AZ

Qvardiola: “Yamal Messinin uğurlarını üstələyə bilərmi?”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”nın 18 yaşlı ispaniyalı ulduz hücumçusu Lamin Yamal haqda söhbət açıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən məlumat verir ki, 54 yaşlı ispan mütəxəssis Yamalın “Barselona”nın argentinalı əfsanəsi Lionel Messinin uğurlarını nə vaxtsa üstələyə bilib-bilməyəcəyi ilə bağlı sualı cavablayıb:

“Biz Lamin Yamala öz yolu ilə getməsinə imkan verməliyik, onda o, 15 il oynayacaq, biz isə onun Messidən yaxşı olub-olmadığını deyə biləcəyik.

Amma onun Messi ilə müqayisə edilməsi amili özlüyündə çox vacibdir. Bu, elə, bir rəssamı Van Qoqla müqayisə etməyə bərabərdir”, deyə Qvardiola vurğulayıb.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 106 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 21 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

Seçilən
8
2
arena.az

10Mənbələr