AZ

Sahibkarlığa verilən kreditlər artıb

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin iyun ayının sonuna ölkədə iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8 milyard 508 milyon manat təşkil edib. Bu, may ayının sonu ilə müqayisədə 21,4 milyon manat və ya 0,25 faiz çoxdur.

Xatırladaq ki, iyul ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 966 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət, nəqliyyat vasitələrinin təmiri” (22,8 faiz), “Emal sənayesi” (13,3 faiz), “Tikinti” (11,6 faiz), eləcə də “Nəqliyyat və anbar təsərrüfatı” (6,3 faiz) sahələrində yaradılıb.

6 ayda ölkədə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi isə 1 milyard 503 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,6 milyon manat və ya 3,8 faiz çoxdur. İyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 12 min 200 kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir. Ümumilikdə, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 6 faizini kiçik sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət, nəqliyyat vasitələrinin təmiri” (36 faiz), “Tikinti” (10,9 faiz), “Emal sənayesi” (9,8 faiz), eləcə də “Peşə, elmi və texniki fəaliyyət” (8 faiz) sahələrində yaradılıb.

Mərkəzi Bankın məlumatına əsasən, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15 milyard 144 milyon manat təşkil edib.

 

Seçilən
0
xalqqazeti.az

1Mənbələr