Son aylarda Gürcüstan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər gərginləşib. Bu, tərəflər arasında uzun müddət davam edən strateji tərəfdaşlıq kursunun ciddi sınaq qarşısında qaldığını göstərir. Aİ-nin Gürcüstanı SWIFT maliyyə sistemindən ayırmaq və vizasız rejimi dayandırmaqla hədələməsi Brüsselin Tbilisiyə qarşı sərt xəbərdarlıqlara keçdiyini göstərir. Bu dəyişiklik Gürcüstanın siyasi kursu, xüsusən də “xarici agentlər haqqında” qanunun qəbulu ilə bağlıdır.
Avropa Parlamentinin 2025-ci il iyulun 19-da yaydığı bəyanatda isə Gürcüstan hökumətindən “avtoritar meyllərdən əl çəkməsi”, müstəqil məhkəmə sistemi və ədalətli seçkilərin təmin olunması tələb olunub. Bu, sadəcə tövsiyə deyil, həm də Gürcüstanın Aİ-yə inteqrasiya yolunda irəliləməsinin əsas şərti kimi təqdim olunub. Brüssel açıq şəkildə bildirib ki, əgər bu tələblər yerinə yetirilməzsə, ölkə Aİ-yə üzv ola bilməz.
Yada salaq ki, Gürcüstanla Qərb arasında münasibətlərin pisləşməsində bu ölkənin daxili siyasi vəziyyətinin təsiri olub. Xüsusilə 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində Qərbyönlü müxalifət gözlədiyi nəticəni əldə edə bilmədi. Müxalifətin seçkilərdə uğursuzluğu Aİ-nin bəzi dairələrində narazılıqla qarşılandı. Müxalif qüvvələr əsas siyasi fəaliyyətlərini seçki kampaniyasından küçə etirazlarına yönəltdilər. Etirazlar təkcə daxili narazılığın ifadəsi deyil, həm də xarici dəstəkçilərin təsiri ilə formalaşan koordinasiyalı siyasi təzyiq vasitəsinə çevrildi. Bu mərhələdə bir sıra qeyri-hökumət təşkilatları və xaricdən maliyyələşən qurumlar etirazların təşkilində və genişlənməsində mühüm rol oynadılar.
Etiraz aksiyaları 2024-cü il noyabrın 28-də daha geniş vüsət aldı. Bu dəfə narazılığın əsas səbəbi hökumətin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salması qərarı oldu. Hökumət isə kütləvi etiraz aksiyalarına qarşı sərt, lakin qanunvericilik çərçivəsində tədbirlər həyata keçirdi. İqtidarın bu məsələdə mövqeyi qanuna əsaslanırdı. Yəni zorakılığa əl atan və ictimai asayişi pozan şəxslər qanun qarşısında cavab verməlidirlər.
Brüssel isə hadisələrə fərqli prizmadan yanaşdı. Belə ki, Aİ etirazların sərt şəkildə yatırılmasına cavab olaraq Gürcüstan hökumətinə yeni tələblər irəli sürdü. Onların arasında təxribatlarda ittiham olunan şəxslərin azadlığa buraxılması və beynəlxalq müşahidə altında yeni parlament seçkilərinin keçirilməsi də vardı. Bu isə Gürcüstanda və bəzi beynəlxalq dairələrdə Aİ-nin ölkənin daxili siyasi həyatına müdaxiləsi kimi qiymətləndirildi. Mövcud situasiya bir tərəfdən Gürcüstan hakimiyyətinin hüquqi suverenliyini qoruma cəhdlərini, digər tərəfdən isə Aİ-nin demokratik dəyərlər və siyasi proseslər üzərində təsir imkanlarını açıq şəkildə üz-üzə qoydu. Bu ziddiyyət, Gürcüstanın Aİ-yə inteqrasiya perspektivlərini daha da mürəkkəbləşdirdi.
