Əsrlər, illərboyu həmişə belə olub. Düşmən yurda hücum edəndə torpaq
qeyrəti çəkən oğullar silahlanaraq el-obanın müdafiəsinə qalxıblar. Birinci
Qarabağ müharibəsi başlayanda da yurd təəssübü çəkən gənclərimiz silaha
sarıldılar.
Erməni qəsbkarları xaricdəki havadarlarına arxalanaraq Qarabağın kənd və
qəsəbələrini işğal edəndə Vətəni canından çox sevən ogullar kimsədən çağırış
gözləmədən könüllü olaraq cəbhəyə yollandılar. Yurdumuzun azadlığı uğrunda gedən
döyüşlərdə böyük cəsarətlə vuruşdular, yaddaşlara əbədi olaraq yazılmış igidlik
və qəhrəmanlıq göstərdilər.
Təəssüf ki, cəbhədən geri qayıtmayanlar da oldu. Onlar torpaqlarımızın
müdafiəsi uğrunda gedən döyüşlərdə canlarından keçdilər, Vətənə oğul oldular.
Belə torpaq qeyrəti, yurd təəssübü çəkən oğullarımızdan biri də Kamil Mirsadıq
oğlu Sabitov idi. Kamil Qarabağ uğrunda müharibə başlayan kimi erməni qəsbkarlarının
hücumlarının qarşısını almaq üçün döyüşlərə yollanmışdı. İlk günlərdən
başlayaraq erməni qəsbkarları ilə vuruşmuşdu. Döyüşlər zamanı silahının hədəfinə
tuş gələn neçə-neçə düşməni məhv etmişdi. Komandirlərin verdiyi bütün
tapşırıqların öhdəsindən bacarıqla gəlmişdi. Təəssüf ki, Kamil Sabitov 1992-ci
il mart ayının 12-də Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid oldu.
Doğmalarının, yaxınlarının iştirakı ilə göz yaşı içində Yevlax rayonundakı Şəhidlər
xiyabanında torpağa tapşırıldı.
Onu döyüşlərə Vətən sevgisi apardı
Şəhid Kamil Sabitov 1961-ci ildə Yevlax rayonunda dünyaya göz açmışdı. Gələcəyin
igid döyüşçüsü böyüklə böyük, kiçiklə kiçik idi. Ən başlıcası isə Kamil vətənpərvər
oğlan idi. Qoynunda dünyaya göz açdığı torpağı, el-obanı böyük məhəbbətlə
sevirdi. Elə torpaqlarımızın müdafiəsinə də Kamili ürəyində, qəlbində çağlayan
Vətən sevgisi apardı.
Qarabağda atəş səsləri eşidiləndə, erməni separatizminin qan qoxuyan
işğal planları işə düşəndə Kamil vaxt itirmədən Qarabağ uğrunda döyüşlərə
yollandı. Dörd ilə yaxın vuruşdu. Bir addım da olsun dayandığı mövqedən geri çəkilmədi.
Onun şərəf dolu döyüş yolu Ağdərədən, Şuşadan, Ağdamdan və Tərtərin cəbhə xəttində
yerləşən yaşayış məntəqələrindən keçdi. Gərgin əməliyyatların birində Kamil sol
böyründən yaralandı. Güllə dəyən yerdən axan qan dayanmaq bilmirdi. Həyatı təhlükədə
idi, bu vəziyyətdə uzun müddət qala bilməzdi. Əsgər yoldaşları böyük çətinliklə
də olsa, onu döyüş meydanından arxaya, təhlükəsiz əraziyə çıxara bildilər.
İlkin tibbi yardımdan sonra vaxt itirmədən cəsur döyüşçünü müalicə olunmaq üçün
qoynunda dünyaya göz açdığı Yevlax rayonuna göndərdilər. Kamil Sabitov
rayondakı mərkəzi xəstəxanın Urologiya şöbəsində müalicə olunmağa başladı. Günlər
bir-bir ötüb arxada qaldıqca vəziyyəti
düzəlir, ağrıları azalır, yarası sağalırdı. Müalicənin müsbət təsiri özünü göstərirdi.
Ağrıları azaldıqca, özünü yaxşı hiss etdikcə Qarabağa, döyüşçü
yoldaşlarının yanına qayıtmağa tələsirdi. Çünki həm döyüşlərdən, həm də zabit və
əsgər yoldaşlarından nigaran qalmışdı.
Yaraları tam sağalmamış Vətənin yarasını sağaltmağa qayıtdı
Kamilin yenidən Qarabağa, döyüşə qayıtmağa hazırlaşdığını eşidəndə
bacısı Rəfayət və anası Ayna xanım rahatsız oldular. Onu bu istəyindən döndərməyə
çalışdılar. Bacısı onu uşaq kimi dilə tutub soruşdu: "Qardaş, hələ heç
yaraların sağalmamış niyə döyüşə getməyə tələsirsən? Nə olub, nə qaçhaqaçdı,
hara tələsirsən? Bu vəziyyətdə sən necə döyüşəcəksən, düşmən üzərinə necə
hücuma keçəcəksən? Qoy yaraların tam sağalsın, xəstəxanadan çıx gəl evimizə.
