Məhkəmədə dələduzluqda, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən İlkin Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Binəqədi Rayon Məhkəməsinin 2022-ci il 6 iyun tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin qərarından təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinməsinə, məhkum olunmasına və ona cəza təyin edilməsinə dair müddəalar çıxarılıb. İlkin Babayevin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 4000 manat məbləğində və təqsirli bilindiyi Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 2000 manat məbləğində cərimə cəzaları qismən toplanmaqla, ona 5000 manat məbləğində cərimə cəzası təyin edilib. Hazırkı qərarla təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 24 dekabr tarixli hökmünə əsasən təyin edilmiş 10000 manat cərimə cəzası ilə qismən toplanmaqla təqsirləndirilən şəxsə qəti olaraq 11000 manat məbləğində cərimə cəzası təyin olunub.
Xatırlatma: Baş Prokurorluğun yaydığı məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çoxsaylı vətəndaşların müraciəti əsasında Babayev İlkin Əbülfəz oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında Muradov Eldar Murad oğlu, Həsənzadə Mobil İsmiəli oğlu, Məmmədov Allahqulu Qudrət oğlu və Ağazadə Asəf Elşad oğlu ilə birgə işə düzəltmə, torpaq sənədlərinin hazırlanması, təhsil sənədlərinin tanıdılması və digər adlarla 32 şəxsdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 700 min manatdan artıq məbləğdə, o cümlədən Şəmşirov Nahid Rəşid oğlu ilə cinayət əlaqəsinə girməklə 7 şəxsdən 240 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən əməlləri ilə bağlı İlkin Babayev və digər şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib və 27 may 2023-cü il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.
Eyni zamanda Nahid Şəmşirov Cinayət Məcəlləsinin 178.3.2, 310-cu və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Baş İdarədə Babayev İlkin Əbülfəz oğlu barəsində əvvəllər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri 3 cinayət işinin ibtidai istintaqı aparılıb və hər 3 iş aidiyyəti üzrə məhkəmələrə göndərilməklə, onlardan 2-si üzrə ittiham hökmü çıxarılıb, 1-i üzrə isə bəraətverici əsaslar olmadan icraata xitam verilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona 15 000 manat cərimə cəzası təyin edilmişdi.
Qeyd: İlkin Babayevin Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində Cinayət Məcəlləsinin 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsilə cinayət məsuliyyətinə cəlb edilmişi. Həmin iş baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və təqsirləndirilən şəxsin hazırki iş üzrə 1 ay 11 gün həbsdə olması nəzərə alınıb və qəti olaraq 1 ay 19 gün azadlıqdan məhrum edilmiş və 06.06.2022-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona kəsilmiş 15 000 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılmışdı.
Kamal Məmmədov