Berlin, 29 iyul, AZƏRTAC
Almaniyanın Federal Kansleri Fridrix Merts Qəzza bölgəsinə humanitar yardımların çatdırılması məqsədilə hava dəhlizinin yenidən fəaliyyətə başlayacağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Kansler bu barədə Təhlükəsizlik Kabinetinin iclasından sonra açıqlamasında deyib. F.Merts bildirib ki, hava dəhlizi Almaniya ilə İordaniya arasında əməkdaşlıq şəraitində həyata keçiriləcək. Almaniya, həmçinin Böyük Britaniya və Fransa ilə də bu məsələ barədə müzakirə aparacaq. Hər iki ölkə belə bir hava dəhlizində iştirak etməyə hazırdır.
Ötən ilin martında da Alman Hərbi Hava Qüvvələri İordaniya ərazisindən Qəzza zolağına humanitar yüklərlə uçuşlar həyata keçirmişdi. Bundesverə məxsus təyyarələr İordaniyadan havaya qalxaraq, Qəzza zolağına paraşütlərlə yardım paketləri atmışdı.
F.Merts açıqlamasında Qazzada atəşkəsin təmin edilməsi üçün diplomatik səylərin gücləndiriləcəyini və bu məqsədlə Almaniyanın xarici işlər naziri Yohan Vadefulun britaniyalı və fransalı həmkarı ilə birlikdə bölgəyə səfərinin planlaşdırıldığını açıqlayıb. Kansler özü isə İsrailin Baş naziri ilə telefon əlaqəsi yaratmağa cəhd edəcəyini bildirib.
Almaniyanın İsrailin yanında olduğunu açıqlayan F.Merts bu ölkəni Qəzzadakı faciəvi humanitar vəziyyətin dərhal və davamlı şəkildə yaxşılaşdırmağa çağırıb.
Qeyd edək ki, Almaniya Kansleri bölgədəki vəziyyətin müzakirəsinə dair aparılan diplomatik görüşlər çərçivəsində iyulun 29-da Berlində İordaniya Kralı II Abdullah ilə görüşəcək.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin