AZ

“Kaş bir gün gələrdi, evimizdəki balacalar da onun yolunu gözləyirlər”- Qədir Rüstəmovun xanımından ETİRAF+ÖZƏL

“Qədir müəllimin ayağının səsindən ötrü darıxıram. O hər səhər tezdən durub səsini açırdı, mahnıları kökləyirdi. Hər səhər eyni şeyləri edirdi. Ondan ötrü çox darıxıram, yeri çox görünür. Özünəməxsus insan idi. Kaş bircə gün o gələrdi. Evimizdə balaca körpələr var, ondan sonra dünyaya gəliblər. Hələ bilmirlər ki, babaları kimdir, nəçidir. Hərdən deyirlər ki, Qədir baba nə vaxt gələcək? Hələ də onun yolunu gözləyirlər”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Qədir Rüstəmovun ömür-gün yoldaşı Fatma Rüstəmova deyib. O daha sonra Qədir Rüstəmovun pedaqoji fəaliyyətlə məşğul olmadığını belə izah edib:

“Ağdamda yaşayanda Üzeyir Hacıbəyov adına musiqi kollecində dərs deyirdi, tələbələri var idi. Ağdam işğal olunandan sonra heç yerdə işləmədi. Qədir müəllim daha tələbə yetişdirmədi. Çünki səbirsiz idi. Amma o illərdən sonra meydana gələn əksər xanəndələrdə Qədir müəllimdən nələrsə var. Bunu bəzən özləri də etiraf edir. Xanəndə Mustafa Mustafayev var. Eynən Qədir müəllim kimi ifa edir. Onun atasının da gözəl səsi olub. Atası o qədər Qədir müəllimə qulaq asıb ki, övladında da ona qarşı sevgi-məhəbbət yaranıb. Qədir müəllim Mustafanın xətrini çox istəyirdi. Sağlığında özü ona halallıq vermişdi. Hətta qavalının birini ona bağışlamışdı” deyə o bildirib.

Fatma xanım bildirib ki, hər sənətkarın işi deyil Qədir Rüstəmovun sənətinə qiymət verib, ondan danışsın:

“Hər sənətkarın özünə görə sənəti də, səsi də var. Qədir müəllim haqda böyük sənətkarlar öz sözlərini deyib. Niyazi kimi dahi bir sənətkar onun haqda deyib ki, “Qədir Rüstəmova qulaq asmaq üçün bir ömür bəs etmir”. Bu sözü Niyazi, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm və s. şairlər deyəndən sonra cılız, vəzifə başında olan sənətkarlar kimdir ki, Qədir Rüstəmov haqda nəsə desinlər?! Bir şey ki, ona 300 şeir yazılıb. O boyda dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev deyirdi ki, get oxu, səsinə heyifin gəlsin. Dövlət başçılarımız onu evlə, maşınla təmin ediblər, müalicəsini öz üzərinə götürüblər. Dünyasını dəyişəndən sonra da onun məzarını əbədiləşdiriblər. Sənətkarlar arasında paxıllıq hər zaman olub. Onun səsini sevənlər arasında nazirlər də, yüksək vəzifəli şəxslər də var idi. Qədir müəllim Prezident təqaüdçüsüdür. Onun bu qədər titulları var, şöhrəti dillərdə gəzir. 90 illik yubileyi gəlir. Gedib harasa müraciət etməyəcəm ki, gəlin onun 90 illik yubileyini qeyd edin. Məsuliyyət daşıyan qurumlar bunu özləri etməlidir, bu birbaşa onların işidir” deyə sənətkarın xanımı bildirib.

Fatma Rüstəmova arzusundan da söz açıb:

“Yəqin ki, Ağdamda yaşamaq üçün bizə ev verəcəklər. Çox istərdik ki, orada bir ev muzeyi olsun. Bunu da biləvasitə Mədəniyyət Nazirliyi etməlidir. Qədir müəllimin əşyalarını müvəqqəti olaraq Bakıdakı muzeyə təhvil vermişəm. Bir qisim əşyaları da evdə saxlamışam. Ömür vəfa etsə, Ağdama köçsəm, əlavə ev versələr Qədir müəllimə muzey yaradacam. Əşyalarını da Bakıdakı muzeydən götürüb, Ağdamdakı muzeyə yerləşdirəcəm. Bu Qədir müəllimin haqqıdır. Ağdamda onun muzeyi olmalıdır. Qədir müəllimin qızıl əşyaları, saatı, üzüyü, ordenləri, qəlyanları, sənədlərini və iki qavalını muzeyə təhvil verəcəm. O qavallardan birini Xan Şuşinski ona hədiyyə edib” deyə sənətkarın xanımı bildirib.

Seçilən
22
moderator.az

1Mənbələr