AZ

Tailand və Kamboca atəşkəs barədə razılığa gəliblər  

Kamboca və Tailand liderləri  keçən həftə başlayan və son 10 ildə bu ölkələr arasında ən genişmiqyaslı olan döyüşlərə son qoymaq üçün Malayziyada danışıqlar apararaq razılığa gəliblər.

Danışıqlar Putracayda ASEAN regional blokuna sədrlik edən Malayziyanın Baş naziri Ənvər İbrahimin himayəsi altında keçirilib. Bildirilir ki, danışıqlar nəticəsində Kamboca və Tailand hərbi əməliyyatları dayandırmaq və birbaşa təmasları bərpa etmək barədə razılıq əldə ediblər. Ənvər İbrahim Tailand və Kamboca liderləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, "dərhal və qeyd-şərtsiz atəşkəs" iyulun 29-da gecəyarısı qüvvəyə minəcək. "Bu, sondur", - deyə Baş nazir vurğulayıb.

Kambocanın Baş naziri Hun Manet "bu gün çox yaxşı görüş keçirdik və çoxlu ölüm və yaralanmalara, habelə kütləvi köçkünliyə səbəb olan döyüşlərin dərhal dayandırılmasına ümid verən çox yaxşı nəticələr əldə etdik" deyib.

Malayziya danışıqlarından əvvəl Kambocanın səmimiliyinə şübhə ilə yanaşan Tailandın Baş naziri vəzifəsini icra edən Phumtam Veçayaçay Banqkokun "hər iki tərəfin vicdanla həyata keçirəcəyi" atəşkəsə razılaşdığını söyləyib.

Tailand və Kamboca keçən həftə iki ölkənin təxminən 800 kilometrlik ortaq quru sərhədi boyunca Tailanddan atəşə və hava hücumlarına çevrilən döyüşlərdə bir-birlərini günahlandırırdılar. İyulun 24-də başlayan döyüşlər zamanı ən azı 33 əsgər və mülki şəxs həlak olub, minlərlə Tailand və Kamboca vətəndaşı isə didərgin düşüb.

Ənvər İbrahim uzun müddətdir davam edən ərazi mübahisəsinin açıq münaqişəyə çevrilməsindən sonra tezliklə atəşkəs danışıqlarının aparılmasını təklif edib. Çin və ABŞ də problemin həllinə kömək etməyə hazır olduqlarını bildiriblər. ABŞ Prezidenti Donald Tramp həftəsonu hər iki ölkənin liderlərinə zəng edərək, onları fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb və müharibəni dayandırmasalar, onlarla ticarət müqaviləsi bağlamayacağı barədə xəbərdarlıq edib. O, "Truth Social" sosial media hesabında yazıb ki, iki ölkə dərhal görüşməyə, atəşkəs və nəticədə sülh əldə etməyə razılaşıblar.

Bir əsrdən artıqdır ki, Tailand və Kamboca qədim Kxmer Preah Vihear və Ta Moan Thom məbədlərini ehtiva edən ərazilər üzərində mübahisə edirlər. İki ölkə arasındakı sərhəd əsasən Kamboca 19-cu əsrin ikinci yarısında Fransız Hind-Çininin bir hissəsi olduqda müəyyən olunub. 1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi Preah Vihearın Kambocaya aid olduğuna qərar verib, lakin mübahisəli ərazilər yaxınlığında sərhəd toqquşmaları davam edib.

May ayında qısa atışmada Kamboca əsgərinin öldürülməsindən sonra gərginlik artıb. Tailandın kövrək koalisiya hökumətini dağılma həddinə çatdıran diplomatik böhran fonunda hər iki tərəf sərhəddə qoşun yerləşdirməsini gücləndirib. İyulun 24-də başlayan döyüşlər son 10 ildə iki ölkə arasında ən şiddətli toqquşmalara çevrilib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
6
azerbaijan-news.az

1Mənbələr