ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Afrikadakı qaçqın mərkəzləri üçün ayrılan büdcəsinin azaldılması artıq Avropaya miqrasiyanın artmasına səbəb olub.
525.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi “Financial Times”ə bildirib.
Qrandi qeyd edib ki, sudanlılar əvvəllər dəstək tapdıqları Sudanda və ya qonşu Çadda qalmaq əvəzinə Avropaya üz tuturlar. Əlavə edib ki, Afrika ölkələrində baş verənlərə məhəl qoymamaq “böyük strateji səhvdir.
"Şübhə etmirəm ki, sudanlı qaçqınlar artıq Çaddan Avropaya gedən yollardan biri olan Liviyaya doğru hərəkət edirlər. İnsanların evlərinə qayıtmazdan əvvəl qalmağa razı olduqları ölkələrə daha çox kömək göstərin. Bu, bir çox problemləri həll edəcək", - komissar bildirib.
Onun sözlərinə görə, Çad, İran və ya Keniya kimi mövcud böyük qaçqın icmaları olan ölkələri maliyyələşdirmək daha yaxşı investisiya ola bilər.
Avropa İttifaqı miqrasiyanın qarşısını almaq üçün Afrika ölkələri ilə artıq bir sıra müqavilələr bağlayıb və indi quruma daxil olmayan ölkələrin iştirakı ilə yeni “həll yolları” hazırlanır. Təkliflər arasında rədd edilmiş sığınacaq axtaranların Avropaya deyil, üçüncü ölkələrin “geri qayıtma mərkəzlərinə” göndərilməsi də var.
Komissar bildirib ki, BMT QAK Avropanın miqrasiya məsələsində daha sıx əməkdaşlıq etmək istədiyi bəzi ölkələrlə yaxından işləyəcək. O, Avropa hökumətlərini miqrasiya sxemlərinin beynəlxalq hüquqa uyğun olmasını təmin etmək üçün BMT QAK ilə koordinasiya etməyə çağırıb.
“Financial Times”ın məlumatına görə, Prezident Donald Trampın 2025-ci ildə ABŞ-ın maliyyəsini 2 milyard dollardan təxminən 390 milyon dollara endirməsindən sonra BMT QAK-ın büdcəsi azaldılıb. Fransa, İtaliya və Almaniya kimi Avropa ölkələri də dəstəyi azaldıb. Agentlik işçilərinin üçdə birini ixtisar etməli və 1,4 milyard dollarlıq proqramları dayandırmalı olub.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.