"Temperatur Selsi üzrə 50 dərəcəni keçib, mütəxəssislər xəbərdarlıq edir ki, bu, artıq "yeni norma"dır..."
Bu yay Avropanın üzərinə qopan isti dalğaları təkcə termometrləri deyil, həm də tarixdəki hava rekordlarını alt-üst edib. İtaliya, Yunanıstan, Türkiyə, Balkanlar, Kipr və daha bir çox ölkə nəfəs kəsən istidən əziyyət çəkir. Artıq bu, yay fəslinin adi halı yox, fövqəladə vəziyyətidir.
Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yayıb.
50 dərəcılik rekord: Avropanın ən isti günü Türkiyədə qeydə alınıb
İyulun sonlarında Türkiyənin Şırnak vilayətində temperatur inanılmaz səviyyəyə - 50,5 dərəcə Selsiyə yüksəlib. Türkiyə Meteorologiya Xidməti bu göstəricini təsdiqləyərək bildirib ki, bu rəqəm artıq rəsmi olaraq Avropa qitəsinin yeni istilik rekordudur. Əvvəlki rekord 2021-ci ilin avqustunda Siciliyada - 48,8°C olaraq qeydə alınmışdı. Ondan əvvəl isə 1977-ci ildə Yunanıstanda 48°C ilə tarixə düşmüşdü.
Builki isti isə təkcə bir nöqtədə yox, Türkiyənin 31 vilayətində 40 dərəcədən yuxarı müşahidə olunub. Temperatur kölgədə, 2 metr hündürlükdə ölçülüb. Mütəxəssislər vurğulayır ki, bu göstəricilər mövsümi normadan 6-12 dərəcə yüksəkdir.
Qeyd edək ki, coğrafi baxımdan Türkiyə həm Asiya, həm də Avropa ərazisində yerləşsə də, Dünya Meteorologiya Təşkilatı (WMO) bəzi əraziləri Avropa regionuna aid edir və bu rekord da məhz bu kontekstdə önəm daşıyır.
Cənubi və Şərqi Avropa alışıb yanır
İyulun üçüncü həftəsindən etibarən Cənubi Avropa ardıcıl üçüncü isti dalğanın təsiri altındadır. Yunanıstanın paytaxtı Afinada Selsi üzrə +43 dərəcə, Albaniyanın Tiranasında isə +41 dərəcəyə qədər isti qeydə alınıb. Kiprdə iyulun 24-dən bəri davam edən meşə yanğınları artıq 120 kvadrat kilometr ərazini külə döndərib. Güclü külək yanğınsöndürmə işlərini çətinləşdirir, əsas zərər Limassol kurortuna dəyib.
Bolqarıstanda 60-dan çox meşə yanğını başlayıb, alovlar üzüm bağlarını belə məhv edib. Antalyada isə termometrlər +47 dərəcəyə çatıb. İtaliyanın cənubundakı Apuliya bölgəsində ən azı 5 nəfər istidən həyatını itirib. Palermo və digər şəhərlərdə qırmızı təhlükə səviyyəsi elan olunub. Hakimiyyət insanlara evdən çıxmamağı tövsiyə edir.
Rekordlar sadəcə Cənubda deyil
İyulun 26-da Macarıstanın cənub-şərqindəki meteoroloji stansiyada +41,3 dərəcə qeydə alınıb. Bu, ölkə üzrə son yüz ildən artıq müddətdə ən yüksək gündəlik temperaturdur. Bu göstərici əvvəlki maksimum olan +40,4 dərəcəni geridə qoyub və ölkə tarixindəki mütləq rekorddan cəmi 0,6 dərəcə geridə qalıb. Maraqlıdır ki, Macarıstan iki yerə bölünüb: şərqdə cəhənnəmi xatırladan hava hökm sürür, qərbdə isə temperatur +22 dərəcə ətrafındadır. Rumıniyanın cənubunda isə həmin gün +43 dərəcə gözlənilib.
Qərbdə yağış rahatlıq gətirib, lakin istidən qaçmaq olmur
Fransa, Böyük Britaniya, İspaniya və Danimarka kimi Qərbi Avropa ölkələrində isə hava nisbətən sərinləşib. İspaniya Meteoroloji Xidməti bir neçə bölgədə şiddətli yağış və fırtınaya görə narıncı və qırmızı xəbərdarlıq edib. Danimarkada da həftə ərzində güclü yağışlar müşahidə olunub.
Skandinaviya da qeyri-adi istilər yaşanır
Finlandiya və İsveçdə temperatur normadan yüksəkdir. Finlandiyada hətta gecələr belə +20 dərəcədən aşağı düşməyən "tropik gecə" müşahidə olunub. İsveçdə isə +30 dərəcəni keçəcəyi gözlənildiyindən narıncı təhlükə səviyyəsi elan olunub.
Bu, qitənin yeni iqlim reallığıdır
Meteoroloqlar xəbərdarlıq edir ki, bu ekstremal istilər təsadüfi deyil - bu, artıq qitənin yeni iqlim reallığıdır. Dünya Meteorologiya Təşkilatı hesab edir ki, yaxın gələcəkdə Avropada daha böyük və dağıdıcı hava anomaliyaları baş verə bilər. Artıq sual belə qoyulur: bu fəsil yayı xatırladır, yoxsa iqlim fəlakətinin ilk səhifələrini?