“Qarabağ”ın prezidenti Tahir Gözel transferlərdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, hansı mövqeyə futbolçu axtarışında olduqlarını açıqlayıb:
“Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”.