AZ

Qərbi Azərbaycana qayıdışa beynəlxalq dəstək  

BMT dövlətimizin başçısının müraciətini rəsmi sənəd kimi yayıb

Prezident İlham Əliyevin 21 may 2025-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciəti və konfransın yekun sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb.

Dövlət başçısı sözügedən müraciətində bildirib ki, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.

Ermənistanın bu gün monoetnik dövlətə çevrilməsinin səbəbi XX əsrin müxtəlif dönəmlərində məqsədyönlü şəkildə buradan azərbaycanlıların deportasiya edilməsidir. Erməni şovinistləri azərbaycanlılara məxsus torpaqları qəsb edib, soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti törədiblər. Vaxtilə Ermənistana rəhbərlik etmiş şovinist Levon Ter-Petrosyan hələ 1993-cü ildə Ağdamın işğalı günü etdiyi çıxışı zamanı Ermənistanın və "Dağlıq Qarabağ"ın yad millətlərdən (azərbaycanlılardan - red.) tamamilə təmizləndiyini dilə gətirmişdir. Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətində də məlumat verilib ki, Qərbi Azərbaycanda - Ermənistan ərazisində 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır: "Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir".

Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı da soyqırımı siyasəti həyata keçirən ermənilər İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnərək özlərinin guya buranın yerli xalqı olması görüntüsünü yaratmaq üçün o ərazilərdəki yer adlarımızı dəyişdirib uydurma erməni adları qoyublar, yaxud türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər. Ölkəmizin rəhbərinin BMT-nin rəsmi sənədi kimi yayılan adıçəkilən müraciətində də deyilir ki, Ermənistan minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir: "Ermənistanın bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşımışdır".

Danılmaz faktdır ki, İrəvan quberniyasında yüzlərlə məscid, onlarca mədrəsə olub. XX əsrin əvvəllərində həmin ərazidə 300 məscidimiz qeydə alındığı halda hazırda Ermənistanda yalnız bir məscid - İrəvandakı Göy məscid qismən salamat qalıb.

Azərbaycanın qazandığı Zəfər sayəsində keçmiş məcburi köçkünlərimiz illərin ayrılığından sonra sevinclə ata-baba yurdlarına qayıdırlar. Qarabağ və Şərqi Zəngəzura həyata keçirilən Böyük qayıdış qərbi azərbaycanlılarda  da tezliklə yurd həsrətlərinin bitəcəyinə böyük inam və ümid yaradıb. Dövlətimizin Qərbi Azərbaycana qayıdışla bağlı sərgilədiyi qətiyyətli mövqe, atdığı əməli addımlar isə bu inamı birə-min artırır. 

"2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir", - deyə Prezident İlham Əliyevin "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətində vurğulanır. 

Ermənistan qərbi azərbaycanlıların qayıdışı ilə bağlı məsələ ətrafında manipulyasiyalar edir, bunu beynəlxalq ictimaiyyətə Azərbaycanın ərazi iddiası kimi təqdim etməyə çalışır. Halbuki bu ölkənin Konstitusiyasında açıq şəkildə ölkəmizə qarşı ərazi iddiası mövcuddur. İrəvanın hələ də Konstitusiyasına dəyişiklik etməkdən yayınmasının isə sülh müqaviləsinin imzalamasını gecikdirən başlıca amillərdən olduğu faktdır. Eyni zamanda rəsmi Bakı dəfələrlə bəyan edib ki, vaxtilə Ermənistanda etnik təmizləmə ilə üzləşən soydaşlarımız sülh yolu ilə tarixi yurdlarına dönəcəklər. 

Prezident İlham Əliyevin mayın 21-də Ankarada keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciətində də bu məsələlər bir daha öz əksini tapıb. Qeyd olunub ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, "böyük Ermənistan" xülyası, həmin ölkənin Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur: "Xüsusi olaraq vurğulamaq istərdim ki, qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir".

Qərbi Azərbaycana qayıdışın beynəlxalq gündəmdə saxlanılması rəsmi Bakının prioritetidir. Bu günlər Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə qəbul edilən Xankəndi Kommünikesində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ da əks olunub. Bu, qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışına beynəlxalq dəstəyin növbəti nümunəsidir. 

Qərbi Azərbaycana qayıdış istiqaməti üzrə qeyri-hökumət təşkilatları (QHT) da fəallıq göstərirlər. Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. 

Dövlət başçısı İlham Əliyevin "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətinin və konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılmasının özü də 300 min qaçqın soydaşımızın hüquqlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır. 

Bununla əlaqədar Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir ki, Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır: "Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə edilməsi istiqamətində səylərini davam etdirəcək. İcma Ermənistan hökumətindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir".

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr