AZ

"Putin Avropanı nüvə şantajı ilə təhdid edir: Zaporojye AES partladıla bilər" - "Forbes"

"Əgər Putin uduzsa, Zaporojye atom elektrik stansiyası partladılacaq..."

Rusiya prezidenti Vladimir Putin nəinki Ukraynanı, bütün Avropanı nüvə fəlakəti ilə şantaj edir. Zaporojye Atom Elektrik Stansiyasını (AES) nəzarətdə saxlayan Kreml Avropaya qarşı nüvə terrorunun rıçaqlarını əldən buraxmaq istəmir.

Moderator.az xəbər verir ki, bu barədə "Forbes" jurnalının dərc edilən məqalədə deyilir.

Məqalədə britaniyalı nüvə təhlükəsizliyi üzrə ekspert, Lester Universitetinin tədqiqatçısı və "Nüvə şantajı" kitabının müəllifi Saymon Bennetin fikirlərinə geniş yer ayrılıb. Onun sözlərinə görə, Putin məğlubiyyətə uğradığı təqdirdə, Zaporojyedəki altı nüvə reaktorunun hamısını minalayıb, uzaqdan partlatmaqla Avropa üzərində radiasiya kabusunu yenidən dirçəldə bilər.

Nüvə obyekti silaha çevrilə bilər

Bennet bildirir ki, bu, təkcə Ukraynaya qarşı təhdid deyil, Kremlin əsas məqsədi bütün Qərbi, xüsusən də Avropa ölkələrini qorxu altında saxlamaqdır. O, xatırladır ki, hələ müharibənin ilk aylarında Rusiya həm Çernobıl, həm də Zaporojye AES-lərini ələ keçirərək nüvə obyektlərini ilk dəfə birbaşa hərbi nəzarət altına alıb. Bu, müasir hərb tarixində görünməmiş hal idi.

Ekspert xəbərdarlıq edir ki, Zaporojye AES dünyanın ən böyük "çirkli bomba" potensialına malik nüvə obyekti ola bilər. Əgər Rusiya onu minalayıb və bir gün partlatsa, yaranacaq radioaktiv buludlar yüzlərlə kilometr məsafəni qət edərək, təkcə Ukraynanı deyil, Avropanı da zəhərləyə bilər. Bennet Çernobıl nümunəsini xatırladır: 1986-cı ildəki partlayışdan sonra radiasiya buludu Britaniyanın Kambria bölgəsinə qədər yayılmış və kənd təsərrüfatını çökdürmüşdü.

Putin özünü də təhlükəyə atır

Lakin Bennetin fikrincə, bu təhlükəli oyun yalnız Qərbə deyil, elə Rusiyanın özünə də ciddi zərbə vura bilər. Əgər Ukraynanın istənilən AES-i, hətta ölkənin qərbində yerləşəni belə zərər görsə və bu zaman qərbdən şərqə doğru külək əsərsə, radiasiya axını Rusiyanın mərkəzinə qədər çata bilər.

Bennet əlavə edir ki, bu cür nüvə təhdidi Kreml üçün təkcə hazırkı müharibədə deyil, gələcəkdə NATO ilə mümkün toqquşmada da istifadə oluna bilər. O, ehtimal edir ki, Rusiya Qərb ölkələrində "yatmış agentlər" - saxta sənədlərlə kritik infrastrukturlara yerləşdirilmiş kəşfiyyatçılar vasitəsilə oxşar taktikaları tətbiq etməyə hazırlaşa bilər.

Zaporojye AES-də vəziyyət

Məlumatda deyilir ki, "Rosatom" Zaporojye AES-in bərpası üçün hərəkətə keçdiyini açıqlayıb. Onlar stansiyanın yenidən işə salınması məqsədilə su təchizatını təmin edəcək üzən nasos stansiyasının inşasına başlayıblar. Lakin Ukrayna Energetika Nazirinin müavini Yuri Şeykonun sözlərinə görə, Zaporojye AES-in Rusiya tərəfindən bərpası ciddi texniki risklər daşıyır.

O, hesab edir ki, stansiyanın avadanlığı bilinməyən vəziyyətdədir, tam texniki audit aparılmayıb və ən önəmlisi - lazımi ixtisaslı kadrlar, o cümlədən ukraynalı mütəxəssislər artıq orada yoxdur. Bir sözlə, Rusiya yalnız işğal etdiyi əraziləri deyil, bütün qitəni nüvə böhranı ilə üz-üzə qoyur və bu böhran təkcə siyasi deyil, bəşəri miqyaslı təhlükə daşıyır.

Seçilən
6
moderator.az

1Mənbələr