Yay aylarında insanların təbiətdə daha çox zaman keçirməsi ilan sancması təhlükəsini də yol açır. Xüsusilə kənd ərazilərində, meşəlik və çəmənlik yerlərdə bu risk daha çox olur. İlanların hamısı zəhərli olmasa da, ehtiyatlı olmaq və ilkin yardım qaydalarını bilmək həyati əhəmiyyət daşıyır. Metbuat.az-ın məlumatına görə, ilan sancması zamanı ilk növbədə zəhərin orqanizmdə yayılmasının qarşısını almaq və xəstəni ən qısa zamanda tibbi yardım göstərilə biləcək yerə çatdırmaq vacibdir. Panikaya düşməyin və zərərçəkəni sakitləşdirin Həyəcan və qorxu insanın ürək döyüntüsünü sürətləndirir və bu da zəhərin qan vasitəsilə daha tez yayılmasına səbəb ola bilər. Zərərçəkəni yerə uzadın və mümkün qədər az hərəkət etməsinə çalışın. Sancılan hissəni sabit saxlayın Əgər sancma qolda və ya ayaqdadırsa, həmin hissəni hərəkətsiz saxlamaq vacibdir. Mümkündürsə, sancılan hissəni ürək səviyyəsindən aşağıda tutmaq zəhərin yuxarıya doğru yayılmasının qarşısını alar. Qandövranını tam bağlamadan sarğı qoymaq olar Sancma yerinin bir qədər yuxarısından (təxminən 5-10 sm) yüngül sarğı qoymaq olar, amma qandövranını tam bağlamaq olmaz. Həddindən artıq sıxmaq toxumaların zədələnməsinə səbəb ola bilər. Hər 10-15 dəqiqədən bir sarğını bir az boşaltmaq lazımdır. Sancılan yeri yumaq olar, amma kəsmək olmaz İlan sancan yeri sabunlu su ilə yumaq olar, amma onu kəsmək, yandırmaq və ya ağızla sorub zəhəri çıxarmaq qətiyyən olmaz. Bu köhnə üsullar artıq təhlükəli hesab olunur və infeksiya riskini artırır. Tibbi yardım çağırın və ya ən yaxın tibb məntəqəsinə aparın Zərərçəkən şəxsi dərhal xəstəxanaya çatdırmaq lazımdır. Yolda təzyiqini, nəfəsini izləmək də faydalıdır. Zəhərli ilan sancması zamanı tez bir zamanda zərdab (antizəhər) vurulması həyati önəm daşıyır. Qeyd edək ki, ilan sancmış şəxsə spirtli içki və ya kofein vermək olmaz. Dərman isə (ağrıkəsici daxil olmaqla) yalnız həkim təyinatı ilə olmalıdır. Sevinc İbrahimzadə / Metbuat.az