AZ

Makron Bakıdan "müstəmləkə qiyamlarının" intiqamını alır... "Respublikaçılar önə verildi...


Fransanın Azərbaycana qarşı uğursuz həmlələri, regionda möhkəmlənmək cəhdlərinin iflasa uğraması bu ölkənin regiondakı nüfuzunu darmadağın edib. Dünyanın bir sıra ölkələrində, xüsusilə də Afrikada nüfuzunu sürətlə itirən Emmanuel Makron hökumətinin Cənubi Qafqazda da mövqeləri alt-üst olub.

Ksenofobiya, islamofobiya kimi zərərli kampaniyalar aparmaqla hakimiyyətə gələn Makron iqtidarı İslam və türk dünyasına qarşı revanşist siyasət yürüdür. Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü təmin etməsi Fransa kimi dövlətlərin maraqlarına uyğun gəlmir. Paris Ermənistandan alət kimi istifadə edir. Bunun daha bir təzahürü Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan “Artsax” siyasi məhbuslarının azad edilməsini tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsünü irəli sürməsi ilə özünü göstərdi.

Fransa Milli Assambleyasında Azərbaycana qarşı irəli sürülmüş növbəti qətnamə layihəsi bir daha göstərdi ki, bu ölkədə bəzi siyasi dairələr Cənubi Qafqazda sülhə və sabitliyə qarşı qərəzli və təhlükəli yanaşmalarını davam etdirirlər. Qətnamənin müəllifləri isə daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən və anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir. Bu sənəd Fransanın sadəcə ikitərəfli münasibətləri böhran səviyyəsinə çatdırmaqla kifayətlənmədiyini, həm də sülh və normallaşma ərəfəsində olan iki ölkənin işinə qarışmaqla, regional sülh və sabitliyə ciddi zərbə vurduğunu nümayiş etdirir. Sənədin erməni lobbisinin sifarişi ilə hazırlandığı qətiyyən şübhə doğurmur. Hətta artıq Ermənistanın belə arxivə atdığı “Artsax” ifadəsinin yenidən gündəmə gətirilməsinə çalışılır. Lobbinin hədəfi bəllidir - illərdir ki, qazanc əldə etdiyi məsələnin unudulmamasına çalışır. Növbəti məsələ, Qarabağdan könüllü çıxan erməni sakinlərlə bağlıdır. Onların Qarabağa qayıtması gündəmə gətirilir. Yenə də burada İrəvanın mövqeyini xatırlamaq yerinə düşür. Nikol Paşinyan və komandası dəfələrlə bu məsələnin gündəmdən çıxdığını dilə gətirdiyi halda Fransanın can-fəşanlığı yersiz görünür. Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə – xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir qətnamə təşəbbüsünün ortaya atılması Fransanın sülh prosesindən narahat olduğunu və prosesdən kənarda qalmasını həzm edə bilmədiyini açıq şəkildə sübut edir. Fransa Milli Assambleyası tərəfindən irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir. Reallıqların təhrif edilməsi, yalan məlumatlar üzərindən siyasi nəticələr çıxarılması, rəsmi Parisin hansı maraqlara xidmət etdiyini aydın göstərir. Bundan irəli gəlir ki, qətnamədə qondarma məfhumlara yer verilir. Bununla yanaşı, qətnamədə Milli Assambleya tərəfindən Azərbaycanın əleyhinə yönəlik 7 bənd irəli sürülür. Burada ilk olaraq, Fransa Avropa İttifaqını vasitəçilik rolunu qorumağa və gücləndirməyə çağırır. Bakıda məhkəməsi keçirilən və terrorda ittiham olunan erməni separatçıları isə az qala “siyasi məhbus” kimi qələmə verilir. Fransa Baş Assambleyasının ermənipərəst deputatlarının təşəbbüsündə o da iddia olunur ki, guya Qarabağdan könüllü çıxan insanlara qarşı zorakılıq olub. Heç bir fakt ortaya qoyulmadan da Azərbaycan tərəfi ittiham olunub. Halbuki, erməni sakinlər bölgəni tərk etdikdən sonra ərazidə olan BMT faktaraşdırıcı missiya bir fakt belə ortaya qoya bilməyib. Digər iddialarda Azərbaycanın guya ermənilərə məxsus dini, mədəni və tarixi irsi məhv etdiyi bildirilir. Təşəbbüsdə ermənipərəst deputatlar Qarabağa ermənilərin qayıtması məsələsinə də toxunub.

Bütün bunlar göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsləri Fransanı özündən çıxarıb, prosesdən kənar qalması ilə sadəcə barışmaq istəmirlər. Bu və digər cəfəngiyyatlar Fransanın iç üzünü bir daha ortaya qoyur.

