AZ

Qəhrəmanlıq dastanı

 

Qəfil qapımızı döyən

üzücü xəbər həmişə bizi kədərləndirir. Azərbaycanın Milli Qəhrəmanı Natiq

Qasımovun anası Dursun Qasımova dünyasını dəyişib. Dursun xanım Gəncə şəhərindəki

Səbiskar qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunub.

Mərhumla vida mərasimi

keçirilib. Dəfn mərasimində Dursun Qasımovanın doğmaları, əzizləri, şəhid ailələrinin

üzvləri, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, qazilər iştirak ediblər.

Ömrünün 83-cü

ilində vəfat edən Dursun xanımın dünyaya gətirdiyi və tərbiyə etdiyi oğlu Natiq

Qasımov Birinci Qarabağ müharibəsində qəhrəmanlıq tariximizə böyük hərflərlə

yazılmış igidlik göstərib. O, 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik

Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevir şəhərinə köçüb.

Buna görə də Natiq orta təhsilini bu şəhərdə başa vurub. Çağırış yaşı çatanda

yaşıdları ilə bərabər ordu sıralarına yollanıb. Keçmiş ittifaqın Krasnoyarsk

vilayətindəki Daxili Qoşun hissəsində xidmət edib. N.Qasımov 1991-ci ildə əsgəri

borcunu yerinə yetirib doğmalarının yanına qayıdanda Qarabağ uğrunda qanlı döyüşlər

başlamışdı. Sinəsində Vətən üçün döyünən ürək gəzdirən Natiq vaxt itirmədən

könüllü olaraq döyüşlərə yollanmış, Qarabağın azadlığı uğrunda vuruşmağa tələsmişdi.

1992-ci il mart ayının ilk günləri idi. Artıq ermənilər dünyanı sarsıdan

Xocalı soyqırımını törətmiş, onlarca azərbaycanlının qanını tökmüşdülər.

İşğalçılar fevral ayının 25-dən 26-na keçən gecə bu qədim Azərbaycan şəhərinə

hücum edərək günahsız, silahsız sakinləri qarlı meşələrdə, dağlarda

amansızcasına qətlə yetirmişdilər. Min illərin tarixinə şahidlik edən Xocalını

odlara qalamış, viran qoymuşdular. Xalqımızı sarsıdan Xocalı faciəsindən sonra

ürəyi qisas və intiqam hissi ilə döyünən zabitlər, əsgərlər silahı yerə

qoymamışdılar. İndi onlar Xocalıda amansızcasına öldürülmüş şəhidlərin intiqamını

almaq istəyirdilər.

Natiqgilin bölüyü Xocalı rayonunun Pirlər kəndi istiqamətində döyüşürdü.

O, yeddi əsgər yoldaşı ilə Alban kilsəsinin yerləşdiyi əlverişli yüksəklik

uğrunda ölüm-dirim savaşına qalxmışdı. Gərgin döyüşdən sonra onun əsgər

yoldaşlarının altısı da şəhid olmuşdu. Sağ qalan yeganə əsgər Natiq Qasımov

düşməndən qorxub geri çəkilməmişdi. Əlverişli mövqedə yerləşən Alban məbədini

özünə səngər seçərək erməni işğalçıları ilə döyüşünü davam etdirmişdi. Natiq

harada döyüşürmüşsə, üçrəngli Azərbaycan bayrağını da özü ilə aparıb mövqedəki

uca zirvədən asırmış. Bayraq yenə də erməni işğalçıları ilə təkbaşına döyüşən cəsur

əsgərin başının üzərində dalğalanırmış. Ürəyi, qəlbi Vətən eşqi ilə döyünən cəsur

əsgər 5 gün gecə-gündüz vuruşaraq düşmənləri abidəyə yaxın buraxmayıb. Ermənilər

kilsədə xeyli döyüşçünün olduğunu zənn edirdilər. Sonda onlarla

bacarmayacaqlarını, itki verəcəklərini görən daşnaklar hiyləyə əl atıblar.

Əsirlərindən birini kilsənin içində döyüşənlərin yanına göndərib təslim

olmayacaqları təqdirdə Xocalıdan olan 22 nəfər qadın və uşaqları güllələyəcəklərini

bildiriblər. Başqa yolun qalmadığını görən, Xocalı sakinlərinin güllələnməsinə

razı olmayan Natiq mart ayının 12-də kilsənin üzərindəki Azərbaycan bayrağını

da özü ilə götürərək ermənilərə təslim olmuşdu. Kilsədə onlara qarşı yalnız bir

əsgərin döyüşdüyünü görəndə ermənilər bu qəhrəmanlıq qarşısında heyrətə gəlmişdilər.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə ərazi

bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını

yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə, Natiq Səlim oğlu Qasımova

ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

 

"Azərbaycan"

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr