PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın “sağ əli” olan Veysi Aktaş həbsdən azad edilib. O, ömürlük həbs cəzasına məhkum edilməsindən 31 il 3 ay sonra azadlığa buraxılıb. Veysi Aktaş PKK sıralarında fəaliyyətinə görə 1994-cü ildə həbs olunub. 2015-ci ildən PKK lideri Abdullah Öcalanla birlikdə İmralı həbsxanasında saxlanılırdı. Aktaş “dövlət suverenliyi altında olan ərazilərin bir hissəsini dövlət idarəçiliyindən ayırmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.
PKK terror təşkilatı isə artıq özünü buraxdığını elan edib, üzvləri isə silahları təhvil verməyə başlayıblar. Öcalanın “sağ əli”nin azadlığa buraxılmasından sonra nəzərlər özünə dikilib.
PKK liderinin də sərbəst buraxılması reallaşa bilərmi? Öcalanın silahı yerə qoymağa çağırış etməsi onun azad ediləcəyi ümidi ilə əlaqələndirilir. Qruplaşmanın tam şəkildə tərk-silah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal olunur. İddialara görə, silahlarını təhvil verənlər İraqda yaşayacaqlar. Proses yekunlaşdıqdan sonra hətta Öcalanın həbsdən çıxarıla biləcəyinə dair fikirlər səsləndirilir. Sezar pizza
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifini dəstəkləmiş, bunu “tarixi fürsət” kimi dəyərləndirmişdi. Bağçalı Öcalana bu çağırış etdiyi təqdirdə vaxtından əvvəl şərti azadlığa buraxmağı təklif etmişdi.
Veysi Aktaşdan sonra PKK-çılar tam tərk-silah olunarsa, Öcalanın da azadlığa çıxmaq şansı ola bilər.
Kamran Məmmədli
Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, Öcalanın “sağ əli” 31 ildən sonra azadlığa çıxıbsa, hər kəsdə onun özünün də azadlığa çıxacağı haqda fikir yaranır: “PKK-nın qurucularından, Abdullah Öcalanın "sağ əli" kimi tanınan Veysi Aktaşın 31 il 3 ay həbsdən sonra azadlığa buraxılması Türkiyədə və regionda böyük rezonans doğurdu. Bu, sadəcə, bir şəxsin azadlığa çıxması deyil. Ankara ilə PKK arasında uzun illərdir görünməyən, amma həmişə mövcud olan siyasi-hərbi mübarizənin yeni mərhələyə keçməsinin göstəricisidir.
1994-cü ildə həbs edilən Veysi Aktaş yalnız Öcalanın yaxın silahdaşı deyildi. O, PKK-nın silahlı strukturlarında yüksək nüfuza malik, təşkilatın strateji qərarlarında iştirak edən əsas fiqurlardan idi. 2015-ci ildən etibarən Abdullah Öcalanla eyni həbsxanada saxlanılması da onun təşkilat daxilindəki çəkisinin davam etdiyini göstərirdi. İndi isə Aktaş azaddır və bu faktın ardınca Öcalanın taleyi necə olacağı gündəmdədir. Maraqlı məqam odur ki, PKK rəsmi şəkildə özünü buraxdığını elan edib və üzvləri silahlarını təhvil verməyə başlayıblar. Prosesin 2-5 ay çəkəcəyi, silahlarını təhvil verənlərin isə əsasən İraqda yerləşdiriləcəyi bildirilir. Belə bir şəraitdə Öcalanın da azad edilə biləcəyi ehtimalları gündəmə gəlib.
Bu ehtimalları gücləndirən əsas amil MHP lideri Dövlət Baxçalının təklifidir. Baxçalı açıq şəkildə bildirib ki, Öcalan parlamentə gətirilərək PKK-nın buraxıldığını elan etsə, ona şərti azadlıq verilə bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu ideyanı “tarixi fürsət” adlandıraraq, prinsipial dəstək verib. Bu isə göstərir ki, Ankara artıq “post-PKK dövrü” üçün yeni yol xəritəsini nəzərdən keçirir".
