Tanınmış ekspert, İKT üzrə mütəxəssis Osman Gündüz “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) fəaliyyəti ilə bağlı növbəti vacib məsələni gündəmə gətirib. Editor.az xəbər verir ki, o, şəxsi “Facebook” hesabında paylaşdığı statusda Bakı–Balakən marşrutu üzrə hərəkət edən qatarda sərnişin doluluğunun aşağı olduğunu və bunun əsas səbəbinin yüksək qiymətlər olduğunu bildirib.
Ekspert qeyd edib ki, iyulun 29-da Bakı-Balakən qatarının yola düşməsinə bir saat qalmış vəziyyəti yerində müşahidə edib. Onun sözlərinə görə, biznes klas tam boş gedəcək və 80 manatlıq biletlərin əksəriyyəti alınmayıb.
Osman Gündüz yazır ki, belə isti havada sərnişinlər kondisionerli kupelərdə getməkdən qiymətlərin baha olması səbəbindən imtina edirlər. Onun fikrincə, görünür, biznesmenlər də artıq bu qiymətlərlə səyahətə üstünlük vermirlər.
Ekspert qeyd edir ki ,30 manatlıq kupe (Standart+) biletlərinin də üçdə biri satılmayıb. Ən çox tələb olunan, lakin son dövrlər narazılıq doğuran plaskart (Standart) biletlərinin isə 25 faizi satışda qalıb.
Osman Gündüz bildirir ki, bu statistika qatarın doluluq səviyyəsinin 65 faiz olduğunu göstərir. Ekspert hesab edir ki, doluluğun az olmasının yeganə səbəbi qiymətlərin baha olmasıdır.
O, həmçinin ADY-nin ictimaiyyətə verdiyi bəzi açıqlamaların reallığı əks etdirmədiyini vurğulayıb.
Qeyd edib ki, qurum bəzən qatarlarda doluluq səviyyəsinin yüksək olduğunu bildirir, bahalı yerlərin isə guya oliqarxlara aid olduğunu və bu səbəbdən qiymətlərin qabardılmamasını istədiyini deyir.
Lakin ekspert qeyd edir ki, nə doluluq ADY-nin dediyi kimidir, nə də biznes yerlərin satışı.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmovdur.
Mövzu ilə bağlı ADY-nin mövqeyini işıqlandırmağa hazırıq.
//Mahir Ağa, Editor.az