ABŞ və Avropa İttifaqı arasında yeni ticarət razılaşmasının bazarlarda həzm olunması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı öncəsi gözləmə mövqeyi neft qiymətlərinin enməsinə səbəb olub.
News24.az-ın İnvesting-ə istinadən məlumtlarına görə, Brent markalı neftin fyuçersləri 8 sent və ya 0,11% ucuzlaşaraq 1 barel üçün 69,96 dollara, WTI (Qərbi Texas) markalı neft isə 12 sent və ya 0,2% azalaraq 66,59 dollara ticarət olunub. Halbuki hər iki göstərici əvvəlki sessiyada 2%-dən çox bahalaşaraq Brent üçün 18 iyuldan bəri ən yüksək səviyyəyə çatmışdı.
ABŞ və Aİ arasında razılaşdırılmış yeni ticarət sazişi Aİ-nin əksər idxal məhsullarına tətbiq ediləcək 15%-lik tariflə daha geniş ticarət münaqişəsinin qarşısını alıb. Bu göstərici əvvəlcədən təhdid edilən tarif dərəcələrindən aşağıdır. Bununla belə, analitiklər ehtiyatlı yanaşır. ANZ Bank qeyd edir ki, bu tariflər iqtisadi tənəzzül yaratmasa da, avrozonanın iqtisadi artımını ləngidə bilər.
Razılaşma çərçivəsində Aİ-nin ABŞ-dan 750 milyard dollarlıq enerji alışı və ABŞ-a 600 milyard dollarlıq sərmayə yatırımı kimi iddialı öhdəliklər nəzərdə tutulur. Lakin analitiklər bu rəqəmlərin tam şəkildə gerçəkləşəcəyinə şübhə ilə yanaşırlar.
Eyni zamanda, ABŞ və Çin arasında Stokholmda yenidən başlanan ticarət danışıqları qlobal ticarət gərginliyinin azala biləcəyinə dair ümidlər yaradıb.
İnvestorların diqqəti həmçinin FED-in bu gündən başlayan və faiz dərəcələrinin sabit qalmasının gözlənildiyi toplantısına yönəlib. İnflyasiyadakı yumşalma səbəbindən daha yumşaq – “göyərçin tonlu” – bir mövqe də istisna edilmir.
Geosiyasi fon isə yenidən gərginləşir. ABŞ Prezidenti Donald Tramp Rusiyaya yeni ultimatum verərək Ukraynadakı müharibənin 10-12 gün ərzində dayandırılmasını tələb edib, əks halda yeni sanksiyalarla hədələyib.
Xeyrənsə Piriyeva