Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Natavan küçəsi 72 ünvanında yaşayan Həsənov Elvin Fəzail oğlu və bibisi Həsənova Əminə Cahangir qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Ədliyyə naziri Fərid Əhmədova müraciət edirlər:
“Cənab Prezident!
Cənab Nazir!
Diqqətinizə çatdıraq ki, çox çıxılmaz bir vəziyyətə düşmüşük və Sizlərdən kömək gözləyirik.
Əvvəla bildirək ki, arxasında vəzifəli şəxslərin durduğu Şəmkir rayon sakini Məmmədova İlahə Sadir qızı qardaşım oğlu Həsənov Elvin Fəzail oğluna 50-DL-543 nömrəli maşını satmışdır. Biz bu qadına ilkin olaraqa 2 min 950 manat pul vermişik. Pulun qalan 7 min 400 manatını isə kredit şəklində ödəyəcəkdik.
Biz maşını evə gətirəndən sonra həmin dələduz şəxs polisə zəng vuraraq, 50-DL-543 nömrəli maşının oğurlandığını bildirmişdir. Odur ki, gəlib avtomobili evimizdən apardılar. Elə həmin gündən də dələduz qadınla savaş halında yaşayırıq. Bizim hardan ağlımıza gəlsin ki, qadının da dələduzu olar?!
Uzun proseslərdən sonra məhkəmə qərar qəbul etdi ki, dələduzluğu törədən şəxs bu məbləği bizə qaytarsın. İş Ədliyyə Nazirliyinə keçdi. Ədliyyə Nazirliyinin işçisi, icra məmuru məhkəmə qərarını icra etmir. Açıq şəkildə deyir ki, “mən qarşı tərəfdən qorxuram, məni də şərləyəcək”.
İlk olaraq bu işə baxan icra məmuru Xəyal Əlizadə idi. Hazırda isə Zaur adlı icra məmuru baxır. Zaur bəy də bildirir ki, Məmmədova İlahə Sadir qızının adında heç nə olmadığına görə bu iş bağlanır: “Öldürüb alası deyiləm ki, vermir”.
Qeyd edim ki, qarşı tərəf ödəniş etmir deyə 500 AZN cərimə olunub. 3 gün sonra isə məhkəmənin qərarı ilə cəriməni sildiriblər.
Yuxarıda adını çəkdiyim qadına vəzifəli məmurlar arxa-dayaq dururlar. Məhkəmə də belə, adam tapıb, cəriməni dərhal ləğv etdirirlər.
Şəmkir rayon Probasiya şöbəsinin rəisi müavini hazırda işimizə baxan Zaurdur. İcra məmurları dələduz tərəfi həbs etməkdən, bizi təhdid və təhqir edirlər. Otaqda elə qıcıqlandırıcı söz deyirlər ki, cavab verməmək mümkün olmur. Cavab verdiyin an isə həbs etdirirlər.
Cənab Nazir!
Bu qurumun fəaliyyətsizliyi haqqında bu qədər müraciətlər yazılır, bu qədər imdad deyib sizə arxalanırıq, niyə səsimizi eşitmirsiniz? Məhkəmə qərar veribsə, icraçı niyə qərarı icra etməkdən boyun qaçırır? Dəfələrlə məktublar göndərirəm, cavabsız qalır. Siz biz zərərçəkmişlərə laqeyd yanaşırsız deyə, icra məmurları da bizi ayaqlayırlar.
Cənab Prezident!
Sizdən xahiş edirəm, göstəriş verin, problemimiz həll olunsun. İnanın, bu qədər özbaşınalıq, saxtakarlıq bəlkə də dünyada yoxdur. Sizdən xahiş edirəm, müraciətimi cavabsız qoymayın.
Nazirliyin əlaqə nömrələrinə zəng vurursan, amma geri dönüş yoxdur. Ədliyyə binalarında haqsızlıq-qanunsuzluq hökm sürür”.
Məsələ ilə bağlı Şəmkir rayon Probasiya şöbəsindən Zaur müəllimlə (soyadını dəqiqləşdirə bilmədik – red.) əlaqə saxladıq. Sözümüzü ağzımızda qoyaraq “mən sizə cavab vermirəm, mətbuat xidməti ilə əlaqə saxlayın”, - dedi.
P.S. Son vaxtlar Ədliyyə Nazirliyindən gələn şikayətlərin sayı-hesabı yoxdur. İcra məmurları məhkəmənin qərarını icra etməkdən boyun qaçırır. Onlar sanki özlərinə ov seçirlər. Kim onlara yaxşı “görüm-baxım” etdi, onun işini görürlər. Kimin pulu, adamı yoxdursa, qapıdan qovmaq bir yana, hətta aparıb 3 gün polis idarəsində belə saxlatdırırlar.
Maraqlıdır, bu qurumun vətəndaşlara faydası yoxdursa, niyə dövlətin büdcəsini talan edirlər? Zaman-zaman Fikrət Məmmədovla bağlı “Hürriyyət”də gedən yazılarla bağlı peşmançılıq hissi duyuruq. Fikrət Məmmədovun vaxtında işlər bu qədər bərbad deyildi. İcra məmuru deyir ki, mətbuat xidməti ilə əlaqə saxlayın. Məhkəmə qərarları icra olunmursa, o zaman məhkəmə niyə qərar verir?
Yeri gəlmişkən, Fərid Əhmədov vəzifəyə gələn gündən Ədliyyə Nazirliyinin Mətbuat Xidməti fəaliyyətini dayandırıb. Şablon cavablar verirlər: “Vətəndaş müraciətlə əlaqədar 881 çağrı mərkəzi və 012 510 10 01 nömrəsi ilə əlaqə saxlaya, eləcə də [email protected] e-poçt ünvanı vasitəsilə və ya linkə daxil olaraq (https://exidmet.justice.gov.az:8284/Other/AppealToMinistry) müraciət formasını dolduraraq Ədliyyə Nazirliyinə müraciət edə bilər”.
Məhz bu səbəbdən də heç bir icra məmurunu verdiyi cavaba görə qınamaq lazım deyil. Jurnalistin açıq müraciətinə cavab verməyən nazirlik hansısa vətəndaşın şikayətinə baxarmı?!
Mirzə Ələkbər Sabir demiş, “Millət necə tarac olur-olsun, nə işim var?!Düşmənlərə möhtac olur olsun, nə işim var?!”…
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.