AZ

Elm və Təhsil Nazirliyinin agentliyinin gəlirləri kəskin düşüb – Ötən il zərər edib

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, 2024-cü ildə TKTA-nın əsas əməliyyat gəlirləri 1.245 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 23.4% və ya 0.381 milyon manat azalma deməkdir. Satışın maya dəyəri üzrə xərclər isə 1.491 milyon manat olub – bu göstərici əvvəlki ildə 1.296 milyon manat idi. Beləliklə, ümumi zərəri 246 min manat təşkil edib. Halbuki, 2023-cü ildə Agentlik 330 min manatlıq ümumi mənfəət əldə etmişdi.

2023-cü ildə 302 min manat əməliyyat mənfəət qeydə alınmışdısa, 2024-cü ildə bu göstərici 178 min manatlıq zərərə çevrilib. Eyni tendensiya xalis mənfəətdə də müşahidə olunur: 2023-cü ildə 302 min manat xalis mənfəət əldə olunmuş, 2024-cü ildə isə 178 min manat xalis zərər qeydə alınmışdır.

Agentliyin aktivləri kəskin şəkildə azalıb. 2023-cü ilin sonunda ümumi aktivlər 6.127 milyon manat təşkil etdiyi halda, 2024-cü ilin sonunda bu göstərici 1.856 milyon manata düşüb. Bu, aktivlərdə 69.7% və ya 4.271 milyon manatlıq azalma deməkdir. Xüsusilə pul vəsaitləri və onların ekvivalentləri üzrə azalma var: bu göstərici 2023-cü ildə 5.955 milyon manat olduğu halda, 2024-cü ildə 1.662 milyon manata düşüb.

2023-cü ildə ümumi kapital 709 min manat olduğu halda, 2024-cü ilin sonunda bu göstərici 531 min manata qədər azalıb. Bununla yanaşı, Agentlik ilk dəfə olaraq 938 min manatlıq uzunmüddətli öhdəliklərə sahib olub.

Qısamüddətli öhdəliklər isə 2023-cü ildə 5.417 milyon manatdan 387 min manata düşüb. Bu da 92.9%-lik azalma deməkdir.

Pul vəsaitlərinin hərəkətinə nəzər saldıqda isə əməliyyat fəaliyyətindən yaranan xalis pul axını mənfi 4.236 milyon manat təşkil edib. Bu, ötən ilin analoji göstəricisindən (mənfi 5.280 milyon manat) nisbətən yaxşı olsa da, Agentliyin əməliyyat fəaliyyətindən pul axınının hələ də mənfi olduğunu göstərir. İl ərzində ümumilikdə pul vəsaitləri və onların ekvivalentlərində 4.293 milyon manat azalma baş verib.

Xatırladaq ki, TKTA ölkə prezidentinin 29 dekabr 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.

Seçilən
20
banker.az

1Mənbələr