İran Zəngəzur dəhlizinin ABŞ şirkətinə verilməsinə qarşı çıxıb.
Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, bu məsələ Azərbaycanın milli maraqları baxımından birmənalı və prinsipial yanaşma tələb edir:
"Azərbaycan üçün bu dəhlizlə bağlı əsas məsələ onun kim tərəfindən idarə olunacağı yox, öz ərazisindən öz ərazisinə maneəsiz keçid hüququnun təmin olunmasıdır. Azərbaycanın mövqeyi tam aydındır. Biz istəyirik ki, vətəndaşlarımız Bakıdan Naxçıvana və ya Naxçıvandan Qarabağa keçərkən pasport nəzarəti, gömrük, sərhəd xidməti və digər inzibati maneələrlə qarşılaşmasınlar. Eyni qaydada, mal və xidmətlərin Bakıdan Naxçıvana və ya əks istiqamətdə daşınması rüsum, gömrük nəzarəti və digər süni əngəllər olmadan həyata keçirilməlidir. Bu, Azərbaycanın daxili nəqliyyat əlaqələrinin bir parçasıdır və bunun təmin olunması ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində tamamilə hüquqidir".
Politoloqun fikrincə, bu dəhlizin konkret olaraq kimin nəzarətində olacağı məsələsi istər Rusiya, istər ABŞ şirkəti, istərsə də Türkiyənin iştirakı Azərbaycan üçün prioritet məsələ deyil.
"Bizim üçün əsas olan logistika prosesinin ardıcıl, maneəsiz və təhlükəsiz işləməsidir. Hazırda bu dəhliz ətrafında müxtəlif güc mərkəzlərinin maraqları toqquşur. Rusiya əvvəllər bu dəhlizə nəzarət etmək istəyirdi. Ermənistan isə Rusiyaya bu səlahiyyəti verməyə çəkinir. ABŞ şirkətinin idarəetməyə cəlb olunması ideyası da gündəmə gəlib. Eyni zamanda Türkiyə bu məsələdə fəaldır, Fransa isə maraqlı deyil, İran və Rusiya bu ideyalara qarşı çıxır. Yəni burada zərif bir geosiyasi oyun oynanır. Ancaq Azərbaycanın bu oyunlarda əsas məqsədi sadə və birmənalıdır: maneəsiz nəqliyyat keçidi.
İranın bu məsələyə münasibəti isə Azərbaycanın mövqeyini daha da gücləndirir. Çünki Azərbaycan nə Ermənistan ərazisinə nəzarət iddiası irəli sürür, nə də regiona xarici hərbi və ya kommersiya qüvvələrinin daxil olmasına xüsusi təşəbbüskarlıq göstərir. Əgər İranın bu məsələdə narahatlığı varsa, o zaman bu narazılığını Azərbaycan yox, Paşinyan hakimiyyətinə bildirməlidir. Çünki bu proseslərə əsas təşəbbüslə çıxan tərəf Ermənistandır. Azərbaycan sadəcə olaraq ərazi bütövlüyü çərçivəsində daxili kommunikasiya hüququnu həyata keçirmək istəyir. Bu isə beynəlxalq hüquqa tam uyğundur və kimsəyə qarşı yönəlməyib", - deyə Turab Rzayev vurğuladı.
Xədicə BAXIŞLI