AZ

Ərdoğan-Tokayev görüşü - Qazax nefti Bakı-Ceyhana qarışsa nə baş verəcək, sabah bilinəcək...


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Ankaraya rəsmi səfər edəcək. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlarda hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlər, o cümlədən Qazaxıstan neftinin şaxələndirilməsi və onun Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin artırılması müzakirə olunacaq.

Daha əlverişli investisiya və turizm mühitinin yaradılması səyləri çərçivəsində Qazaxıstan Türkiyə ilə vizasız rejimi genişləndirir.

Türkiyə və Qazaxıstan liderləri həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər və burada iqtisadi inteqrasiya, rəqəmsal transformasiya, müdafiə təşəbbüsləri, türk birliyinin gücləndirilməsinin əsas aspektləri müzakirə olunacaq. Xatırladaq ki, dördüncü görüş 2022-ci ildə Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri çərçivəsində keçirilib. O zaman Türkiyə lideri bəyan etmişdi ki, Türkiyə-Qazaxıstan münasibətlərinin qabaqcıl strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki xalqın tarixi, dini, dili və mədəniyyətinin ortaqlığına əsaslanır, ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq da iddialı məqsəddir.Rusiyalı ekspert Stanislav Pritçinin sözlərinə görə, Qazaxıstan və Türkiyə arasında iqtisadi əməkdaşlığın tempi hər iki ölkə rəhbərliyinin istədiyi kimi sürətlə artmır. Ekspert qeyd edir ki, hərbi sahəni, enerji, birgə nəqliyyat layihələrində iştirak, o cümlədən mədəniyyət və təhsil sahəsini və Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələri əhatə edən geniş ikitərəfli gündəliyə baxmayaraq, əməkdaşlıq potensialı məhdud olaraq qalır: “Belə geniş gündəmə malik Qazaxıstan və Türkiyənin fəaliyyətini məhdudlaşdıran bir sıra amillər var. Birincisi, bu, ölkələrin coğrafi məsafəsi ilə bağlıdır. İkincisi, rəsmi ideoloji yaxınlığa baxmayaraq, Qazaxıstan və Türkiyə mövqelərində və bir çox digər parametrlərdə ciddi fərqlərə malikdir. İqtisadi baxımdan Türkiyə Qazaxıstanın 10 ən böyük ticarət tərəfdaşı sırasında olsa da, türk sərmayələri əsasən tikinti və xidmət sektorunda cəmləşib”. Eyni zamanda, mədəni yaxınlıq ikitərəfli münasibətlərin möhkəmlənməsi amili olmaqla yanaşı, həm də türkdilli ölkələr arasında çoxtərəfli əlaqələrin inkişafı üçün əsas rolunu oynayır. Onların arasında pantürk birliyi ideyasının ən fəal tərəfdarları həm də Türkiyə və Qazaxıstandır. Belə ki, 2012-ci ildən Qazaxıstanda Beynəlxalq Türk Akademiyası, eləcə də Türkiyə universitetləri, kollec və liseyləri fəaliyyət göstərir. Türkiyə tərəfi bu təhsil müəssisələrini 2016-cı ildə yaradılmış “Maarif” təhsil vəqfinin nəzarətinə keçirməyə çalışır. Fond əvvəllər dövlət çevrilişi cəhdi ilə bağlı Türkiyədə qanundankənar elan edilmiş terorçu Fətullah Gülənlə əlaqəsi olan xaricdəki türk təhsil müəssisələri sisteminin nüfuzdan salınmasına cavab olaraq ortaya çıxıb. Türkiyə rəhbərliyi “Gülən məktəbləri”ni təhsil məkanından sıxışdırıb çıxararaq, onların yerinə dövlət fondunun nəzarətində olan təhsil müəssisələrini qurub. Bununla belə, Stanislav Pritçin qeyd edir ki, Türkiyə ilə təhsil əməkdaşlığı həcm baxımından bu sahədə Rusiya, Çin və Qərb ölkələri ilə əməkdaşlıqla müqayisə edilə bilməz: “Məsələn, "Boşak" sistemi (Qazaxıstan Prezidentinin beynəlxalq təhsil təqaüdü) çərçivəsində qazaxıstanlı tələbələr hazırda Türkiyədə təhsil almırlar". Lakin milli ədəbi əsərlər vasitəsilə nəsildən-nəslə ötürülən vahid tarixi şüurun, ümumi coğrafi ideyaların və mədəni dəyərlərin gənclər arasında formalaşdırılması istiqamətində fəal iş aparıldığı üçün bu vəziyyət tezliklə dəyişə bilər. Bu istiqamətdə atılan mühüm addım 2020-ci ildə Türkiyə, Qazaxıstan və Azərbaycan üçün vahid məktəb dərsliyi olan “Türklərin ümumi tarixi”nin istifadəyə verilməsi olub.

