“Ənsar Allah” hərəkatı İsraillə əməkdaşlıq edən Amerika ticarət gəmilərinə qarşı hücumlar planlaşdırır...
Poliqon xəbər verir, Yəməndəki husilərin (Ənsar Allah hərəkatı) siyasi bürosunun üzvü Məhəmməd əl-Buhəyti ABŞ-ın İsraillə əməkdaşlıq edən ticarət gəmilərinə qarşı hücumlar ediləcəyini açıqlayıb. O bildirib ki, İsrail limanlarına istiqamətlənən və bu ölkə ilə əlaqədə olan Amerika ticarət gəmiləri hücum hədəfi olacaq.
"Biz Fələstin xalqına dəstək məqsədilə İsraillə əməkdaşlıq edən beynəlxalq şirkətlərə məxsus, o cümlədən amerikalılara məxsus gəmilərə qarşı əməliyyatlarımızı genişləndirməyə məcburuq", – deyə əl-Buhəyti bildirib.
Məhəmməd əl-Buhəyti həmçinin qeyd edib ki, ABŞ-a məxsus gəmilərə edilən hücumlar 2024-cü ilin əvvəlində Yəmənə qarşı həyata keçirilən təcavüzə cavab olaraq həyata keçirilir.
Bundan əvvəl husilərin “Ənsar Allah” hərəkatının mətbuat xidmətinin rəhbər müavini Nasrəddin Amir açıqlamışdı ki, İsrail Yəməndəki mövqelərə qarşı son hücum zamanı misilsiz sayda hərbi təyyarə istifadə edib.
Xatırladaq ki, iyulun 7-də İsrailin müdafiə naziri İsrail Kats Yəməndəki “Ənsar Allah” hərəkatına qarşı “Qara bayraq” adlı yeni hərbi əməliyyatın başladığını elan edib. Əməliyyat çərçivəsində Hodeyda, Əs-Salif və Rəs-İsa limanlarına, Rəs-Katib elektrik stansiyasına və husilər tərəfindən iki il əvvəl ələ keçirilmiş “Galaxy Leader” gəmisinə güclü zərbələr endirilib. İsrail bu gəminin Qırmızı dənizdə terror məqsədilə istifadə edildiyini iddia edir.
Husilər bundan əvvəl də İsrail və ABŞ-ın hücumlarına cavab verəcəklərini bəyan etmişdilər.
Poliqon.info