Tailandın paytaxtında kütləvi atışma baş verib.
Sfera.az bildirir ki, 61 yaşlı kişi ərzaq bazarında insanlara atəş açıb. İrimiqyaslı atışmadan sonra təcavüzkar intihar edib.
“Reuters”in Tailand polisinə istinadən verdiyi məlumata görə, iyulun 28-də naməlum şəxs Banqkokun ən məşhur bazarlarından biri olan Or Tor Korda atəş açıb. Hücum zamanı hücumçunun özü də daxil olmaqla azı 6 nəfər həlak olub. Faciə Banq Sue turizm mərkəzinin yaxınlığında, Çatuçak ərazisində baş verib.
Hücum edən şəxs həmin bazarda keçmiş mühafizəçi işləyən Noi Praydaen adlı 61 yaşlı kişi olub. Polisin məlumatına görə, şəxs odlu silahla kompleksə daxil olub, bundan sonra mühafizəçilərə atəş açıb. Dörd mühafizəçi və bir satıcı qadın yerindəcə dünyasını dəyişib. Bundan sonra hücumçu alış-veriş pavilyonunun yaxınlığındakı skamyada oturaraq özünü güllələyib.
Şahidlər ən azı beş atəş səsi eşitdiklərini bildiriblər. Qara köynək, kamuflyaj şort geyinmiş və çiynində bel çantası olan şəxsin hücumdan sonra sakitcə bazarda gəzdiyini, oturaraq özünü başından vurduğunu müşahidə kameraları qeydə alıb.
Həlak olanlardan əlavə, iki qadın yaralanıb. Həkimlər hələlik zərərçəkənlərin vəziyyəti ilə bağlı açıqlama verməyiblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin motivlərini araşdırır. Əsas versiya təcavüzkarla bazar işçiləri arasında şəxsi münaqişədir. Eyni zamanda, polis hücumla Tailand və Kamboca arasında sərhəd gərginliyi arasında mümkün əlaqəni istisna etmir, çünki mühafizəçilərdən biri Kamboca əsillidir.
Qeyd edək ki, Taylandda mülki əhali arasında silaha sahiblik səviyyəsi Cənub-Şərqi Asiyada ən yüksək səviyyədədir. Burada kütləvi atışmalar nadir olsa da, ölümlə nəticələnən hadisələr daha tez-tez baş verir.
Bu, Tailandda çoxsaylı qurbanların olduğu ilk atışma deyil. 2022-ci ilin oktyabrında keçmiş polis məmuru ölkənin şimal-şərqindəki uşaq bağçasında əksəriyyəti uşaqlar olan 30-dan çox insanı güllələyib. Bu cür hallar hakimiyyəti silahların dövriyyəsinə nəzarəti gücləndirməyə məcbur edir, lakin zorakılıq səviyyəsində real azalma hələ qeydə alınmayıb.
Aysel