AZ

Xanım sahibkarın “ALPA”sı 200 min manatlıq səhmdar axtarır

Azərbaycanda sənaye və kommersiya təyinatlı avadanlıqların idxalı, satışı və satış sonrası texniki dəstək xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaş “ALPA” Açıq Səhmdar  Cəmiyyəti 200 min manat cəlb etmək üçün səhmdar axtarır.

Banker.az bunu şirkətin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Bildirilir ki, hər birinin nominal dəyəri 2 500 manat olan 80 ədəd adi adlı sənədsiz səhmlərin buraxılması nəzərdə tutulub. Emitentin anderayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

ALPA ASC sənaye və kommersiya təyinatlı avadanlıqların idxalı, satışı və satış sonrası texniki dəstək xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıb. Şirkət fəaliyyətini əsasən enerji, neft-qaz, infrastruktur, tikinti və ağır sənaye sahələrində çalışan yerli müəssisələrlə əməkdaşlıq formasında həyata keçirir.

“ALPA”nın satdığı avadanlıqlar – kompressorlar, generatorlar, qaynaq aparatları, elektrik alətləri və pnevmatik sistemlər – əsasən Avropa (İtaliya, Almaniya, İsveçrə) və Asiya (Çin, Cənubi Koreya) ölkələrindən birbaşa istehsalçı və ya rəsmi distribyutorlar vasitəsilə idxal edilir. Hal-hazırda idxal olunan məhsulların 60%-i Avropa, 40%-i isə Asiya ölkələri mənbəlidir.

“ALPA” hal-hazırda fəaliyyətini yalnız Azərbaycan daxilində həyata keçirir. İxrac fəaliyyəti yoxdur, lakin perspektivdə region ölkələrinə texniki servis ixracı və təkrar satış modelləri nəzərdən keçirilir. Şirkət idxal məhsulları əsasında daxili bazara xidmət edir.

Şirkətin müştəri bazasına SOCAR-a bağlı şirkətlər, xüsusi tikinti podratçıları, elektrik enerjisi istehsalı və paylanması sahəsində fəaliyyət göstərən qurumlar, eləcə də sənaye istehsalçıları daxildir. Bu sektorlardakı daimi infrastruktur ehtiyacları, dövlət investisiyaları və özəl sektorun inkişafı şirkətin məhsullarına olan tələbatı davamlı edir.

Şirkətin 2022, 2023 və 2024-cü illərdə əldə etdiyi ümumi gəlirlər müvafiq olaraq 119.78min manat, 127.6 min manat və 198.79 min manatdır.

Şirkətin nizamnamə kapitalı 5000 manatdır və2 səhmlərin 100 faizi İsmayılova Sima Şirin qızına məxsudur. O, Azərbaycan Tibb Universitetində pediatr ixtisası üzə ali təhsil alıb. Sima İsmayılova yeni səhmlərin alışında iştirak etməzsə onun şirkətdə payı 2.44%-ə düşəcək.

Şirkətin direktoru isə İsmayılov Arif Xəlil oğludur.

 

Seçilən
3
banker.az

1Mənbələr