaman yalnızca bəyənən.

Bir vaxtlar bir kitabı tapmaq üçün bir şəhərdən başqa şəhərə gedən insanlar vardı.Onlar üçün söz ov idi. İndi isə söz özü ovçusunun "ayağına gəlir". PDF şəklində, elektron formada, zəhmətsizcə, səssizcə. Amma onu da etiraf edək ki, bu səssizlik heç də mübarək deyil: yalqızlıqdandır, sevgidən yox.

Artıq sözün ritmi də dəyişib. İndi insanlar qısa, kəsik, lakonik, ritmik cümlələr istəyirlər. Çünki ekranlardakı uzunluq daha heç yormur da, sadəcə keçib gedir. O cümlələrdə dayanan, dayanmağa cəhd edən isə çox azdır. Halbuki ədəbiyyat dayanmaqdır, düşünmək, hiss eləmək, susmaqdır. Biz indi sözləri bircə barmağımızın hərəkəti ilə sürüşdürürük, o isə bizi ovutmağa çalışır.

Daha söz də ləng gəzə bilmir. O da bu həyatın sürətinə tabe olub. Amma əsl sual budur ki, hisslər sürətlə yaşana bilərmi?

Bu sürət, bir-birinin bəhsinə, acığına, ya da sadəcə görünmək xətrinə sosial şəbəkələrdə boyaboy yazılanlar, paylaşılanlar azmış ki, indi artıq süni intellekt də yazır. Hətta bəzən bizdən daha yaxşı. Düzgün, qafiyəli, tematik. Bəs bu, bizi qorxutmalıdırmı?

Qorxmalı olan şey süni intellektin şeir yazması deyil, insanın bunu hiss edə bilməməsidir. Hər kəsin "şair" olduğu bir çağda bəlkə də əsl şair heç nə yazmayan biridir. İçində şeir daşıyan, amma susan, onu sadəcə öz qəlbində yaşadan o naməlum kimsə...

Çünki yazmaq təkcə sözləri düzmək deyil. Yazmaq nəfəs verməkdir. Bir ağrını bədii formaya salmaqdır. Maşın, ya da başqa sözlə desək, robot bunu bacarmaz. Kodlaşdırılmış ritm qəlbi qırılmış bir insanı ifadə edə bilməz.

Gələk, yazının əvvəlindəki suala. Bax, gələcəyin ədəbiyyatında bu fərqlər bulanıqlaşır. Onda maşınlar yazacaq, insanlar sadəcə təqdim edəcək. Bəlkə də bir gün bir robotun romanı bestseller olacaq. Oxucu oxuyacaq, bəyənəcək. oxuduğu mətnin arxasındakı "müəllifi" heç zaman tanımayacaq. Heç kimi kim tanıya bilər ki? Yox, bu, unudulan ədəbiyyat deyil, bu, kimsəsiz mətnin, necə deyərlər, yetim sözlərin dövrüdür.

Gələcəyin oxucusu necə olacaq? Bəlkə də xüsusi hazırlanmış bir gözlük taxacaq və kitabı "virtual reallıqda" yaşayacaq. Artıq onu oxumayacaq, hiss edəcək. Hekayəni seçəcək, sonluğu dəyişəcək, öz istədiyi, öz arzuladığı tərzdə yazacaq, ya da "görəcək". Kitab artıq müəllifin deyil, oxucunun təcrübəsinə çevriləcək.

Bu demokratiyadırmı? Yoxsa ədəbiyyatın fərdi toxunuşunu itirməsidir? Əvvəllər oxucu yazıçının arxasınca gedərdi, onun dediyini, düşündüyünü, yazmaq istədiyini anlamağa çalışardı. İndi isə yazıçı oxucunun nəyə "bəyən" düyməsi basdığını izləyir və ona uyğun yazır. Artıq o, alqoritmin ardınca qaçır.

Ədəbiyyatın bəlkə də ən böyük təhlükəsi budur: zövqə uyğunlaşmaq. Çünki zövq zamanla dəyişir, amma sənət zamanla sınanır.

Bəlkə gələcəyin yazıçısı bir az proqramçı olacaq. Bəlkə yazdığı romanın sətirləri arasında kodlar gizlənəcək. Bəlkə personajlar interaktiv olacaq. Bəlkə hekayələr bir kitabda yox, bir "oyunda" baş verəcək. Amma bu yeniliklər arasında itən bir şey var: nəfəs.

Sözün nəfəsi... Bədii mətnin içində bir pauza olur. Səssiz bir yer. Orada oxucu özü ilə rastlaşır. Orada müəllif özünü gizlədir. O sükut sözün nəfəsi, ədəbiyyatın məbədidir. Əminliklə deyə bilərəm ki, süni intellekt ora girməyi bacarmaz. Çünki sözün oradakı nəfəsini hiss etmək üçün canlı olmaq lazımdır. O sükutda deyilənləri anlamaq üçün yaşanmışlıqlar lazımdır.

Bəs bu qədər narahatlığın içində ümid varmı? Əlbəttə var. İnsan hələ də sevir. Hələ də itirir. Hələ də gözləyir. Və bu gözləmə hissi bütün ədəbiyyatların anasıdır. Hələ də kiminsə "səni anlayıram" deməyini istəyirik. Bu cümlə deyildiyi, yazıldığı müddətcə, ədəbiyyat ölən deyil.

Ədəbiyyat forma dəyişə bilər. Amma ehtiyac dəyişmir. İnsanın hələ də özünü başqasının sözündə tapmaq ehtiyacı var. Bəzən bir şeirdə, bəzən bir romanın son cümləsində, bəzən də sadəcə bir sətirdə hələ də özümüzü axtara biliriksə, deməli, ümid var.

Bəlkə də gələcəyin ədəbiyyatı daha qısa, daha sürətli, daha texnoloji olacaq. Amma əgər o, hələ də kiminsə qəlbinə toxunacaqsa, deməli, ədəbiyyat olaraq qalacaq. Yəqin ki, kağız olmayacaq, kağız qoxusu zamanla unudulacaq, kitabxanalar binalardan kompüterlərimizə, telefonlarımıza yerləşəcək. Amma haradasa bir yerdə, bir divarın kölgəsində bir gənc "həyatımı dəyişdirən kitab"dan danışacaq. Bax, o kitab gələcəyin deyil, əbədiyyətin ədəbiyyatıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
525.az

1Mənbələr