Diyetoloq Culiya Farre, dadlı və yetişmiş qarpız seçmək istəyənlər üçün 5 sadə, amma effektiv tövsiyə paylaşıb.
E-saglam.az xəbər verir ki, o, Vanitatis-ə verdiyi açıqlamada düzgün qarpız seçiminin sirrlərini bölüşüb.
1. Qabığındakı ləkəyə baxın
Farre-nin sözlərinə görə, yaxşı qarpızın qabığında böyük və sarımtıl ləkə olmalıdır. Bu, onun günəş altında kifayət qədər yetişdiyinin əlamətidir. Ağ və ya çox solğun ləkə isə hələ tam yetişmədiyini göstərir.
2. Döyərək yoxlayın
Qarpızı almadan əvvəl yüngülcə döyün. Əgər küt və dərin bir səs eşidirsinizsə, bu onun yetişmiş olduğunu göstərir. Əks halda, səs cingiltidirsə, meyvə hələ yetkin deyil.
3. Sapına diqqət yetirin
Qarpızın sapı quru və bir az burulmuş olmalıdır. Yaşıl və təzə sap, meyvənin vaxtından əvvəl dərildiyini göstərə bilər.
4. Forması sferik olsun
Mütəxəssis bildirir ki, mümkün qədər yuvarlaq və bərabər formalı qarpızlar daha şirin olur. Uzunsov və qeyri-müntəzəm formalı qarpızlar isə adətən az ləzzətli olur.
5. Ağırlığına baxın
Eyni ölçülü digər qarpızlarla müqayisədə daha ağır olanı seçin. Bu, meyvənin su və şirinliklə dolu olduğunun göstəricisidir.
Bu qaydalara əməl edərək yay aylarında daha şirin, sulu və ləzzətli qarpız seçmək mümkündür.
Tərcümə: Könül Oruc
E-saglam.az