Salyan mərkəzinə
müraciət edənlər onların köməyindən məmnun qalırlar
Bakı istiqamətindən
cənuba doğru gələndə Kür çayı körpüsünü keçərkən yolun sol kənarındakı gözəl
bir mənzərə diqqət çəkir. Son 15-20 il ərzində burada Qarabağ müharibəsi qaziləri,
Çernobıl əlilləri, şəhid ailələri üçün çoxmərtəbəli bina, Olimpiya İdman
Kompleksi və "ASAN xidmət" mərkəzi tikilmişdir.
Ərazi şəhərciyi
xatırladır və əkilən, xüsusi qayğı ilə becərilib böyüdülən müxtəlif növ
ağaclar, dekorativ gül kolları, yaşıllıqlar bura xüsusi yaraşıq verir.
"ASAN xidmət" Mərkəzinin həyətindəki fəvvarələr, uşaq əyləncə mərkəzi
Muğan torpağının bu guşəsini hətta məşhur kiçik kurort şəhərlərinə bənzədir.
"ASAN xidmət"in
binasına daxil olanda isə ilk müsbət təəssürat daha da güclənir. Yaşadığın ölkədə
əhaliyə xidmət edən belə bir müasir mərkəzin olmasından qürur hissi keçirirsən.
Və bir daha əyani əmin olursan ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə
çox böyük quruculuq işləri görülüb. Bu gün isə işğaldan azad edilmiş Qarabağ və
Şərqi Zəngəzur sürətlə yenidən qurulur, dirçəlir. Yollar, tunellər çəkilir,
körpülər salınır, "ağıllı kəndlər və şəhərlər" inşa olunur,
infrastruktur layihələri həyata keçirilir.
Bütün bu xərc və gərgin
zəhmət tələb edən quruculuq regionlarda aparılan işlərin davam etdirilməsinə də
mane olmur. Olimpiya İdman komplekslərinin, "ASAN xidmət" və Müalicə
Diaqnostika mərkəzlərinin, digər sosial obyektlərin inşası, əsaslı təmir işlərinin
aparılması, yeni yolların çəkilməsi, istehsal müəssisələrinin istifadəyə verilməsi
və s. inkişaf etməkdə olan ölkəmizin regionlarında həyata keçirilən layihələrin
az bir hissəsidir və onlar əhalinin sosial həyatının yaxşılaşdırılmasına təsir
edən amillərdir.
Salyan "ASAN
xidmət"ə gəldikdə, mərkəz bu gün həm də Neftçala, Biləsuvar, habelə Şirvan
şəhərində qeydiyyatda olan 500 minə yaxın vətəndaşa xidmət göstərir. Fəaliyyətdə
olduğu müddətdə də Salyan "ASAN xidmət" Mərkəzinə 410 mindən çox vətəndaş
müraciəti qeydə alınmışdır.
Mərkəzdə ümumilikdə
214 əməkdaş və ay ərzində
20-25 könüllü çalışır. Fəaliyyəti dövründə burada 200-ə yaxın
"könüllü" məzun olub. Gənclər könüllülük fəaliyyətinə 2 ay müddətinə
qoşulur və müxtəlif əmək vərdişləri aşılayan təlimlərdə iştirak edirlər.
Könüllülük fəaliyyəti 3 növbədə təşkil olunur və onlar istədikləri növbə üzrə fəaliyyətə
qoşula bilirlər. Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini
uğurla başa vuran gənclərin hər birinə Dövlət Agentliyi tərəfindən xüsusi
sertifikat və xasiyyətnamə verilir.
Könüllülük fəaliyyətinə
təhsil səviyyəsindən asılı olmayaraq, 15-20 yaşarası gənclər müraciət edə bilir
və onlar müxtəlif layihələrdə iştirak edərək öz xarakterlərində sosial məsuliyyət
anlayışını dərinləşdirirlər. Bütün bunlar həmin gənclərə liderlik və idarəetmə bacarıqlarını
inkişaf etdirməkdə kömək edir.
"ASAN
könüllülər" proqramı fərqli təhsil və peşə sahələrindən olan gəncləri bir
araya gətirir. Hüquq, iqtisadiyyat, mühəndislik, təhsil, incəsənət və s. sahələrdən
gələn gənclər burada həm öyrənir, həm də öyrədirlər. Bu isə öz növbəsində
onların bir-birindən öyrənmələrinə və müxtəlif peşə sahələri arasında təcrübə
mübadiləsi aparmalarına, gələcəkdə bu bilgilərdən istifadə etmələrinə şərait
yaradır.
Seyran CAVADOV,
"Azərbaycan"