Mədəniyyət və İncəsənət Universitetinin saytında tanınmış incəsənət xadimlərinin adlarının ingilis dilində yazılışı müzakirələrə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı ilk görüntülər sosial şəbəkələrdə yayılıb və birmənalı qarşılanmayıb.
İstifadəçilər ali təhsil ocağının saytındakı bu tərcüməni kobud səhv olaraq qəbul ediblər.
Saytın ingilis dilində olan versiyasında Xalq artisti Firəngiz Mütəllimovanın adı ingilis dilinə "Fero Mullimova", Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin adı isə "Elizabet Lalayev" olaraq tərcümə olunub.
Məsələ ilə bağlı əvvəlcə Xalq artisti Firəngiz Mütəllimova ilə əlaqə saxladıq. O, məzuniyyətdə olduğunu və adının bu formada yazılmasından xəbərsiz olduğunu bildirdi.
Əliqismət Lalayev isə bildirdi ki, məsələdən xəbər tutandan sonra universitetlə danışıb.
Mədəniyyət və İncəsənət Universitetində isə bu tərcüməyə sanki kobud səhv kimi yox, adi bir hal kimi yanaşırlar. Universitetdən bildirildi ki, bu qlobal bir problem deyil. O da qeyd edildi ki, bu, texniki səhvdir və hazırda düzəldilməsi üçün işlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.