Mənim uşaqlığım Ağdamda keçmədi.
Bunu “Report”a Ağdam rayonunun Xıdırlı kənd sakini Elçin Həsənov deyib.
O, qeyd edib ki, atası Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhd olub: “Atam Şirvani Həsənov 1992-ci ildə, Birinci Qarabağ müharibəsində şəhid olub. Mən Ağdamı tərk edəndə 3 yaşım vardı.
Yurduma qayıtmağıma çox sevinirəm. Mənim uşaqlığım Ağdamda keçməyib. İnşallah uşaqlarım orada böyüyəcək. İki oğlum var, birinin 8, digərinin 6 yaşı var. Qoy, övladlarımın uşaqlığı Xıdırlı kəndində keçsin”.
E.Həsənov Ağdamda sakinlər üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edib: “Ağdam işğaldan azad edildikdən sonra gedib oranı gəzmişəm, baxmışam. Yeni tikilən evlərin hamısını gördüm. Çox sağ olsunlar, hər cür şərait yaradılıb. Cənab Prezidentimiz çox sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər şey onların sayəsində oldu. Bu günümüzə şükür, çox sevinirəm”.
Qeyd edək ki, Ağdamın Xıdırlı kəndinə köç karvanı yola salınıb. Belə ki, daha 60 ailə (236 nəfər) doğma yurduna qayıdıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.