Fransa birmənalı şəkildə daim Ermənistanın yanında durub və Qarabağda separatizmə dəstək verib. Bu dəstək bu gün də davam edir. Azərbaycanın BMT-nin 4 mühüm qətnaməsini icra etməklə Qarabağı işğalçılardan azad etməsini Paris alqışlamaq əvəzinə, beynəlxalq hüquqa qarşı kampaniya aparır. Fransa bir tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində – Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərdə yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur. Bu, Fransa dövlətinin açıq-aşkar ikili standartlara əsaslanan neokolonial siyasətinin göstəricisidir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova da qeyd edir ki, Fransanın Azərbaycana qarşı bu cür qərəzli yanaşmalarının bir səbəbi də Bakı Təşəbbüs Qrupu tərəfindən Yeni Kaledoniyaya göstərilən beynəlxalq dəstəkdir: “Görünən odur ki, Azərbaycanın bu sahədə apardığı ədalətli təşəbbüslər Fransada ciddi narahatlıq doğurur və cavab olaraq ölkəmiz əleyhinə qondarma qətnamə layihələri ilə cavab verməyə çalışırlar. Azərbaycan dövləti və xalqı bu kimi qərəzli və siyasi motivli hücumlara qarşı hər zaman milli maraqlara, beynəlxalq hüquqa və prinsipial mövqeyə əsaslanan qətiyyətli siyasət nümayiş etdirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və milli maraqlara söykənən siyasət Azərbaycanın regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş və real sülh təminatçısı kimi mövqeyini gücləndirib. Fransa və onunla eyni mövqeni bölüşən dairələr anlamalıdırlar ki, Azərbaycanın iradəsinə heç bir təzyiq təsir göstərə bilməz. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və Cənubi Qafqazda baş verən proseslərə hər hansı xarici müdaxiləyə yol verilməyəcək”.

Milli Məclisin digər deputatı Pərvanə Vəliyeva isə qeyd edir ki, Azərbaycan Vətən müharibəsi zamanı əsir götürdüyü erməniəsilli hərbçilərə münasibətdə humanizm nümayiş etdirərək onların hamısını azad edib: “ İstinad edilən şəxslər isə müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq həbs ediliblər. 30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işgəncələr verərək, insanlıq adına bütün vəhşilikləri törədərək yüz minlərlə azərbaycanlını öz evindən, vətənindən didərgin salan, həmçinin etdikləri qanunazidd əməlləri, o cümlədən Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə bilməz. Azərbaycanın öz ərazisindəki qanuni məhkəmə proseslərini “qondarma” adlandırmaq, müstəqil bir dövlətin suverenliyinə açıq şəkildə müdaxilədir”.

Qətnamədə Azərbaycanın əleyhinə yönəlik 7 bənddən ibarət tələblər irəli sürüldüyünə diqqət çəkən P.Vəliyeva vurğulayıb: “Burada Azərbaycanla davam edən danışıqlar çərçivəsində Ermənistan Respublikasının sülh səylərinə tam dəstək verilməsi və Avropa İttifaqının vasitəçilik rolunu qorumağa və gücləndirmək tələbi, Azərbaycanın Ermənistanın mövcudluğunu inkar etdiyi, bunun Azərbaycanın “Arsaxda” və digər nəzarət etdiyi bütün ərazilərdə erməni əhalisini məhv etmək siyasətinin davamı olduğu, eləcə də Azərbaycanın dini, mədəni və tarixi irsi məhv etdiyi kimi absurd iddialar irəli sürülür. Bu iddialar Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Mədəni irsin qorunmasından dəm vuran Fransa öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin Evian şəhərində təhqir olunmasının qarşısını almayıb. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapması bu “orkestrin” arxasında Emmanuel Makron Administrasiyasının durmasının daha bir göstəricisidir. Fransada media azadlığı sadəcə sözdən ibarətdir. Makron Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini qəbul edə bilmir və Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətində onun şəxsiyyətinin xüsusiyyətləri xüsusi rol oynayır. E.Makrona görə, Ermənistanın işğalı davam etməli idi, çünki bu, onun sələfləri tərəfindən uğurla dəstəklənirdi. Fransanın Ermənistanı hərbiləşdirməklə oradakı revanşist qüvvələri təşviq etməsi, Azərbaycana qarşı yeni müharibəyə həvəsləndirməsi əsas məqsəddir. Fransa hesab edir ki, regionda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməsidir. Nəticə etibarilə, Fransa Milli Assambleyasının növbəti qətnamə layihəsi beynəlxalq hüquqa, ədalətə və regional sabitliyə hörmətsizliyin nümunəsidir. Bu qətnamə layihəsi yalnız Fransanın öz geosiyasi maraqlarını Ermənistan üzərindən həyata keçirmək cəhdidir. Azərbaycan isə öz müstəqil siyasətini davam etdirəcək, ölkənin milli təhlükəsizliyinin qarantiyası kimi yalnız Azərbaycan dövlətini görəcək və heç bir xarici təzyiqə boyun əyməyəcək. Prezident İlham Əliyev isə bütün cəbhələrdə fransalı həmkarını açıq-aşkar üstələməyə nail olub. Bu, həm Vətən müharibəsindəki Zəfərdə, həm də dekolonizasiya məsələsində özünü göstərib. Azərbaycan daha da güclənir və Fransanın əsassız ittihamları və qərəzli siyasəti qarşısında qətiyyətlə dayanacaq”.

İstənilən halda Azərbaycanın artan nüfuzu və yeni regional güc balansı göstərir ki, bu cür qərəzli sənədlər nə siyasi, nə də diplomatik baxımdan real təsir gücünə malik ola bilməz. Əksinə, bu sənədlər Fransanın müasir dövrdə hələ də köhnə imperial düşüncə tərzindən azad ola bilmədiyini bir daha üzə çıxarır.

Tahir TAĞIYEV

Seçilən
26
baki-xeber.com

1Mənbələr