Xəbər verdiyimiz kimi, Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsi üzündən 23 yaşlı gəncin həyatına son qoyduğu iddia edilir. Hadisədən sonra oğlan evi qızın ailəsini, qız evi isə oğlanın ailəsini günahlandırır. İnsanlar da bu məsələdə ikiyə bölünüb. Yaşanan faciə bir ailənin dramı deyil. Bu, cəmiyyətin üzləşdiyi dərin sosial və məişət problemidir.
Cehiz ənənəsi çox vaxt yeni qurulan ailələrdə təməlin özündə çatların yaranmasına səbəb olur. Əvvəllər ağsaqqal və ağbirçəklərin vasitəçiliyi ilə münaqişələrin sülh yolu ilə həll olunması mümkün idi, lakin indi bu institut zəifləyib. Bundan başqa, gənclərin erkən yaşda ailə qurması da psixoloji və sosial gərginlikləri artırır. Son illər başlıq məsələsi aradan qalxsa da, cehiz mövzusu yenə də ailələr arasında nifaq toxumu səpir.
Belə vəziyyətdə cehiz ənənəsini sadələşdirmək, real imkanlar daxilində tənzimləmək, gənclərin və ailələrin üzərinə düşən yükü azaltmaq mümkündürmü?
Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyevin fikrincə, cehiz məsələsi ətrafında baş verən bu faciə təkcə fərdi hadisə deyil, həm də ailə institutunun tənəzzülə uğrayan bəzi sosioloji strukturlarının bariz nümunəsidir:
“Cehiz bir zamanlar ailələr arasında həm iqtisadi, həm də sosial kapitalın mübadiləsi vasitəsi hesab olunurdu. Əsas məqsədi isə yeni qurulan ailəyə böyüklərin dəstəyini təmin etməkdən ibarət idi. Lakin bu gün – istehlak cəmiyyəti fonunda və müqayisə psixozunun hökm sürdüyü dövrdə bu ənənə daha çox sanki “hansı tərəf daha çox şey qopara bilər” yarışına çevrilib. Alan tərəf maksimum çox mülk əldə etməyə, verən tərəf isə minimal xərclə maksimal “hörmət” qazanmağa çalışır. “Filankəs filan cürə cehiz gətirdi” desinlər deyə. Yəni tərəflər arasında həm maddi, həm də simvolik kapital uğrunda mübarizə gedir. Ailələr, sanki bazarlıq meydanında bir-birindən mülk, “status” və “hörmət” alıb-satmağa çalışır.
Yusif Nəbiyev
Sosioloq bildirir ki, dəyər və normaların qüvvədən düşməyə başladığı məqamlarda insanlar sosial rollarını itirir, gərginlik artır, fərqli yerlərdə anomaliyalar üzə çıxır:
“Bunun nəticəsi isə, təəssüf ki, bəzən faciəvi olur. Nəzərə almaq lazımdır ki, ailələrin dağılması nəticəsində söz sahibi olan ağsaqqal və ağbirçəklərin rolu indi xeyli zəifləyib. Hər kəs öz adını, öz komfortunu qorumağa çalışır. Bu da kollektiv dəstək mexanizmlərinin yerini fərdi emosiyaların almasına gətirib çıxarır. Bəs çıxış yolu varmı? Bəli, cehiz ənənəsini müasir dövrün reallıqları ilə tənzimləmək olar və bu olduqca vacibdir. Burada həm maarifləndirmə, həm sosial təzyiqlərin dəyişdirilməsi, həm də ailə psixologiyasının gücləndirilməsi vacibdir. Amma əsas məsələ cehizi qadağan etmək yox, onun mənasını və formasını dəyişməkdir. Sevgidən doğan bir birləşməni inventar mübadiləsi üçün bəhanəyə çevirməkdən imtina etmək lazımdır. Qurulan yeni yuvaya “yuva” kimi baxmaq lazımdır. Evlilik isə bu yuvanın inşaat müqaviləsi olmalıdır. Evliliyi və cehiz məsələsini borc müqaviləsi halına gətirməmək lazımdır”.
Sosioloq Elçin Bayramlı təəssüf hissi ilə bildirib ki, vəziyyət olduqca çətindir və dəyişmək üçün artıq gecdir.
Onun fikrincə, xüsusilə gənc nəsil fərqli dəyərlər əsasında formalaşıb:
Elçin Bayramlı
“İllərdir biz mənəvi dəyərləri bir kənara qoyub, yalnız maddi dəyərlərə – pula, vəzifəyə, mülklərə önəm veririk. İnsanlar ailədə, dostluqda, qohumluqda belə əlaqələri daha çox maddi maraqlar üzərində qururlar. Bu səbəbdən belə problemlər fasiləsiz artır və bunları həll etmək demək olar ki, mümkün deyil. Çünki cəmiyyətin psixologiyası uzun zaman ərzində, hətta əsrlərlə formalaşır və bir neçə ilə dəyişmir. Son illərdə aparılan təbliğat da dəyərlər sistemimizi köklü şəkildə dəyişib, mənəvi dəyərlər arxa planda qalıb. Maddi dəyərlər üzərində qurulan ailələrin dağılması qaçılmazdır. Boşanmalar da məhz bunun nəticəsidir. Əksinə, mənəvi dəyərlərə əsaslanan ailələr daha dayanıqlıdır. Təəssüf ki, biz bu dəyərləri arxa plana keçirmişik”.
Sosioloq deyib ki, cəmiyyət olaraq biz insanlara – həyat yoldaşına, dostlara, qohumlara daha çox pul və mülk əsasında dəyər veririk:
“Mənəviyyata önəm verənlərin sayı olduqca azdır və belə bir cəmiyyətdə gərginliklərin daha da artması qaçılmazdır. Bunun qarşısını almaq isə demək olar ki, mümkün deyil. İnsan formalaşması uzun müddət tələb edir və bu sahədə dəyişiklik üçün dövlət səviyyəsində ciddi iradə olmalıdır. Ancaq bu gün həm daxili, həm də qlobal təsirlər bizə köhnə, ənənəvi insanlıq dəyərlərinə qayıtmağa imkan vermir. Sovet dövründə ailələr daha çox mənəvi dəyərlər üzərində qurulurdu. İndi isə 99 faiz hallarda maddi dəyərlər üstünlük təşkil edir. Bu da təəssüf ki, təbiidir və getdikcə daha da güclənir. Heç kim – nə biz, nə də dövlət bu prosesin qarşısını almağa çalışır. Artıq bütün dəyərlərimizi itiririk. Əksinə, bu hal “müasirlik” adı altında dəyərlərimizin tamamilə yox olması ilə nəticələnir. Biz əslində, cəmiyyət olmamaq yolundayıq. Başqa izahı yoxdur”.