Lakin ekspertin fikrincə, Qazaxıstanla Türkiyə arasında münasibətlər obyektiv çətinliklərdən də xali deyil. Türk Dövlətləri Təşkilatında türk birliyi ideyasında ixtilaf var. Apreldə Səmərqənddə keçirilən “Mərkəzi Asiya – Avropa İttifaqı” sammitindən sonra Qazaxıstan da daxil olmaqla, region ölkələri Aİ ilə əlaqələrin inkişafına üstünlük verərək, Ankaranın israrla irəli sürdüyü “ortaq türk gündəmi”nə məhəl qoymayaraq, öz geosiyasi üstünlüklərini açıq şəkildə nümayiş etdirdilər. Bu, həm Türkiyənin proqramlarını əhəmiyyətli dərəcədə üstələyən Avropa İttifaqı ilə əməkdaşlıq həcmində, həm də Şimali Kipr Türk Cümhuriyyətini tanımamaqla yanaşı, Kipr Respublikasının (adanın yunan hissəsi) suverenliyini tanımaq istəyində özünü göstərdi. Enerji ixracı marşrutlarının şaxələndirilməsinə gəlincə, Stanislav Pritçin qeyd edib ki, Rusiya ərazisindən keçən Xəzər Nəqliyyat Marşrutunun əvəzedicisi yoxdur. Xatırladaq ki, Qazaxıstan 2025-2040-cı illər üçün Neft Emalı Sənayesinin İnkişafı Konsepsiyası təsdiq edib, bu, təkcə daxili ehtiyacları ödəmək üçün yox, həm də ölkəni neft məhsullarının ixracında regional liderlərdən birinə çevirməli olan sektorun transformasiyası üçün iddialı plandır. Buna görə də Qazaxıstan Bakı-Tiflis-Ceyhan boru kəməri ilə Türkiyəyə neft nəqlini artırmaq niyyətindədir və İran limanları vasitəsilə Hindistana ixrac imkanlarını araşdırır. Qazaxıstan ehtiyat edir ki, Qərb enerji sektorunda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər ki, bu da Qazaxıstanın neft sənayesinə zərbə vuracaq. Xüsusən də bu günlərdə Qazaxıstan neftinin Xəzər Nəqliyyat Marşrutu vasitəsilə ixracı dayandırılıb. Lakin bu dəfə səbəb yeni Rusiya qaydaları olub ki, buna görə xarici gəmilər Rusiya limanlarına daxil olmaq üçün FSB-dən icazə almalıdırlar. Amma Bakı-Tiflis-Ceyhan boru kəməri Qazaxıstana əlavə üstünlüklər qazandırır. Belə fikirlər də səslənr ki, Bakı-Tiflis-Ceyhan boru kəmərindən buraxılan qazax neftinin həcminin artırılması Azərbaycan neftinin keyfiyyətini pisləşdirəcək və onun qiymətini aşağı salacaq. Amma Qazaxıstan və Azərbaycan bu məslənin həlli üçün də müvafiq addımlar atır. O səbəbdən yaxın tezlikdə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daha çox Qazaxıstan neftinin daşınması gözlənilir.

Nahid SALAYEV

Seçilən
23
baki-xeber.com

1Mənbələr