AZ

Taxıl, üzüm, kartof, yerkökü  

Tovuzlu əkinçilər bu məhsulların hər birindən götürdükləri qazancdan razıdırlar

Kənd təsərrüfatında işlərin qızğın çağıdır. Əkinçilər, maldarlar işlərinin üstündən bir gün də olsa çəkilmirlər. Tovuz fermerləri də belədir. 

Barama istehsalını yüksək göstəricilərlə yola salan torpaq sahibləri hazırda taxıl biçinini başa çatdırmaq üzrədirlər. Rayonda kartof yığımı da sürətlə davam edir. Üzümçülər isə keçənilki göstəricilərini yeniləmək üçün plantasiyalardan bir də qaş qaralanda çıxırlar.

Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazovun ilk sözü bu oldu ki, cari mövsüm kənd təsərrüfatının bütün sahələrində yüksək göstəricilərə nail olmaq üçün rayon sakinləri bütün imkanlardan maksimum istifadə edirlər: "Əldə etdiyimiz göstəricilər bunu deməyə əsas verir. Hazırda zəmilərdə son biçin gedir. Kartof sahələrində məhsul pis deyil. Tütün sahələrində də bol məhsul əldə etmək üçün lazımi aqrotexniki tədbirlər aparılır". 

Tovuzda az sahə olar ki, yüksək məhsuldarlıq əldə edilməsin. Keçən il 12391 hektardan 41199 ton taxıl biçilmişdir. Hər hektarın məhsuldarlığı 33,3 sentnerə çatmışdır. Taxılçılar bu il də uğurlu göstəricilərə nail olacaqlarına əmindirlər. Məlumat üçün bildirək ki, bu ilin məhsulu üçün 12075 hektarda taxıl əkilmişdir. Onun 10070 hektarı buğda, 2005 hektarı arpadır. Hələlik məhsuldarlıq pis deyil.

Böyük kartof istehsalçılarından olan Tovuzda keçən il 5496 hektardan 164083 ton məhsul toplanmışdır. Hər hektardan orta hesabla 

298,6 sentner məhsul yığılmışdır.  Yeri gəlmişkən qeyd edək ki, istehsal olunan kartofun saxlanmasında əvvəlki çətinliklər yoxdur. İstehsal olunan məhsulun saxlanılması və uyğun vaxtlarda satılması üçün 22 min 500 ton tutumu olan soyuducu anbar kompleksi tikilib istifadəyə verilmişdir. Logistik mərkəz kimi fəaliyyət göstərən bu obyekt kartofçuluğun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Tovuzda ən çox gəlir gətirən sahələrdən olan istixanaların da sahəsi ildən-ilə genişlənir. Sahibkarlar 38 hektar istixanadan keçən il 3344 ton məhsul toplamışlar. 

Tovuz tarixən üzümçülük rayonu olub. Sovetlər birliyi dağıldıqdan sonra  yüz hektarlarla üzüm bağı məhv edilsə də, müstəqillikdən sonra bu gəlirli sahə yenidən dirçəlməyə başlamışdır. Həyata keçirilən tədbirlər nəticəsində rayonda bu gün 1150 hektar üzüm bağı var. Onun da 20 hektarı keçən il salınmışdır. Keçən il 30441,5  ton məhsul istehsal edən bağbanlar hər hektarın məhsuldarlığını 284,5 tona çatdırmışlar. İstehsal olunan üzümün emalı və satışının təşkili istiqamətində də bir sıra işlər görülmüşdür. Rayonun Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi istifadəyə verilmişdir.

Fermerlər deyirlər ki, yerkökü gəlirli tərəvəzdir. Bu yerdə qeyd edək ki, Qərb bölgəsində ən çox yerkökü Tovuzun Hunanlar kəndində becərilir. Kəndin saknləri illərdir ki, bu gəlirli sahənin inkişafı ilə məşğuldurlar. Onlar istehsal etdikləri yerkökünün bir hissəsini yerli, bir hissəsini isə xarici bazarlara çıxarırlar. Kür çayı sahilində yerləşən Hunanlar kəndinin sakinləri artıq bu sahədə ixtisaslaşmışlar. Hazırda kənddə 428 təsərrüfat var və onun 400-ü yerkökü yetişdirməklə məşğuldur.

Sabir ƏLİYEV,

"Azərbaycan" 

Seçilən
6
azerbaijan-news.az

1Mənbələr