AZ

Hədəfimiz AZİ Universiteti brendi ilə lider universitetlərdən birinə çevrilməkdir - Rektorla MÜSAHİBƏ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov AzEdu.az Təhsil Portalına geniş müsahibə verib.

O, bu ilin fevral ayında ayında ADNSU-nun rektoru təyin edilib. 45 yaşlı rektor daha əvvəl 2021-2023-cü illərdə Təhsil İnstitutuna, 2023-2025-ci illərdə isə Sumqayıt Dövlət Universitetinə rəhbərlik edib.

Modern.az bildirir ki, Rüfət Əzizov müsahibədə ADNSU-da təhsilin keyfiyyəti, rəqəmsal transformasiya, beynəlxalq reytinqlər və gələcək hədəflərdən danışıb.

ADNSU-nun yeni idarəetmə strukturu təsdiqlənib

– Rüfət müəllim, təxminən 5 aydır, ADNSU-ya rəhbərlik edirsiniz. Bu müddətdə universitetdə nələri müşahidə etmisiniz? Artıq konkret addım və planlarınız varmı?

– Bəli, qısa vaxt ərzində universitetin daxili sistemini, struktur potesialını, akademik heyətin və tələbələrin ehtiyac və tələblərini öyrənməyə çalışmışıq. Bütün struktur bölmələrin iştirakı ilə “AZİ – 2030” strateji hədəfləri müəyyən olunmuşdur və hazırda hədəflərə uyğun inkişaf planları üzərində işlər aparılmaqdadır. Elmi tədqiqat infrastrukturunun yenilənməsi, elmi fəaliyyətin həcminin və keyfiyyətinin artırılması, təhsil proqramlarının məzmununun sənayenin tələblərinə uyğunlaşdırılması, rəqəmsal və dinamik idarəetmə sisteminin qurulması, əməkdaşların  fəaliyyətinin şəffaf və ədalətli qiymətləndirilməsi meyarlarının hazırlanması prosesi getməkdədir. Beynəlmiləşmə, xarici tələbələrin və müəllimlərin tədrisə cəlb olunması, elmi nəşrlərdə beynəlxalq həmmüəlliflik, instusional, elmi tədqiqat və sənayedən maliyyə gəlirlərinin artırılması kimi planlar hazırlanmaqdadır.   

– ADNSU-da rektor kimi fəaliyyətə başladığınız vaxtdan bəri hansı hədəflərə üstünlük vermisiniz? ADNSU tələbələr üçün daha cəlbedici necə ola bilər?

– Bizim əsas prioritetimiz tədqiqatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və tələbələrin akademik, sosial, peşəkar bacarıqlar baxımından bütünlüklə formalaşmasıdır. Universitetin yeni idarəetmə strukturu təsdiqlənmişdir və  hazırda həmin struktura uyğun funksional şöbələrin yenidən formalaşması prosesi gedir. Strateji inkişaf, akkreditasiya və keyfiyyət təminatı, peşəkar inkişaf, elmi tədqiqatların əlaqələndirilməsi, tədrisin təhlili və  monitorinqi, startap və texnoloji transfer, təhsilalanlar ilə iş, rəqəmsal inkişaf, layihələrin idarəolunması, beynəlxalq reytinqlər ilə iş şöbəsi yeni yaranan şöbələrdəndir. Bu dövrdə  tələbələrin ixtisaslaşmış klublarının işinin dəstəklənməsi, tələbələrin müxtəlif beynəlxalq proqramlarda iştirakı, karyera imkanlarının  dəstəklənməsi, imtahan prosesinin təkmilləşdirilməsi ilə bağlı da ilkin işlər görülmüşdür. Professor-müəllim heyətinin işə qəbul prosesi yenilənmiş, tədqiqatçı və beynəlxalq təcrübəli müəllim vakansiyaları elan olunmuşdur. 2000-ə yaxın namizəd elan olunmuş vakansiyalara müraciət etmişdir, işə qəbul prosesinə sənayedən də mütəxəssislər cəlb olunmuşdur.

– ADNSU tələbələrini digərlərindən fərqləndirən əsas cəhət nədir?

– ADNSU-da təhsil alan tələbələrin ən fərqləndirici xüsusiyyəti onların texniki sahələrdə yüksək fundamental baza biliklərinə sahib olmalarıdır. Müəllimlərimizin tələbkarlığı burada vacib rol oynamaqdadır. Əlavə olaraq, tələbələrimiz ölkə daxilində və xaricdə müxtəlif müsabiqələrə həvəs göstərirlər, təcrübə proqramlarında verilmiş imkanlardan istifadə edirlər. Çalışacayıq, tələbələr üçün universitetdə daha geniş imkanlar yaradaq və onların səslərin daha çox duyaq, ADNSU-nu tələbəyönümlü bir universitetə çevirək.

