Gürcüstan-Rusiya sərhədində miqrantların yaşaması üçün yer yaradılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
“Darialı” keçid məntəqəsində beynəlxalq mühafizə tələbi ilə Gürcüstana daxil olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti yaşayış yeri yaradılacaq.
Layihənin təxmini dəyəri 300 min lari (111 min dollar) təşkil edir. Oktyabrın 1-dən qüvvəyə minən “Beynəlxalq mühafizə haqqında” yeni qanuna görə belə yer yaradacaqlar.
Buna əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Gürcüstan sərhədində və ya tranzit zonasında beynəlxalq mühafizə üçün müraciət etmək hüququ olacaq. Və həmin şəxs ölkəyə buraxılmadan birbaşa sərhəd-keçid məntəqəsində müraciətə baxılacaq.
Daxili İşlər Nazirliyi layihəni əsaslandırarkən onu da qeyd edir ki, son vaxtlar Rusiya ərazisindən etibarsız sənədlərlə Gürcüstan sərhədini keçməyə cəhd edənlərin sayı artıb.
Xuraman Etibarlı
İnterpress.az