Daxili siyasi böhranın digər mühüm elementi isə 2024-cü ilin dekabrında səlahiyyət müddəti başa çatmış keçmiş prezident Salome Zurabişvili ilə bağlıdır. Zurabişvili hələ də özünü “qanuni prezident” kimi təqdim edir və xaricdən, xüsusilə Paris və Brüsseldən aldığı siyasi dəstəyə arxalanaraq hazırkı prezident Mixail Kavelaşviliyə qarşı təzyiq yaratmağa çalışır. Onun ritorikası və siyasi aktivliyi Gürcüstanda legitimlik və səlahiyyət məsələləri ilə bağlı əlavə narahatlıq yaradır.
Onu da qeyd etmək lazımdır ki, 2025-ci ilin oktyabrında keçiriləcək yerli bələdiyyə seçkiləri Gürcüstanın gələcək siyasi trayektoriyası üçün həlledici məqam olacaq. Hazırkı vəziyyətdə Qərbyönlü müxalifətin ictimai dəstəyi zəifdir. Buna baxmayaraq, seçkilər ətrafında süni gərginlik yaradılması ehtimalı yüksəkdir. Hazırkı prezident Mixail Kavelaşvili isə belə bir şəraitdə sabitliyin və siyasi dialoqun qorunmasının vacibliyini vurğulayıb. O, Gürcüstan Konstitusiyasına uyğun olaraq oktyabrda keçiriləcək yerli seçkilərdə vətəndaşların seçki hüququnun tam şəkildə təmin ediləcəyini bildirib və prezident institutunun bu prosesdə müşahidəçi statusunda qalacağını qeyd edib. Onun fikrincə, ölkənin gələcəyi xarici təsirlərdən deyil, daxili siyasi konsensusa əsaslanmalıdır.
Kavelaşvili müxalifəti də xəbərdarlıq edib. O, müxalifətin xarici havadarlara deyil, öz xalqına siyasi proqram və fəaliyyət layihələri ilə müraciət etməsinin zəruriliyini vurğulayıb. Prezident Gürcüstan vətəndaşlarını ölkədəki proseslərə obyektiv yanaşmağa çağırıb: “Gürcüstan vətəndaşı baş verən hər şeyə obyektiv baxmalıdır. Biz heç kimə ölkədə sabitliyi pozmağa imkan verməyəcəyik”.
Tbilisi şəhərinin meri Kaxa Kaladze isə daha kəskin çıxış edib. O, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskini ölkənin suverenliyinə hörmətsizlikdə və daxili işlərinə müdaxilə etməkdə ittiham edərək, onun ölkədən qovulmasını tələb edib. Kaladze bildirib: “Məndən asılı olsaydı, təbii ki, onu qovardım... nə Aİ səfirinin, nə də heç bir ölkənin səfirinin ölkənin daxili siyasi proseslərinə qarışmağa, cəmiyyətdə qarşıdurmaya və qütbləşməyə rəvac verməyə haqqı yoxdur”. O, bu fikrin şəxsi mövqeyi olduğunu xüsusi olaraq vurğulasa da, səsləndirdiyi ittihamlar Gürcüstan hakimiyyətində səfir Qerçinskiyə qarşı dərin narazılığın olduğunu göstərir. Səfir Pavel Qerçinskinin belə sərt reaksiyaya səbəb olan açıqlamaları isə “İnterpressNews” agentliyinə verdiyi qərəzli müsahibədə yer alıb. Bu bəyanat Tbilisidə ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirildi. Hazırkı vəziyyət Gürcüstan–Aİ münasibətlərinin daha da gərginləşdiyini və tərəflər arasında etimad böhranının dərinləşdiyini göstərir. Diplomatik ritorikadakı sərtlik, artıq sadəcə prinsipial fikir ayrılığından deyil, tərəflərarası strateji qarşıdurmadan xəbər verir. Avqustun sonuna qədər Avropa Komissiyasının irəli sürdüyü tövsiyələrin yerinə yetirilməsi isə Gürcüstan üçün sadəcə texniki məsələ deyil, həm də siyasi iradənin sınağıdır.