ADNSU-da yeni ixtisaslar açılacaq

– Təhsil proqramlarımız əmək bazarına cavab verirmi?

– ADNSU-da bildiyiniz kimi SABAH Qrupları, Strasburq Universiteti və Vorvik Universiteti ilə ikili diplom proqramları, beynəxalq FİBA və ASİİN akkreditasiyadan keçmiş proqramlar və eləcə də müxtəlif fakültələrdə sənaye ilə birgə əməkdaşlıq çərçivəsində proqramlar mövcuddur. Bu proqramlar tamamilə sənayenin tələblərini ödəməkdədir. Lakin yenilənməyə ehtiyacı olan proqramlarımız da var. Düşünürəm dərslərin hazırlanmasında yeni ədəbiyyatlardan istifadə, məzmunda rəqəmsal proqram təminatlarının istifadəsi və laboratoriya işlərinə baxışın dəyişməsi əsas ehtiyaclardandır.  Artıq sənayenin ehtiyaclarını ödəməyən dərslər, yeniləri ilə əvəz olunmalıdır. Bunun üçün həm qlobal trendləri nəzərə almalıyıq, həm də sənaye ilə sıx əməkdaşlıq etməliyik.

– Bu il yeni ixtisaslar olacaqmı?

– Bəli, 2025–2026-cı tədris ilindən etibarən ADNSU-da bir sıra yeni və strateji əhəmiyyətə malik ixtisaslar üzrə qəbul həyata keçiriləcək. Bu yeniliklər həm əmək bazarının çağırışlarına cavab vermək, həm də ölkənin iqtisadi və texnoloji inkişafına töhfə vermək məqsədi daşıyır. ADNSU-da ilk dəfə olaraq bakalavr səviyyəsində Data analitikası ixtisası, həmçinin ADNSU-nun magistratura səviyyəsində ilk dəfə Azərbaycan dilində MBA proqramlarında “Əməliyyatların idarə edilməsi”, “İnformasiya texnologiyalarının idarə edilməsi”, “Ümumi idarəetmə”, “Marketinq” və “İnsan resurslarının idarə olunması” ixtisaslaşmaları üzrə qəbul aparılıb.

Bundan əlavə, ADNSU-da ilk dəfə “İnformasiya təhlükəsizliyi” ixtisasının “Kibertəhlükəsizlik” ixtisaslaşması, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisasının “Nəqliyyat logistikası” ixtisaslaşması və “Sənaye mühəndisliyi” ixtisasının “Texnologiyalar və əməliyyatların idarə edilməsi” ixtisaslaşması üzrə qəbul aparılıb.

Bu yeni ixtisaslar tədris planı baxımından beynəlxalq standartlara uyğun qurulub və təcrübəyə əsaslanan öyrənmə modelini özündə birləşdirir. Məqsədimiz tələbələrə yalnız nəzəri baza deyil, eyni zamanda praktik bacarıqlar qazandırmaq və onları qlobal əmək bazarına hazırlamaqdır.

ADNSU-nun gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq

– Universitetin adı 105 ildə bir neçə dəfə dəyişib. Kimisi AZİ deyir, kimisi ADNA, kimisi ADNSU. Siz necə düşünürsünüz, ADNSU adı ilə bağlı rebrendinqə ehtiyac var?

– Doğrudur, ölkədə bəzi universitetlər artıq daha yığcam, yadda qalan və kommunikasiya baxımından daha əlverişli adlarla tanınmağa başlayıb. ADNSU-nun adındakı mürəkkəblik isə ictimaiyyətlə ünsiyyətdə və beynəlxalq tanınmada müəyyən çətinliklər yaradır.

Universitetimizin tarixinə nəzər salsaq, ötən əsrdə “Azərbaycan Sənaye İnstitutu” – Azİİ adı ilə regionda və qlobal miqyasda tanındığını görürük. Azİİ brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir.

Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq. Məqsədimiz universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir. "AZİ Universiteti" adı həm keçmişin mirasını qoruyur, həm də gələcəyin çağırışlarına cavab verən müasir elm və texnologiya mərkəzi obrazı yaradır.

– ADNSU-nun beynəlxalq reytinqlərdə hazırki yeri sizi qane edirmi?

- QS World University Rankings 2026 üzrə 851–900-cü sırada yer almağımız bizim üçün əhəmiyyətli bir uğurdur. Qeyd etmək lazımdır ki, bu nəticə əvvəlki illərlə müqayisədə ciddi bir irəliləyişdir — universitetimiz əvvəlki reytinqdə 1001–1200 aralığında idi. Düşünürəm növbəti illərdə də bu irəliləyiş davam edəcəkdir. Eyni zamanda, universitetimiz QS Stars beynəlxalq audit qiymətləndirməsində mümkün olan ən yüksək nəticə – 5 ulduz alıb. Audit 9 əsas kriteriya üzrə aparılıb və ADNSU bu meyarların 7-də – tədris, akademik inkişaf, infrastruktur, idarəetmə, beynəlxalqlaşma, ətraf mühitə təsir və məzun məşğulluğu – maksimum nəticə göstərib. Bu, universitetin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini təsdiqləyir.

