Çin paytaxtında fəlakətli daşqınlar minlərlə insanın köçürülməsinə səbəb olub...
Pekində yağan güclü yağışlar nəticəsində azı 30 nəfər həyatını itirib.
Poliqon xəbər verir ki, bu barədə Çinin rəsmi informasiya agentliyi “Xinhua” şəhər hakimiyyətinə istinadən məlumat yayıb. Ölənlərin 28-i Miyyun rayonunda qeydə alınıb – burada 543 mm yağıntı düşüb. Daha iki nəfər isə Yənçin rayonunda ölüb.
Hadisədən sonra Pekin və daşqınlardan zərər görən Hıbey vilayətində fövqəladə vəziyyət rejimi tətbiq olunub. Paytaxtda ümumilikdə 80,3 min sakin təxliyə edilib. 31 yol sahəsi zədələnib, 136 kənddə isə elektrik təchizatı pozulub.
Çin Fövqəladə Halların İdarə Olunması Nazirliyinin məlumatına görə, bir neçə gün davam edən leysan yağışları Pekinin Miyyun və Xuayjou rayonlarında, eləcə də Hıbey vilayətinin Çənde və Canzyakou şəhərlərində güclü daşqınlara səbəb olub. Təbii fəlakətlərin qarşısının alınması, nəticələrinin azaldılması və zərərçəkənlərə yardım üzrə Dövlət Komitəsi zərər görmüş ərazilərə işçi qruplar göndərib.
Mərkəzi hökumətin artıq ayırdığı yardımlara əlavə olaraq, yerli hakimiyyət tərəfindən ərazilərə 43 min yardım ləvazimatı – çarpayı, dəsmallı və yun yorğanlar, fövqəladə işıqlandırma cihazları çatdırılıb. Əlavə olaraq, əhali təxliyəsi üçün bölgələrə 2 min ilk yardım dəsti, ərzaq, butulka su, ana və uşaq üçün nəzərdə tutulmuş ləvazimatlar və gigiyenik dəstlər göndərilib.
Poliqon.info