AZ

Qərbi Azərbaycan Xronikası: "Ermənilər anamın dayısını zəhərləyib öldürüblər" - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu olub.
 
O, Qərbi Azərbaycanın Qarakilsə rayonundan, ana babasıgildə keçirdiyi qayğısız uşaqlıq illərindən söhbət açıb. Qeyd edib ki, Qərbi Azərbaycan ürəyinin bir parçasıdır və orada yaşadığı xoş günlər ömür boyu yadından çıxmayacaq. Müsahib anasının söylədikləri əsasında bildirib ki, babasının bacısını ermənilər ailənin gözü qarşısında yandırıb, əzab-əziyyətlə qətlə yetiriblər. Anasının dayısını isə ermənilər zəhərləyərək öldürüblər. Bu kimi çoxsaylı işgəncələrə məruz qalan ailə məcburən ata-baba yurdunu tərk edib, qaçqına çevrilib. BAMF sədrinin sözlərinə görə, 1828-ci ildə "Türkmənçay" müqaviləsi imzalanandan, İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal ediləndən sonra İrandan, Türkiyədən, sovet illərində isə dünyanın bir çox ölkələrindən kütləvi şəkildə köçürülən ermənilər Qərbi Azərbaycan ərazisində, azərbaycanlıların zorla çıxarıldığı evlərdə məskunlaşdırılıblar.
 
U.Rəhimoğlunun sözlərinə görə, Qərbi Azərbaycanda elə bir ailə yoxdur ki, bu faciələri yaşamamış olsun. Ümumilikdə 1828-1988-ci illərdə soydaşlarımız rusların himayəsinə sığınan ermənilərin ən müxtəlif fiziki və mənəvi terroruna məruz qalıblar. Sovet illərində Gorus rayonuna, həmçinin digər rayon mərkəzlərinə alış-verişə gedən, yaxud məcburən yolu bu yaşayış məntəqələrindən keçən azərbaycanlıların avtomobili daşa basılıb, soydaşlarımız nümayişkaranə şəkildə döyülüb, təhqir olunublar. Bütün bunların nəticəsində ötən əsrin sonlarına doğru beş yüz minə yaxın azərbaycanlı öz ev-eşiyindən didərgin salınıb. Ermənilərin vandalizmi sadəcə müsəlman türklərə - insanlara qarşı deyil, maddi-mədəniyyət nümunələrimizə, toponimlərimizə, hətta qəbiristanlıqlarımıza münasibətdə də özünü büruzə verib. Misal üçün, ermənilər Ağdü kənd qəbiristanlığını, eləcə də digər yaşayış məntəqələrində azərbaycanlılara məxsus məzarlıqları dağıdıblar.
 
U.Rəhimoğlu BAMF tərəfindən Azərbaycan həqiqətlərinin konkret faktlarla beynəlxalq aləmə çatdırıldığını vurğulayıb. Bildirib ki, beynəlxalq əhəmiyyətli tədbirlərdə Qərbi azərbaycanlıların deportasiyasını dilə gətirmədən Qarabağdakı faciələri izah etmək mümkün deyil. BAMF prezidenti gec-tez haqq-ədalətin öz yerini tapacağını, soydaşlarımızın Qərbi Azərbaycana mütləq qayıdacağını söyləyib.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
13
3
moderator.az

10Mənbələr