Bundan əlavə, ADNSU Times Higher Education dünya universitetləri reytinqlərində ölkəmizdən təmsil olunan iki universitetdən biridir. Bu reytinq daha çox tədqiqat fəaliyyətini nəzərə almaqdadır.

Ölkədə məşğulluq reytinqinə görə isə dövlət universitetləri arasında 1-ci yerdəyik.

Məqsədimiz ADNSU-nu yalnız reytinq cədvəllərində daha yüksək pillələrə daşımaq deyil, həm də bu reytinqlərin arxasında dayanan keyfiyyət, şəffaflıq, inklüzivlik və davamlılıq dəyərlərini universitet həyatına dərin şəkildə inteqrasiya etməkdir. Qısası, əldə olunan nəticələr mühüm mərhələdir, lakin daha böyük hədəflərimiz var – beynəlxalq arenada daha güclü mövqelər tutmaq, indikatorların hər birində performansı artırmaq və universitetimizi regionda lider tədqiqat və təhsil mərkəzinə çevirmək.

– Bu gün çağımızın ən vacib çağırışı rəqəmsallaşmadır. Rəqəmsal transformasiya ADNSU üçün hansı istiqamətlərdə aparılacaq?

– ADNSU olaraq rəqəmsal transformasiyanı universitetin strateji inkişaf xəritəsinin mərkəzinə yerləşdirmişik. Bu proses təkcə texniki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda idarəetmədən tutmuş tədrisə, tələbə təcrübəsindən tutmuş akademik nəticələrin monitorinqinə qədər bütün sahələri əhatə edir.

Hazırda “Digital Campus” modelinə keçid istiqamətində konkret addımlar atılır. Bu model çərçivəsində universitetin əsas idarəetmə və əməliyyat funksiyalarının rəqəmsallaşdırılması – elektron sənəd dövriyyəsi, kadr və maliyyə əməliyyatlarının avtomatlaşdırılması, məzun izləmə sistemləri, eləcə də tələbə məlumat bazalarının inteqrasiyası həyata keçirilir.

Tədris sahəsində Learning Management System (LMS) platformasının yenilənməsi  üzərində işləyirik. Bu sistem vasitəsilə dərs materialları, qiymətləndirmə, öyrənmə izləmə, geribildirim və tələbə-müəllim arasında əlaqə tam rəqəmsal müstəviyə daşınacaq. Məqsədimiz tədrisi daha çevik, şəffaf və tələbəyönümlü hala gətirməkdir. Distant təhsil ilə bağlı da geniş planlarımız var.

İkili diplom proqamlarının sayı artırılacaq

– İkili diplom proqramları və xaricdə təcrübə imkanları artırılacaqmı?

– Bəli, bu istiqamət ADNSU-nun beynəlmiləlləşmə strategiyasının mərkəzində yer alır. Hazırda universitetimiz Böyük Britaniyanın Vorvik Universiteti ilə “Bərpaolunan enerji mənbələri” üzrə magistratura səviyyəsində, Fransanın Strasburq və Renn universitetləri ilə isə bir neçə ixtisas üzrə Azərbaycan-Fransız Universiteti (UFAZ) çərçivəsində ikili diplom proqramları həyata keçirir. Bu proqramlarda hal-hazırda təxminən 800 tələbə təhsil alır.

Tədris prosesi həm yerli, həm də xarici müəllimlərin iştirakı ilə aparılır. Tələbələrə xarici universitetlərdə yay məktəbləri, elmi laboratoriyalara səfərlər, yerində təcrübə imkanları təqdim olunur. Misal üçün, Vorvik proqramı çərçivəsində tələbələr 4 həftəlik intensiv dərslərlə yanaşı, Birləşmiş Krallıqda real enerji obyektlərində yerində öyrənmə fürsəti əldə edirlər. Proqram bütün logistika və yaşayış xərclərini əhatə etməklə tam dövlət tərəfindən maliyyələşdirilir.

Gələcək planlarımız arasında bu proqramların sayını artırmaq, onların coğrafiyasını genişləndirmək və xüsusilə süni intellekt, kiber təhlükəsizlik, data elmləri, yaşıl texnologiyalar, logistika və sənaye mühəndisliyi kimi gələcək yönümlü sahələri əhatə etmək var. Məqsədimiz təkcə diplom təqdim edən deyil, qlobal əmək bazarına hazır, yüksək kompetensiyalı məzunlar yetişdirən proqramları sistematik şəkildə inkişaf etdirməkdir.

