Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Liberal Demokrat Partiyasının (LDPR) rəhbəri Leonid Slutskıy açıqlama verib. O, abortların tamamilə qadağan edilməsini və yalnız həkim rəyinə əsaslanan hallarda icazə verilməsini təklif edib.
Slutskıy bildirib ki, bu addım ölkədəki ağır demoqrafik vəziyyətin dəyişməsinə səbəb ola bilər: “Abortlar Rusiya xalqının gələcəyini məhv edir. Biz demoqrafik uçuruma doğru gedirik və bu, dövlət təhlükəsizliyi məsələsidir”.
Qeyd edək ki, bu bəyanat ölkədə geniş müzakirələrə səbəb olub. Hüquq müdafiəçiləri, xüsusilə qadın haqları təşkilatları bu təklifin insan hüquqlarının pozulması olduğunu bildirərək narazılıq ifadə ediblər.
Hazırda Rusiyada abortlara qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və şərtlərlə icazə verilir. Təklifin qanun layihəsinə çevriləcəyi təqdirdə, ölkədə ciddi hüquqi və sosial dəyişikliklərin baş verəcəyi gözlənilir.