Paytaxtda metrostansiyaların ətrafında küçə ticarəti ilə məşğul olan insanlara tez-tez rast gəlinir. Bu halın qanuni olub-olmaması isə çox zaman cəmiyyətdə suallar doğurur. İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, bu fəaliyyətin birbaşa qadağan olunduğunu göstərən konkret bir qanun yoxdur: “Ümumiyyətlə, harada və hansı fəaliyyətlə məşğul olmağın mümkünlüyü yerli icra hakimiyyətinin səlahiyyətinə aiddir. Məsələn, metronun qarşısındakı ərazi dövlətə məxsusdur və həmin sahəni icarəyə verə biləcək orqan da yerli icra hakimiyyətidir. Bu, Daşınmaz Əmlakın Dövlət Reyestri ilə birlikdə həyata keçirilə bilər. Qanuna əsasən, icarə haqqı ödənilməlidir”. Ə.Həsənov qeyd edib ki, Azərbaycanda müəyyən dövrlərdə belə fəaliyyətlərə müvəqqəti olaraq qadağalar tətbiq olunub. Onun sözlərinə görə, bu fəaliyyəti qadağan etmək də mümkündür. Bu da icra hakimiyyətinin qərarından asılı olan məsələdir və həmin qurum buna nəzarət edir. Sevinc İbrahimzadə / Metbuat.az