AZ

İsrailin hüquq müdafiə təşkilatları İsraili Qəzzada soyqırım törətməkdə İttiham etdi...-GÖZLƏNİLMƏZ

İsrailin hüquq müdafiə təşkilatları "B'Tselem" və "Physicians for Human Rights-Israel" (İsrail İnsan Haqları üçün Həkimlər) Şərqi Qüdsdə keçirdikləri mətbuat konfransında İsrailin Qəzzada soyqırım törətməkdə ittiham edildiyi hesabatları açıqlayıblar.
 
Moderator.az bu haqda "BBC"-yə istinadla xəbər verir.
 
Hər iki təşkilat son 21 aylıq münaqişəni araşdırıb hazırladıqları hesabatları təqdim ediblər. Uzun illərdir İsraildə fəaliyyət göstərən bu təşkilatlar birgə bəyanatlarında qeyd ediblər ki, "bu qaranlıq dövrlərdə hər şeyin adını doğru qoymaq çox vacibdir" və "bu cinayətin dərhal dayandırılmasını tələb edirlər".
 
İsrail hökumətinin nümayəndəsi hüquq müdafiə qruplarının soyqırım ittihamlarını şiddətlə rədd etdiklərini, bunun İsraildəki hüquq müdafiə təşkilatları tərəfindən irəli sürülən ilk soyqırım ittihamı olduğunu bildiriblər.
 
"Bizim müdafiə qüvvələrimiz yalnız terrorçuları hədəf alır, mülki insanları deyil. Qəzzada əziyyətə səbəb olan "HƏMAS"-dır," deyə İsrail hökumətinin nümayəndəsi David Mencer açıqlamasında bildirib.
 
"B'Tselem" təşkilatının icraçı direktoru Yuli Novak  Qüdsdəki mətbuat konfransında hesabatın "heç vaxt yazmağı arzulamadıqları" bir sənəd olduğunu vurğulayıb. Təşkilatın 88 səhifəlik hesabatında qeyd olunur:
 
"İsrailin Qəzza zolağında apardığı siyasət və onun dəhşətli nəticələri, yüksək səviyyəli İsrail siyasətçilərinin və hərbi rəhbərlərinin hücumun məqsədləri haqqında söylədikləri ilə birləşərək, İsrailin koordinasiyalı şəkildə, məqsədli olaraq Qəzzada Fələstin cəmiyyətini məhv etməyə çalışdığı nəticəsinə gəlməyimizə səbəb olub."
 
"Physicians for Human Rights-Israel" (PHRI) təşkilatının 65 səhifəlik hesabatında isə Qəzzanın səhiyyə infrastrukturunun "hesablı və sistematik şəkildə" hədəf alındığı bildirilir. Hesabatda deyilir:
 
"Sübutlar göstərir ki, Qəzzanın səhiyyə və həyatını davam etdirən sistemləri məqsədli hücumlar, tibbi yardımın qarşısını almaq, təxliyələrin əngəllənməsi və səhiyyə işçilərinin öldürülməsi və həbs edilməsi yolu ilə mərhələli və sistematik şəkildə dağıdılır."
 
"PHRI"-nin icraçı direktoru Dr. Qay Şalev "BBC"-yə verdiyi açıqlamada "Soyqırım qarşısında susmaq mümkün deyil. Biz bu məsələyə ciddi yanaşaraq vurğulamaq istəyirik ki, soyqırıma qarşı mübarizə yalnız hüquqi və siyasi qurumların məsuliyyəti deyil. Bu mübarizə qlobal səhiyyə icmasından təcili addımlar tələb edir",- deyə vurğulayıb.
 
Təşkilatlar 7 oktyabr 2023-cü ildəki "dəhşətli və cinayətkar" "HƏMAS" hücumunun İsraildə kollektiv qorxu və travmaya səbəb olduğunu qeyd ediblər. Lakin onların iddialarına görə, İsrail hökuməti bu hücuma cavab olaraq, "ekstremist ideologiyaların təşviqi və Fələstinlilərin Qəzzada insanlıqdan məhrum edilməsi" üzərində qurulmuş bir kampaniya həyata keçirib. Bu, siyasi və hərbi liderlərdən döyüşçülərə qədər olan şəxslər tərəfindən Qəzzadakı bütün fələstinlilərin məsuliyyət daşıdığına dair istifadə edilən düşüncə əlaqələndirilib.
 
"PHRI" apardığı araşdırmaların nəticəsində həmin hərəkətlərin "müharibənin təsadüfi nəticələri deyil, fələstinlilərə qarşı qəsdən və sistematik şəkildə həyata keçirilən bir siyasətin hissəsi" olduğunu və bu siyasətin 1948-ci il Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının II maddəsində müəyyən edilən üç əməldən ən azı birini ehtiva etdiyini açıqlayıblar.
 
Beynəlxalq hüquq ekspertləri, BMT və digər beynəlxalq təşkilatlar, İsrailin Qəzzada soyqırım törətdiyini bildirən bir sıra hesabatlar yayıblar. Cənubi Afrika tərəfindən Beynəlxalq Məhkəməyə təqdim edilmiş bir işdə İsrailin Qəzzadakı fələstinlilərə qarşı soyqırım törətməsi iddia olunur.
 
İsrail bu ittihamları qətiyyətlə rədd edərək, onları "tamamilə əsassız və səhv iddialar" olaraq qiymətləndirib.
 
Dr. Şalev "BBC"-yə verdiyi açıqlamada, "PHRI" və "B'Tselem" təşkilatlarının nümayəndələrinin və işçilərinin İsraildəki məruz qalacaqları fiziki və ya şifahi zorakılıqlardan narahat olduqlarını bildirib. “Ancaq biz ümid edirik ki, insanlar bizim dediklərimizi dinləyəcəklər”,- o, əlavə edib.
 
Yuli Novak isə İsrailin soyqırım törətməsi barədə nəticəyə gəlmənin çətin bir mental və şəxsi proses olduğunu qeyd edib:
 
"Öz ölkənizin, kollektivinizin soyqırım törətdiyini başa düşmək çox çətin bir psixoloji və şəxsi prosesdir. Bu, bizim kim olduğumuz barədə çox sadə bir anlayışımızı pozur..."
 
Xatırladılır ki, İsrail 7 oktyabr 2023-cü ildəki "HƏMAS" hücumuna cavab olaraq Qəzzada müharibəyə başlayıb. Hücumda təxminən 1,200 nəfər həyatını itirib və 251 nəfər əsir götürülüb. İsrailin hücumları nəticəsində Qəzzada 59,900-dən çox insan ölüb, BMT və digər təşkilatlar bu rəqəmləri ən etibarlı mənbə olaraq qəbul edirlər.
 
S.Laçın
 
 
 
 
Seçilən
3
moderator.az

1Mənbələr