AZ

Keçmiş məcburi köçkün: Şəhid atamın məzarını ziyarət edəcəyəm

Bakı, 29 iyul, AZƏRTAC

“Mən orada uşaqlıq keçirməmişəm. Heç vaxt orada yaşaya bilməmişəm. Amma istəyirəm ki, uşaqlarım öz doğma kəndimizdə – Qarabağda, Xıdırlıda yaşasınlar. Mənim yaşamadığım həyatı onlar yaşasın. Bu, mənim ən böyük arzumdur”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən keçmiş məcburi köçkün Elçin Həsənov bildirib.

O, həmçinin şəhid atasının məzarını ziyarət etmək arzusu ilə doğma yurda qayıtdığını bildirib: “Oradan köçəndə üç yaşım vardı. Yadıma az da olsa nələrsə düşür. Amma əsas olan odur ki, bu gün öz doğma torpağıma qayıdıram. Atam şəhid olub. Onun məzarı da oradadır. İndi ona daha yaxın olacağam, ziyarət edəcəyəm. Bu da mənim üçün böyük təsəllidir”.

E.Həsənov bütün bu xoş hadisələrə görə əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

“Bu münasibətlə Prezidentimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi və bütün əsgərlərimizi qorusun. Məhz onların fədakarlığı sayəsində bu torpaqlara qayıda bilirik”, - deyə o əlavə edib.

Seçilən
10
2
azertag.az

3Mənbələr