AZ

Maşınından və evindən qanunsuz dərman aşkarlanan şəxsin cəzası dəyişdi

Ali Məhkəmədə dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən R.Lətifovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 200-1.2.3-cü (Dərman vasitələrinin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib məhkum edilmiş R.Lətifovun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Ona 2 il müddətə dərman vasitələrinin alqı-satqısı ilə məşğul olma hüququndan məhrum edilməklə 15 000 manat məbləğində cərimə cəzası təyin olunub. R.Lətifova təyin edilmiş azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının icrasına başlamaması nəzərə alınıb.

 

İttihama görə, R.Lətifov bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etməklə saxlayıb.

 

Belə ki, o, 06 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində olarkən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən idarəyə dəvət edilib. Həmin gün saat 15:55-də İdarənin inzibati binasının həyətində R.Lətifovun icazəsi və iştirakı ilə idarə etdiyi "Audi Q7” markalı nəqliyyat vasitəsinə keçirilmiş baxış və götürmə zamanı avtomobilin salonunda 2000 manat dəyərində 10 flakon "Taksen 300mg/50ml” markalı və xeyli miqdarda 1440 manat dəyərində 02 flakon "Pemtrex 500mg” markalı dərman vasitələri aşkar edilərək götürülüb.

 

Həmin gün saat 16:55-də R.Lətifovun icazəsi və iştirakı ilə onun kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən mənzilə baxış və götürmə keçirilib. Mənzildən 21900 manat dəyərində 50 qutu "Borcade 3.5 mg/İV/SC(toz), 3.5ml(su)” markalı, xeyli miqdarda 1034 manat dəyərində 02 flakon "Vectibix 100mg/5ml” markalı, 2048 manat dəyərində 01 flakon "Vectibix 400mg/20ml” markalı, 4080 manat dəyərində 17 flakon "Erbitux 100mg/20ml” markalı, 2790 manat dəyərində 02 qutu "Valamor 200mg N63” markalı və 5697 manat dəyərində 09 list "Reampla 100 mg” markalı dərman vasitələri aşkar edilərək götürülüb.

 

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə R.Lətifov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 29 İyul 2025, 08:27   
Seçilən
8
pravda.az

1Mənbələr