Onu da qeyd edək ki, hazırkı vəziyyət yalnız Gürcüstanın daxili siyasi gərginliyi deyil, həm də daha geniş geosiyasi qarşıdurmanın bir hissəsidir. Brüsselin Tbilisiyə qarşı münasibətləri Cənubi Qafqazda sabitliyi pozmaq riski yaradır ki, bu da təkcə Gürcüstan üçün deyil, bütövlükdə region üçün təhlükədir. Bu kontekstdə Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmləndirilməsinə strateji önəm verir. Qonşu Gürcüstanda daxili sabitlik və siyasi dayanıqlılığın qorunması Azərbaycanın milli və regional maraqları ilə üst-üstə düşür. Azərbaycan Gürcüstanla tarixi, mədəni və iqtisadi bağları dərin olan strateji tərəfdaş və etibarlı qonşu kimi münasibətləri var. İki ölkə arasında güclü siyasi dialoq, qarşılıqlı etimada əsaslanan münasibətlər və uğurlu enerji-tranzit layihələri onların bir-birinin sabitliyi və rifahına verdiyi önəmi əks etdirir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Bakı–Tbilisi–Qars kimi layihələr yalnız iqtisadi əhəmiyyət daşımır, həm də regionda təhlükəsizliyin və dayanıqlı inkişafın simvoludur.
Azərbaycan qonşu ölkənin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalır və Gürcüstanın suverenliyinə və siyasi seçiminə hörmətlə yanaşır. Lakin Gürcüstanda sabitliyin pozulması və geosiyasi gərginliklərin artması regional əməkdaşlıq təşəbbüslərinə, o cümlədən Orta Dəhliz kimi beynəlxalq əhəmiyyətli layihələrə mənfi təsir göstərə bilər. Bu səbəbdən Bakı sabitliyin qorunmasına dair mövqeyini siyasi və diplomatik səviyyədə açıq şəkildə ifadə edir.
Azərbaycan üçün Gürcüstanda sabitlik təkcə ikitərəfli münasibətlərin davamlılığı deyil, eyni zamanda regionda dinc birgəyaşayış və inteqrasiya proseslərinin əsas təminatçısı kimi dəyərləndirilir. Bu baxımdan, Bakı beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın və Gürcüstanda sabitliyin tərəfdarıdır. İnanırıq ki, oktyabrda keçiriləcək yerli seçkilər də qanun çərçivəsində baş tutacaq, layiq olanlar seçiləcək. Ölkədə yenə də sabitlik hakim olacaq.
Beləliklə, Gürcüstan öz dövlətçilik tarixində həlledici bir mərhələdən keçir. Avropa İttifaqı ilə inteqrasiya uzun illərdir ölkənin xarici siyasətində əsas prioritetlərdən biri kimi müəyyən olunub. Bu inteqrasiya təkcə iqtisadi və institusional faydalar deyil, həm də Gürcüstan cəmiyyətində demokratik dəyərlərin möhkəmlənməsi üçün bir çərçivə rolunu oynayıb. Lakin son illərdə bu prosesin siyasi şərtlərlə və daxili məsələlərə müdaxilə cəhdləri ilə müşayiət olunması ciddi suallar doğurur. Aİ ilə tərəfdaşlığın, bir növ, təzyiq və şantaj vasitəsinə çevrilməsi riski yaranıb.
Bu şəraitdə Gürcüstan rəhbərliyi bir tərəfdən Avropa kursunu davam etdirməyə sadiq olduğunu bəyan edir, digər tərəfdən isə milli maraqları və daxili sabitliyi qorumağa çalışır. Müstəqil siyasi kursun saxlanılması, müxtəlif xarici aktorların təsirinə qarşı balanslı mövqe tutulması, ölkənin strateji gələcəyi baxımından həyati əhəmiyyət daşıyır.
Pünhan ƏFƏNDİYEV
XQ