Siyasi şərhçi deyib ki, ancaq məsələ yalnız fürsətlə məhdudlaşmır: “Bu addım həm də ciddi siyasi və ictimai risklər daşıyır. Milliyyətçi düşərgə üçün bu, "dövlətin terrorçu ilə barışığı" kimi qəbul edilə bilər. Əgər proses uğursuzluğa düçar olsa, PKK-nın silahsızlanmış formada siyasi gücə çevrilərək yenidən legitim aktora dönməsi təhlükəsi mövcuddur. Bu məsələ Türkiyədə daxili siyasi mübarizənin də yeni xəttini müəyyənləşdirir. MHP bu prosesdə açıq dəstəkçi kimi çıxış edir və Ərdoğana “sərt milliyyətçi baza”nı qoruyaraq manevr imkanı yaradır. AKP isə PKK-nın tərk-silahını və bu istiqamətdə atılacaq hər addımı öz siyasi iradəsinin nəticəsi kimi təqdim etməyə çalışır. CHP prosesə şübhə ilə yanaşır, bunu “hakimiyyətin siyasi oyunu” adlandırır və Öcalanın azadlığına qarşı çıxır. İYİ Partiya sərt şəkildə etiraz edir və bu təşəbbüsü “dövlətin geri çəkilməsi” kimi qiymətləndirir. HDP/YSP isə Öcalanın azadlığını kürd siyasi hərəkatı üçün yeni mərhələnin başlanğıcı kimi görür və bu addımı açıq şəkildə dəstəkləyir".
Müsahibimizə görə, bu məsələdə İraq və Suriya amili, bölgədə yeni təhlükəsizlik balansı da nəzərə alınmalıdır: “PKK-nın silahı yerə qoyması yalnız Türkiyənin daxili məsələsi deyil. Bu, həm də İraq və Suriyada qüvvələr balansına təsir göstərəcək. ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) əsasını PKK ilə bağlı PYD/YPG təşkilatları təşkil edir. PKK-nın silahsızlaşması Suriyadakı bu strukturlara da təsir edə bilər və Vaşinqtonun bölgədəki siyasətində yeni mərhələ başlada bilər. İraqda isə vəziyyət daha mürəkkəbdir. Kürd Regional Hökuməti uzun müddətdir PKK-nın Kandil və digər bölgələrdəki varlığından narazıdır. PKK-nın buraxılması və üzvlərinin İraqda yerləşdirilməsi bu narazılığı artırmaqla yanaşı, həm də Bağdad-Ərbil-Ankara münasibətlərində yeni gərginliklər yarada bilər”.
ABŞ və Avropa İttifaqı uzun illərdir Türkiyəni PKK-nı silahsızlaşdırmaqla yanaşı, kürd siyasi hərəkatını sistemə inteqrasiya etməyə çağırır. Qərb üçün bu, həm Türkiyədə insan haqları və demokratikləşmə prosesinin güclənməsi, həm də Suriyada və İraqda kürd qüvvələri ilə əlaqələrin davam etdirilməsi üçün əlavə zəmanət deməkdir. Vaşinqton üçün Öcalanın azadlığı ikiqat mesajdır. Bir tərəfdən, Ankaranın kürd problemini siyasi yolla həll etməyə hazır olduğu göstərilir, digər tərəfdən, Türkiyənin regionda ABŞ-la koordinasiyalı addımlar ata biləcəyinə dair ümidləri artırır. Avropa isə bu prosesi əsasən “barışıq və demokratik açılım” kontekstində dəstəkləyir.
Ancaq bu dəstək risklərsiz deyil. PKK-nın siyasi kürdçülük adı altında başqa formatda yenidən güclənməsi, hətta bölgədə legitim siyasi aktora çevrilməsi ehtimalı həm Türkiyədə, həm də regionda yeni mübahisələr doğura bilər.
Kamran Məmmədli bu gedişatın Türkiyə üçün həm təhlükə, həm də fürsət olduğunu düşünür: “PKK-nın silahı həqiqətən yerə qoyması Türkiyə üçün tarixi şans ola bilər. Bu, həm daxili sabitliyi möhkəmləndirər, həm də regionda Ankara üçün yeni oyun sahəsi aça bilər. Amma unutmamalıyıq ki, proses uğursuz olarsa, bu dəfə terror başqa formada, yəni siyasi arenada geri qayıda bilər. Bu balansı qorumaq çox çətindir.
Veysi Aktaşın azad edilməsi, görünür, yalnız başlanğıcdır. Qarşıdakı aylarda Abdullah Öcalanın azadlıq məsələsi həll olunacaq. Bu isə sadəcə bir məhbusun həbsdən çıxması məsələsi deyil - Türkiyənin gələcəkdə kürd problemini necə həll edəcəyinin, dövlət kimliyini və təhlükəsizlik strategiyasını necə formalaşdıracağının göstəricisi olacaq".
Telegram kanalımız