Eyni zamanda, tələbələrin müxtəlif beynəlxalq qrant layihələri çərçivəsində xarici təcrübələrdə iştirakını dəstəkləyirik. Qlobal partnyor şəbəkəmizi genişləndirməklə, tələbələrimizin akademik mobilliyi və iş dünyasına keçidi daha da sürətlənəcək.

– ADNSU-da əcnəbi tələbələrin sayı artacaqmı?

– Bəli, bu sahədə artıq ciddi nəticələr var və artım dinamikası müsbətdir. Son 4 ayda təkcə Orta Asiya ölkələrindən – əsasən Qazaxıstan və Özbəkistandan – 200-ə yaxın magistrant ADNSU-da elmi təcrübə proqramlarında iştirak edib. Bu, universitetimizin regionda artan nüfuzunun və akademik mühitinin göstəricisidir.

Hazırda beynəlxalq tələbələrin cəlbi üzrə marketinq strategiyamız konkret təsir imkanına malik ölkələr, proqramlar və sahələr üzrə hədəflənib. Əsas fokusumuz neft və qaz mühəndisliyi, informasiya texnologiyaları, süni intellekt, sənaye mühəndisliyi və enerji sahələrinə yönəlib. Bu istiqamətlər üzrə təqdim etdiyimiz tədris və tədqiqat imkanları beynəlxalq auditoriya üçün cəlbedici mövqedədir.

Eyni zamanda, beynəlxalq əməkdaşlıq çərçivəsində ikili diplom proqramları, yay və qış məktəbləri, qrant layihələri və müxtəlif mobillik mexanizmləri vasitəsilə xarici tələbələr üçün ADNSU-nu daha əlçatan və rəqabətli etmək istiqamətində addımlar atırıq. Hədəfimiz 2030-cu ilə qədər əcnəbi tələbə  sayını 15% çatdırmaqdır.

Müəllimlərimiz il ərzində 3 milyon manat artıq differensial əmək haqqı alır

– Universitet daxili motivasiya sisteminizdə müəllimin keyfiyyətli dərs keçməsi maaş artımı ilə necə əlaqələndirilir? Yəni yaxşı müəllim daha çox qazanırmı?

– Bəli. Hal-hazırda universitetin 270-ə yaxın akademik heyəti differensial əsasla bonus alır. Bu sistem müəllimlərin tədris yükü, tələbə rəy və nəticələri, dərs keyfiyyətinə dair müşahidələr, elmi nəşrlər və tədqiqat fəaliyyəti, beynəlxalq indeksli jurnallarda dərc olunma və qrant layihələrində iştirakı kimi indikatorlara əsaslanır. Ümumilikdə müəllimlərimiz il ərzində 3 milyon manat artıq differensial əmək haqqı alır. Eyni zamanda, bu sistem şəffaflıq və davamlı monitorinq üzərində qurulub ki, nəticələr obyektiv şəkildə qiymətləndirilsin və keyfiyyətli tədris təşviq olunsun. Professor-müəllim heyətinin nəticə əsaslı mükafatlandırılması davam edəcək və daha da təkmilləşdiriləcəkdir.

– Sonda tələbələrə və gələcəyin mühəndislərinə şəxsi tövsiyəniz nədir?

– Bu gün dünya sürətlə dəyişir — texnologiyalar yenilənir, sənaye ehtiyacları isə daim transformasiyaya uğrayır. Bu dinamikada yalnız bilik kifayət etmir. Gənclərə tövsiyəm odur ki, özlərini yalnız akademik biliklərlə deyil, çevik düşüncə tərzi, tənqidi yanaşma, komanda işi və etik məsuliyyət kimi yumşaq bacarıqlarla da gücləndirsinlər. Milli mənəvi dəyərlərimizi və adət ənənələrimizi isə heç vaxt unutmasınlar.

Yaxşı mütəxəssis olmaq üçün yalnız riyazi və texniki biliklərə deyil, həm də analitik düşüncə, kommunikasiya qabiliyyəti, qərarvermə bacarığı və cəmiyyətə faydalı olma motivasiyasına sahib olmaq vacibdir. Qlobal çağırışlara lokal cavablar verə bilmək, texnologiyaya yön vermək, eyni zamanda insan mərkəzli düşünmək gələcəyin peşəkarı üçün əsas keyfiyyətlərdir.

Gələcəyə investisiya bugünkü vərdişlər və seçimlərlə başlayır. Özünüzü daim inkişaf etdirin, fərqli bilik sahələrinə maraq göstərin və ən əsası, peşənizi mənəvi məsuliyyətlə yerinə yetirin. Texnologiya dəyişə bilər, amma etika və intellektual dürüstlük daim dəyərli qalacaq.

Seçilən
9
2
modern.az

3Mənbələr