AZ

Fransanın qətnaməsi – Makronun sarsıntısı

Azərbaycan əleyhinə “səlib yürüşü” davam edir

İyulun 22-də Fransa Milli Assambleyasında “Sağ Respublikaçılar” qrupunun rəhbəri, Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokyenin təşəbbüsü ilə irəli sürülən anti-Azərbaycan qətnamə bir daha göstərdi ki, Parisin Cənubi Qafqaz siyasəti tarixi obyektivlik və beynəlxalq hüquq prinsiplərindən deyil, siyasi təəssübkeşlik və imperiya nostalgiyasından qaynaqlanır. “Ermənistanla strateji tərəfdaşlıq” adı altında təqdim edilən sənəd, əslində, Fransa rəhbərliyinin Ermənistanı özünün “müstəmləkə peyki” kimi görmək istəyi və Azərbaycana qarşı uzunmüddətli qərəzli münasibətinin bariz ifadəsidir.

Qətnamə layihəsində qondarma “Artsax” ifadəsinin açıq şəkildə işlədilməsi, Azərbaycanın suveren ərazisində məhkəmə məsuliyyətinə cəlb olunan şəxslərə “siyasi məhbus” statusunun verilməsi və Bakıya qarşı əsassız ittihamlar bir daha sübut edir ki, söhbət hüquq və ədalətdən deyil, siyasi intriqadan və Makron administrasiyasının iflasa uğramış region siyasətini gizlətmək cəhdindən gedir.

Fransa “Erməni kartı”nı oynayır

Fransanın son illərdə Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının sistemli və mərkəzləşdirilmiş olduğu artıq heç kimə sirr deyil. Bu fəaliyyətin arxasında Yelisey Sarayının birbaşa təlimatlarının dayandığı açıq-aşkar görünür. Loran Vokyenin 2023-cü ildə qondarma rejimin “nümayəndələri” ilə görüşməsi, COP29-a qarşı imza toplaması və nəhayət, erməni icması tərəfindən “Cəsarət” medalı ilə təltif olunması onun bu planın icraçılarından biri olduğunu sübut edir. Ona Valeri Pekress (İl-de-Frans regionunun prezidenti) və An İdalqo (Paris meri) kimi siyasətçilər dəstək verir. Onların səsləndirdiyi bəyanatlar və keçirdikləri aksiya və kampaniyalar eyni mərkəzdən idarə olunan anti-Azərbaycan ritorikasının tərkib hissəsidir.

Qəribədir ki, qətnamədə Azərbaycana qarşı uydurma iddialar yer alır, lakin Qərbi Azərbaycandan qovulan yüz minlərlə soydaşımızın geri qayıtmaq hüququndan bir kəlmə belə bəhs edilmir. Ermənistan “sülhsevər tərəfdaş” kimi təqdim olunur, halbuki, ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh sazişi təklifini ilk edən Azərbaycan olub.

Ermənistan yox, Makron “məğlub olub”

Makronun bu davranışlarının arxasında təkcə siyasi deyil, şəxsi ambisiyalar da dayanır. O, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni həzm edə bilmir. Çünki bu zəfər, dolayısı ilə Fransanın Ermənistanı dəstəkləməklə bağlı bütün planlarını alt-üst edib. Bu səbəbdən də Makron Azərbaycanın qalib lideri Prezident İlham Əliyevə qarşı şəxsi qərəz və qısqanclıq hissini gizlədə bilmir. Onun Ermənistanın deyil, özünün uduzduğunu düşünməsi, əslində, siyasi səmərəsizliyinin etirafıdır.

Azərbaycanın yürüdüyü müstəqil xarici siyasət nəticəsində Fransa regional danışıqlardan kənarda qalıb. Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan görüşü Fransanın iştirakı olmadan reallaşıb və bu fakt Makronu, demək olar, siyasi isteriyaya sürükləyib.

Fransanın neokolonial reallığı və Azərbaycana nifrəti

Dekolonizasiya məsələsində dünya səviyyəsində aparıcı səsə çevrilən Azərbaycan Fransanın rəsmi dairələrində narahatlıq doğurur. Prezident İlham Əliyev beynəlxalq platformalarda bu məsələni ardıcıl şəkildə qaldırmaqla dünya ictimaiyyətinə Fransa müstəmləkəçiliyinin müasir simasını göstərir. Elə bu səbəbdəndir ki, Yeni Kaledoniyada Azərbaycan bayraqları dalğalanır və Fransa tərəfindən müstəmləkə altında saxlanan xalqlar ölkəmizə azadlıq modeli kimi baxırlar.

Bu məsələ artıq Fransanın 2025-ci ilin iyulunda qəbul etdiyi Milli Strateji İcmalda və Sakit Okean üzrə Strategiyasında da etiraf olunur. Azərbaycanın beynəlxalq imicinin güclənməsi, Qoşulmama Hərəkatı çərçivəsində dekolonizasiya prosesində liderliyinin artması Makronun “erməni kartı”na söykənən təcrid olunmuş siyasətini tamamilə iflasa uğradıb.

Makronun vahiməsi – “Respublikaçılar”ın seçki gedişi

Bu qətnamənin təşəbbüskarları yalnız qərəzli siyasi aktorlar deyil, həm də 2027-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi erməni diasporunun səslərini qazanmaq üçün plan quran populistlərdir. Yelisey Sarayının bu təlimatlarının fonunda “Respublikaçılar Partiyası” özünü Makronun erməni strategiyasının siyasi “tender qalibi” kimi təqdim etməyə çalışır. Onların “qələbəsi” yalnız Ermənistanın deyil, Fransa demokratiyasının da məğlubiyyətidir.

Qətnamənin cəfəng iddiaları

Qətnamədə “qeyri-qanuni həbslər” kimi təqdim edilən hallar, əslində, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan məhkəmə sistemində həyata keçirilən tam qanuni və şəffaf proseslərdir. Azərbaycan ərazisində hərbi təcavüz, işgəncə, zorla yoxa çıxarma və digər cinayətlər törətmiş erməni hərbi və siyasi şəxslərin istintaqa cəlb olunması beynəlxalq hüququn tələbidir. Onların hüquqları qorunur, məhkəmə prosesi tam şəffaf şəkildə aparılır. Fransa parlamentinin bu məsələyə müdaxilə cəhdləri isə birbaşa olaraq suveren işlərə qarışmaqdır.

Sonda isə...

Azərbaycan Fransanın bu cür qətnamələrinə cavab verməklə kifayətlənmir – o, dünya miqyasında ədaləti və hüququ müdafiə edən gücə çevrilib. Fransa Azərbaycanın beynəlxalq nüfuzunu azaltmaq əvəzinə, özü dünyada artan tənqidlərlə qarşı-qarşıyadır. Azərbaycanın yürütdüyü dekolonizasiya siyasəti, ədalət çağırışları və sülh təşəbbüsləri Makronun qətnamələrindən qat-qat güclüdür. Azərbaycan artıq təkcə regional deyil, qlobal aktordur. Fransa isə hələ də öz köhnə müstəmləkə xəritələrində itirdiklərini “Artsax” boyası ilə bərpa etmək istəyir.

Bu cəhdlər isə, sadəcə, tarix qarşısında çırpınanların son zəif jestidir.

XQ

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr