ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Azərbaycanda əmək haqlarının yalnız müəyyən banklardan alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər aparılır. Mərkəzi Bank bu məsələni gündəmdə saxlayır və dəyişikliklərin ilin sonunadək reallaşması mümkündür. Məsələ AMB sədri Taleh Kazımovla iqtisadçılar arasında keçirilən görüşdə də müzakirə olunub. Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, bu qərar müəyyən bankların gəlirlərinə təsir göstərə bilər, lakin vətəndaşın rahatlığı baxımından mühüm addımdır:“İnsanlar istəyir ki, maaşını özünə yaxın bankdan alsın. Məsələn, yaşadığı ərazidəki bankomatdan istifadə etsin, yaxud hansısa bonuslardan, xidmətlərdən yararlansın. Bəzi hallarda isə qohumu həmin bankda çalışır və bu da seçimə təsir edir. Yəni səbəblər çoxdur və vətəndaşın sərbəst seçimi təmin olunmalıdır. Hazırda bəzi dövlət qurumlarında maaşların konkret banklar vasitəsilə ödənilməsi məcburidir, vətəndaş isə alternativdən istifadə edə bilmir. Bu dəyişiklik imkan yaradacaq ki, hər kəs istədiyi bankı seçsin və həmin bankın xidmətlərindən yararlansın. Əgər bu təşəbbüs gələcəkdə özəl sektora da şamil olunsa, bu, banklar arasında sağlam rəqabətin formalaşmasına ciddi töhfə verəcək. Banklar da bu rəqabətdə qalib gəlmək üçün daha çevik və keyfiyyətli xidmət göstərməyə çalışacaqlar. Nəticədə vətəndaş da qazanacaq. Düşünürəm ki, bu, yalnız müsbət nəticələr verəcək. Ümid edirik ki, ilin sonuna qədər tətbiq olunar. Əsas odur ki, vətəndaş məmnun olsun”. Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.