AZ

İnternetin sürət probleminin günahkarı tikinti şirkətləri imiş...


Nadim Əliyev: “MTK-lar daha çox şəxsi münasibətlərə üstünlük verir və bundan əziyyət çəkən sakinlər olur”

"Bəzi tikinti şirkətləri provayderlər üçün texniki məhdudiyyət yaradır". Bu, Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş zamanı bildirilib.

Qeyd edilib ki, yeni tikilən binalarda, xüsusilə ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyət yaradır və 100 Mbit/s üzərində sürətlərin təmin olunmasına imkan vermir. Halbuki, 300, 500 və ya 1000 Mbit/s kimi yüksək sürətlər üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.

Bu səbəbdən Agentlik provayderlərə və vətəndaşlara müraciət edərək, mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb. Bildirilib ki, istehlakçıların yüksəksürətli internet xidmətlərindən istifadə edə bilməsi üçün şəbəkənin fiziki infrastrukturu əsas şərtdir.

“Sakin internetin sürətindən narazı olduğu üçün başqa bir provayderə qoşulmaq istəyəndə ona “olmaz” cavabı verilir, səbəb kimi…”

Mövzu ilə bağlı fikir bildirən İKT eksperti Nadim Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sakinlərin internetlə bağlı narazılığı həm MTK, həm də provayderlərin günahı üzündəndir: “Məlumdur ki, MTK-ların provayderlərə fərqli yanaşmaları var. Belə ki, MTK-lar daha çox şəxsi münasibətlərə üstünlük verir və bundan əziyyət çəkən sakinlər olur. Yaxşı olar ki, MTK-lar binada internet təchizatını bir neçə provayderə həvalə etsin və sakinin büdcəsinə uyğun seçim imkanı olsun. Məlumdur ki, bu gün yenitikili binalarda əsasən bir provayder olur, başqa bir provayderə icazə olmur. Sakin internetin sürətindən narazı olduğu üçün başqa bir provayderə qoşulmaq istəyəndə ona “olmaz” cavabı verilir. Səbəb kimi binada yalnız bir provayderin olduğu deyilir. Bu isə düzgün deyil”.

Ekspert hesab edir ki, MTK-larla bağlı qayda dəyişməlidir: “Tikinti şirkəti ancaq bina tikməlidir. Bu fəaliyyət normaldır, çünki ölkədə həm ev problemini həll edirlər, həm də köhnə binaları yeniləyirlər. Bu, dövlətə bir dayaqdır. Amma satış mexanizmi onlardan alınmalıdır. İşi hansısa rəsmi dövlət qurumu aparmalıdır ki, həm satılan ümumi sahə, kvadratmetrlər düz olsun, həm də mənzilə aid kommunal problem olmasın, internet kimi”.

Günel CƏLİLOVA

Seçilən
1
baki-xeber.com

1Mənbələr