AZ

İran-İsrail savaşı yenidən başlayır? - "Yaxın müddət ərzində..."

"İsraillə İran arasında 12 günlük gərginlik müharibədən çox bir münaqişə vəziyyəti idi". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, İran-İsrail müharibəsi ənənəvi savaşa bənzəmədi:

"Yəni biz klassik müharibənin şahidi olmadıq. İşğal faktı və ya desant hücumları yaşanmadı. Sözügedən müharibə yalnız uzaqdan zərbələrlə müşahidə olundu və 12 gün davam etdi. Bu baxımdan da biz bunu 12 günlük münaqişə adlandıra bilərik".

378855

Onun sözlərinə görə, ABŞ bu savaşın olmasına icazə verdi:

"Faktiki olaraq, ABŞ həm İran, həm də İsrailə belə bir toqquşma üçün şərait yaratdı. Ən azından 12 gün ərzində bunun qarşısı alınmadı. 

Nəzərə almaq lazımdır ki, İranla nüvə danışıqları prosesi dalana dirənmişdi. İsrail tərəfi isə İranla danışıqlardan narazı idi. Yəni rəsmi Vaşinqton hər iki tərəfdən də sıxışdırıldığı üçün belə bir varianta icazət verdi".

Ekspert qeyd edib ki, 12 günlük müharibə dövründə tərəflər ən azından bir müddətlik enerjilərini tükətdilər:

"Ancaq İsrailin ambisiyaları bitmir. İran tərəfi gərginlikdə maraqlı görünməsə də, İsrail açıq gərginliyin tərəfdardır. Hesab edirəm ki, İsrail İranda həm rejimi devirmək, həm də İranın parçalanma ssenarisini gerçəkləşdirmək istəyir. Belə olan halda da rəsmi Təl-Əvivin yaxın müddət ərzində gərginliyi artıracağını deyə bilərik". 

Turan Rzayevin fikrincə, İsrail və İran arasında yenidən hərbi toqquşma baş verə bilər:

"Məncə, ən geci gələn ilin yay aylarında yenidən iki ölkə arasında gərginlik başlayacaq. Amma İsraillə İran arasında yaxın müddət ərzində də gərginliyin başlama ehtimalları var. 

Çünki İsrail prosesi hələ tam bitirməyib. Nəzərə almaq lazımdır ki, İsrail İranla gərginliyi bitən kimi yönünü yenidən Qəzza və Suriyaya çevirdi. Böyük ehtimalla, orada da yenə proses səngiyyən kimi istiqaməti yenidən İrana çevirəcək".

Pərviz

Seçilən
3
hit.az

1Mənbələr