Bir az da sənə qulluq edək özünə gəl, sonra cəbhəyə gedərsən".
Bacısından gözləmədiyi bu sözləri eşidəndən sonra Kamil bir anlıq fikrə
getdi, sonra astaca dedi: "Bacı, sən nə danışırsan! Mən başladığım döyüşü
necə yarımçıq qoya bilərəm? Bu, mümkün olan iş deyil. Bilirsən ki, mən fikrindən
dönən adamlardan deyiləm. Əgər bu yolu seçmişəmsə, onu axıra qədər davam etdirəcəm.
Son damla qanım qalana qədər vuruşacam, Qarabağı erməni işğalçılarından müdafiə
edənlərin sırasında olacam. Sizin başınızı həmişə uca edəcəm. Mənim qəhrəmanlığımla,
igidliyimlə həmişə qürur duyub, fəxr edəcəksiniz. Amalım, məqsədim Qarabağı erməni
işğalçılarından müdafiə etməkdir. Buna görə də döyüşümü yarımçıq qoya bilmərəm.
Axı bilirsən ki, müqəddəs kitabımız olan "Quran"a and içmişəm. And
içmişəm ki, müharibə başa çatana qədər erməni işğalçılarına qarşı vuruşacam,
yurdumuzu yağılardan qoruyacam. İndi sən də deyirsən ki, Qarabağa getmə,
vuruşma. Heç ilk addımlarını atdığın belə bir müqəddəs yoldan geri dönmək olar?
Bilirəm ki, bu yolda ölüm-itim, şəhidlik var. Amma bu, məni qorxutmur. Mən mütləq
getməliyəm, bilirəm ki, döyüşçü yoldaşlarım da yolumu gözləyirlər. Sən də anama
təskinlik ver, ona həyan ol, qulluğunda dayan. Biz mütləq erməni işğalçılarına
qalib gələrək günlərin birində xalqımızın yanına zəfərlə, alnıaçıq, başıuca
qayıdacağıq".
Niyyəti çin oldu
Kamil dediyini etdi. Yarası bir az sağalandan, ağrıları azalandan sonra
yaxınları ilə sağollaşıb Qarabağa - erməni işğalçıları ilə yarımçıq qalmış
döyüşlərini davam etdirməyə yollandı. Ayrılarkən doğmalarına tezliklə
qayıdacağını bildirdi. Təəssüflər olsun ki, bu, onun yaxınları, əzizləri ilə
son görüşü oldu. 12 mart 1992-ci ildə evlərinin qapısını Kamilin şəhid olduğu xəbər
döydü. Bu acı xəbər onu sevənlərin ürəklərini dağladı, qəlblərini
yandırıb-yaxdı. Doğmaları acı göz yaşları axıtdılar. Cəsur döyüşçü bir zamanlar
dediyi sözü, verdiyi vədi yerinə yetirmişdi. Şərəfli ölümü ilə yaxınlarının,
doğmalarının başını uca etmişdi. Qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalmışdı.
Valideynləri, qardaş-bacıları onun igidliyi və qəhrəmanlığı ilə fəxr edirlər.
Qapılarını ölüm xəbəri döysə də, onun meyitini tapmaq, dəfn etmək mümkün
deyildi. Döyüşçü yoldaşlarının verdikləri məlumatlara görə, Kamilin meyiti düşmənin
nəzarət etdiyi ərazidə qalmışdı. Qardaşları onun nəşini tapmaq üçün cəbhə bölgəsinə
yola düşdülər. Şükür ki, 12 gün davam edən axtarışlar nəticə verdi. Doğmaları
çox ağrılı və üzücü bir mənzərə ilə qarşılaşdılar. Kamilin meyitinin üstündə
açıq-aydın görünən işgəncə izləri var idi. Erməni işğalçıları onu işgəncə verə-verə
öldürmüş və sonra da yandırmışdılar. Bu dəhşətli mənzərə hamını sarsıtdı, ürəklərini
dağladı, qəlblərini göynətdi. Kamil Qarabağın müdafiəsi naminə şirin canından
keçmiş, kişi kimi döyüşmüş, kişi kimi də şəhid olmuşdu. Doğmaları, yaxınları dərin
kədər hissi ilə Kamili Şəhidlər xiyabanında torpağa tapşırdılar.
O, 31 il yaşadı. Bu gün əzizləri onunla fəxr edirlər. Böyüməkdə olan gənc
nəsil də qəhrəmanlığı, igidliyi Kamil kimi cəsur oğullardan öyrənir. Deməli, Kamil əbəs yerə yaşamayıb.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"