Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Bədəlovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 2 il 8 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb.
İttihama görə, hadisə 22 mart 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Namiq Bədəlov birlikdə yaşadığı atalığı, zərərçəkmiş Elçin Qulamovun (soyadı şərtidir) spirtli içki qəbul edib evə sərxoş vəziyyətdə gəlməsinə görə irad bildirib. O, zərərçəkmişi evə buraxmadığı üçün aralarında ailə-məişət zəminində mübahisə yaranıb. Bu zaman Elçin daş hasarı aşıb həyətə daxil olmaq istəyib. Namiq isə onu cəzalandırmaq məqsədilə üzərində gəzdirdiyi bıçaqla zərərçəkmişin bədən nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq, ona xəsarət yetirib.
Daha sonra Namiq Bədəlov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov